Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda “Tərcümə lüğətləri” komissiyası təsis edilib.
Yeni yaradılan komissiyanın sədri professor Nadir Məmmədli, sədr müavini isə filologiya elmləri doktoru Baba Məhərrəmli təyin olunub.
İclasda çıxış edən Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli ölkənin mədəni və elmi inkişaf strategiyasında mühüm yer tutan “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının tarixi əhəmiyyətindən danışıb. Professor bildirib ki, bu konsepsiya çərçivəsində Mədəniyyət Nazirliyi ilə Dilçilik İnstitutunun birgə elmi-tədqiqat layihələrinin hazırlanması və ardıcıl şəkildə həyata keçirilməsi Azərbaycan dilinin zənginləşdirilməsi, beynəlxalq elmi müstəvidə tanıdılması və təbliği baxımından müstəsna əhəmiyyət kəsb edir.
Daha sonra çıxış edən komissiyanın sədr müavini, filologiya elmləri doktoru Baba Məhərrəmli “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının milli-mənəvi dəyərlərin qorunması və dil siyasətinin müasir dövrün çağırışlarına uyğun qurulması baxımından yeni üfüqlər açdığını vurğulayıb. O qeyd edib ki, konsepsiyada nəzərdə tutulan hədəflərin reallaşdırılmasında ikidilli və çoxdilli akademik tərcümə lüğətlərinin hazırlanması xüsusi yer tutur.
İclasın davamında ayrı-ayrı dil ailələri üzrə lüğətçilik işlərinin daha sistemli və peşəkar şəkildə təşkili məqsədilə müvafiq bölmələr yaradılıb. Türk dilləri, Avropa dilləri və Şərq dilləri üzrə ixtisaslaşmış alt komissiyalar formalaşdırılaraq onların qarşısında duran ilkin fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.