Azərbaycançılıq müstəqil Azərbaycan Respublikasının dövlət ideologiyası olmaqla yanaşı, ölkədə yaşayan xalqları vahid vətəndaşlıq və həmrəylik prinsipləri əsasında birləşdirən, milli-mənəvi dəyərlərin qorunmasına və gələcək inkişafın təmin olunmasına xidmət edən fundamental məfkurədir.
Bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Azərbaycançılıq məfkurəsinin formalaşması mərhələləri və müasir dövr” mövzusunda məruzəsi dinlənilib.
Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycançılıq anlayışının ilkin rüşeymləri xalqımızın milli təşəkkülünün formalaşmağa başladığı qədim dövrlərə gedib çıxır. Onun sözlərinə görə, hələ e.ə. Atropatena dövründən etibarən Azərbaycan adının formalaşması prosesi başlanmış, eramızın VII-VIII əsrlərindən etibarən isə bu anlayış daha da yetkinləşmişdir. Şərqşünas alimlərin araşdırmalarında “Azərbaycan” kəlməsinin ərəb mənbələrində VIII əsrdən işlədildiyini, ölkəmizə aid ilk mənbələrdə isə XI əsrdə rast gəlindiyini deyən akademik İsa Həbibbəyli görkəmli Azərbaycan filosofu Əbülhəsən Bəhmənyarın “Azərbaycani” təxəllüsü ilə fəaliyyət göstərməsinin bu baxımdan xüsusi əhəmiyyət daşıdığını söyləyib.
Məruzədə Azərbaycançılıq məfkurəsinin formalaşmasında orta əsrlər ədəbiyyatının müstəsna roluna da diqqət yetirilib. Bildirilib ki, XII əsrdən etibarən Azərbaycan anlayışı, əsasən, ədəbiyyat vasitəsilə inkişaf edərək milli-mənəvi məzmun qazanıb. Qədim və orta əsrlər Azərbaycan poeziyasında geniş yayılmış “Səbki-Azərbaycan” üslubu xalqımıza məxsus ədəbi ənənələri ümumtürk və Şərq-müsəlman poeziyası məkanında fərqləndirərək yüksək sənət səviyyəsinə çatdırıb. Bu ədəbi ənənənin inkişafında Nizami Gəncəvi, Əfzələddin Xaqani Şirvani, Mücərəddin Beyləqani, Qətran Təbrizi, Fələki Şirvani, Seyid Yəhya Bakui, Şeyx Səfiəddin Ərdəbili, Şəms Təbrizi və Əşrəf Marağalı kimi görkəmli sənətkarların mühüm xidmətləri olub. Akademik qeyd edib ki, “Səbki-Azərbaycan” üslubu milli ədəbi ənənənin və Azərbaycançılıq düşüncəsinin ilkin əsaslarının yaranmasında mühüm rol oynayıb.
AMEA prezidentinin sözlərinə görə, XIII-XVI əsrlərdə Azərbaycan dilində yaradılan poeziya nümunələri isə Türk dünyasında milli şeirin mükəmməl örnəkləri kimi qəbul olunub. Bu dövr Azərbaycan ədəbiyyatına İzzəddin Həsənoğlu, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və Şah İsmayıl Xətai kimi qüdrətli sənətkarlar bəxş edib. Eyni zamanda, Nəsirəddin Tusi kimi böyük elm xadimlərinin yetişməsi xalqımızın elmi və intellektual potensialının tarixi dərinliyini nümayiş etdirir.
Məruzədə Azərbaycan ədəbi dilinin XIII əsrdə formalaşması, XVII-XVIII əsrlərdə isə poeziyada xalq şeiri ilə yazılı ədəbiyyat arasındakı fərqin tədricən aradan qalxması xüsusi vurğulanıb. Bu mərhələdə ədəbiyyatda xəlqiləşmə prosesləri güclənib, Molla Pənah Vaqifin yaradıcılığında Azərbaycan təbiətinin, coğrafiyasının və insanlarının dolğun şəkildə əks olunması həmin prosesin parlaq nümunəsi kimi səciyyələndirilib.
Akademik İsa Həbibbəyli Azərbaycançılığın tarixi inkişafında Səfəvilər dövlətinin və Azərbaycan xanlıqları dövrünün də əhəmiyyətini qeyd edib. Bildirilib ki, XVI əsrdə Səfəvilər hakimiyyəti dövründə rəsmi yazışmalarda Azərbaycan dilindən istifadə olunması, Azərbaycan mədəniyyətinin, miniatür sənətinin və aşıq şeirinin inkişafına göstərilən diqqət Azərbaycan anlayışının dövlət tədbirləri miqyasına yüksəlməsinə mühüm zəmin yaradıb. XVIII əsrdə Azərbaycan xanlıqları dövründə isə siyasi parçalanmaya baxmayaraq, ana dilinin mövqeyi genişlənib, xalq ədəbiyyatına və aşıq sənətinə maraq güclənib.
Azərbaycançılıq məfkurəsinin inkişafında XIX əsr və XX əsrin əvvəllərinin xüsusi mərhələ təşkil etdiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli bu dövrdə realist ədəbiyyatın inkişafı, milli mətbuatın meydana gəlməsi və maarifçilik hərəkatının genişlənməsinin Azərbaycan xalqının milli kimliyinin dərk olunmasına, Azərbaycan dili və Azərbaycan xalqı anlayışlarının ictimai fikirdə möhkəmlənməsinə şərait yaratdığını söyləyib. Bu baxımdan Mirzə Fətəli Axundzadənin ədəbi-ictimai və fəlsəfi fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını deyən akademik İsa Həbibbəyli onun dram əsərlərinin, “Kəmalüddövlə məktubları”nın Azərbaycan idealının fəlsəfi və ideoloji əsaslarını ifadə edən mühüm nümunə olduğunu vurğulayıb.
Eyni zamanda diqqətə çatdırılıb ki, 1873-cü ildə milli teatrın, 1875-ci ildə isə Həsən bəy Zərdabinin təşəbbüsü ilə “Əkinçi” qəzetinin fəaliyyətə başlaması milli ideyanın ictimaiyyətə çatdırılması üçün yeni imkanlar yaradıb.
Məruzədə qeyd olunub ki, görkəmli publisist və ictimai xadim Məhəmməd ağa Şahtaxtlı 1882-ci ildə “Qafqaz” qəzetində dərc etdirdiyi “Müsəlmanlarda məktəb həyatı” adlı məqaləsində xalqımızın necə adlandırılması məsələsini gündəmə gətirərək “azərbaycanlı” kəlməsinin elmi-publisistik dövriyyəyə daxil edilməsində mühüm addım atıb. 1891-ci ildə “Kaspi” qəzetində çap olunan “Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı” məqaləsində isə xalqın adı ilə yanaşı, dilimizin adının müəyyənləşdirilməsi məsələsinə də toxunub.
AMEA rəhbəri “Kəşkül” qəzetində “Azərbaycanlı” imzalı müəllifin “Avam gəzmək yuxu yatmaqmı dedin?” məqaləsində “Azərbaycan milləti” ifadəsinin işlədilməsinin milli özünüdərk prosesinin həmin dövrdə yeni mərhələyə yüksəlməsinin əyani göstəricisi olduğunu deyib: “Bu, dövri mətbuatda Azərbaycan milləti ifadəsinin işlədildiyi ilk məqalə kimi də mühüm əhəmiyyətə malikdir. Araşdırmalar göstərir ki, “Azərbaycanlı” gizli imzasından istifadə edən “Kəşkül”ün baş redaktoru Cəlal Ünsizadədir”.
Akademik İsa Həbibbəyli Azərbaycan ideyasının XX əsrin əvvəllərində ədəbi cəhətdən milli ədəbiyyat konsepsiyası səviyyəsinə çatdırıldığını söyləyib. Bildirib ki, Cəlil Məmmədquluzadənin 1917-ci ildə qələmə aldığı “Azərbaycan” məqaləsi milli ideyanın inkişafında müstəsna rol oynayıb: “Bu əsərdə ilk dəfə olaraq Azərbaycan dili və Azərbaycan xalqı məsələləri ilə yanaşı, “Haradır Azərbaycan?” sualına da aydın cavab verilib. Məqalənin Azərbaycan mətbuatı tarixində “Azərbaycan” sözünün sərlövhəyə çıxarıldığı ilk yazı olması onun tarixi əhəmiyyətini daha da artırır. Cəlil Məmmədquluzadə bu məqaləsi ilə Azərbaycan ideyasını yeni mərhələyə yüksəldərək milli kimliyin coğrafi, ictimai və mənəvi sərhədlərini müəyyənləşdirib. Cəlil Məmmədquluzadənin məşhur “Anamın kitabı” dramı isə Azərbaycan idealının manifesti kimi meydana çıxmışdır. “Anamın kitabı” - Azərbaycanın milli istiqlal kitabıdır.
Həmçinin XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadənin rəhbərlik etdiyi “Molla Nəsrəddin” hərəkatının milli istiqlal düşüncəsinin formalaşması və xalqa çatdırılması istiqamətində böyük xidmətlər göstərdiyi bildirilib. Bu dövrdə milli kimlik, ana dili, milli dövlətçilik və istiqlal məsələləri ədəbi-ictimai mühitin başlıca ideya istiqamətlərinə çevrilib.
Məruzədə sovet dövründə Azərbaycançılıq ideyasının vətənpərvərlik düşüncəsi vasitəsilə yaşadılması və inkişaf etdirilməsi məsələsinə də toxunulub. Səməd Vurğunun “Azərbaycan”, Süleyman Rüstəmin “Azərbaycana gəlsin”, Bəxtiyar Vahabzadənin “Ana dili”, Məmməd Arazın “Azərbaycan – dünyam mənim” şeirləri Azərbaycan vətənpərvərliyinin parlaq poetik nümunələri kimi qeyd olunub.
Akademik İsa Həbibbəyli bildirib ki, XX əsrin 70-ci illəri Azərbaycançılığın ədəbiyyat müstəvisindən dövlət ideologiyası səviyyəsinə doğru inkişafında həlledici mərhələ təşkil edir. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan dilinin mövqeyinin möhkəmləndirilməsi və milli özünüdərkin inkişafı istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər bu prosesə mühüm təsir göstərib. Xüsusilə 1978-ci ildə Azərbaycan dilinin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi təsbit olunması həmin tarixi mərhələnin ən mühüm hadisələrindən biri kimi səciyyələndirilib.
Məruzədə vurğulanıb ki, Azərbaycançılığın müstəqillik dövründə dövlət ideologiyası səviyyəsinə yüksəldilməsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindəndir. Dahi lider Heydər Əliyev Azərbaycançılıq məfkurəsini vahid milli ideya kimi formalaşdıraraq ölkəmizdə yaşayan müxtəlif xalqları, dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlıları ümumi amal ətrafında birləşdirib: “Hamımızın bir vətəni var – bu, Azərbaycandır” prinsipi əsasında həyata keçirilən siyasət dünya azərbaycanlılarının milli həmrəyliyinin möhkəmləndirilməsinə xidmət edib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi və Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi ideyasının reallaşdırılması bu siyasətin mühüm nəticələrindəndir”.
Akademik İsa Həbibbəyli Azərbaycançılıq məfkurəsinin müasir mərhələdə inkişafında Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Vurğulanıb ki, dövlət başçısı Azərbaycançılıq məfkurəsini dövlətimizin ideologiyası və xalqın birliyini təmin edən ümummilli dəyər kimi qiymətləndirir, bu prinsiplərin ardıcıl şəkildə həyata keçirilməsini təmin edir.
Məruzədə Prezident İlham Əliyevin 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Xankəndidə Zəfər abidəsi önündə səsləndirdiyi fikirlərə də toxunulub. Dövlət başçısının Azərbaycançılıq məfkurəsini ölkəmizin bütün uğurlarının təməlində dayanan fəlsəfə, xalqı irəli aparan milli ideya kimi səciyyələndirdiyi diqqətə çatdırılıb. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin nümayəndələrinin bir ailə kimi yaşamasını təmin edən əsas amillər vətəndaşlıq, həmrəylik və Azərbaycançılıq məfkurəsidir.
Bu yanaşmanı müstəqil Azərbaycan dövlətinin ümummilli ideologiyasının İlham Əliyev modeli kimi xarakterizə edən akademik İsa Həbibbəyli bildirib ki, Vətən müharibəsində xalqımızın vahid amal ətrafında birləşməsi və tarixi Zəfərin qazanılması Azərbaycançılıq ideyasının cəmiyyətdə birləşdirici gücünü bir daha nümayiş etdirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya azərbaycanlılarının birliyinin və həmrəyliyinin dövlət siyasəti səviyyəsində həyata keçirilməsi də bu məfkurənin müasir dövrdəki əhəmiyyətini artırır.
Məruzənin yekununda akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycançılıq məfkurəsi xalqımızın çoxəsrlik tarixi təcrübəsini, milli kimliyini, ədəbi-mədəni irsini və dövlətçilik ənənələrini özündə birləşdirən, müasir Azərbaycanın inkişaf istiqamətlərini müəyyənləşdirən ümummilli ideya kimi daim yaşayır, zənginləşir və gələcəyə doğru inkişaf edir.
Məruzə dinlənildikdən sonra Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.