Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Qarabağ mədəniyyəti: XIX əsrin sonu – XX əsrin əvvəlləri” adlı monoqrafiya çapdan çıxıb
27.11.2026 13:22
  • A-
  • A
  • A+

“Qarabağ mədəniyyəti: XIX əsrin sonu – XX əsrin əvvəlləri” adlı monoqrafiya çapdan çıxıb

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qarabağ müharibəsi tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Rəna Baxışovanın “Qarabağ mədəniyyəti: XIX əsrin sonu – XX əsrin əvvəlləri” adlı monoqrafiyası işıq üzü görüb.

İnstitutun Elmi şurasının qərarı ilə nəşr olunmuş kitab Azərbaycan tarixşünaslığı və mədəniyyətşünaslığı üçün mühüm elmi hadisədir.

Müəllif XIX əsrin sonu – XX əsrin əvvəllərində Qarabağ bölgəsinin mədəni həyatını dövrün sosial-iqtisadi və siyasi reallıqları fonunda vahid bir sistem kimi təhlil etmişdir. Əsərdə dini (ənənəvi) və dünyəvi (rusdilli) təhsil sistemi, Rusiya imperiyasının müstəmləkəçi təhsil siyasətinin yaratdığı çətinliklərə baxmayaraq milli maarifçilik hərəkatının yüksəlişi, eləcə də pedaqoji-metodik kursların, rusdilli və anadilli məktəblərin fəaliyyəti zəngin faktoloji materiallar əsasında elmi dövriyyəyə gətirilmişdir. Bununla yanaşı, mətbəə işi, dövri mətbuat, kitabxana şəbəkəsi, musiqi, teatr, təsviri və tətbiqi sənət sahələrindəki nailiyyətlərin, həmçinin regiona xas memarlıq üslubları və memarlıq məktəbinin xarakterik xüsusiyyətlərinin dərindən araşdırılması əsərin fundamental elmi dəyərini daha da artırır.

Monoqrafiya Qarabağın Azərbaycanın mədəni, intellektual və mənəvi həyatındakı aparıcı mövqeyini təkzibedilməz tarixi faktlarla bir daha təsdiqləyir. 

Əsər regionun mədəni mühitinin bütöv mənzərəsini yaratmaqla yanaşı, ümumazərbaycan mədəniyyət tarixinin lokallaşdırılmış və dərindən ixtisaslaşdırılmış tədqiqatlarla zənginləşdirilməsinə mühüm töhfə verir.

Tarixi torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri və Böyük Qayıdış prosesi fonunda regionun tarixi-mədəni kimliyinin dərindən öyrənilməsi və təbliği strateji əhəmiyyət daşıyır. Uzun illər erməni vandalizminə və saxtalaşdırma cəhdlərinə məruz qalmış Qarabağ memarlıq irsinin, mədəniyyət ocaqlarının və maarifçilik ənənələrinin elmi əsaslarla sübuta yetirilməsi informasiya müharibəsi və mədəni irsin qorunması baxımından müstəsna rol oynayır.

Monoqrafiya həm tarixçi-tədqiqatçılar, mədəniyyətşünaslar və ali məktəb tələbələri üçün dəyərli elmi mənbə, həm də Qarabağın əzəli Azərbaycan mədəniyyət mərkəzi olduğunu nümayiş etdirən sanballı elmi salnamədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: