AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin noyabr ayında sonuncu nömrəsi çapdan çıxıb.
Qəzetin ön səhifəsində “Azərbaycan-Vyetnam əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur” başlıqlı icmal və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 sentyabr tarixli 374 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının strukturu”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı yer alıb.
Nəşrin səhifələrində “Özbəkistan Ali Məclisi Senatının nümayəndə heyəti AMEA Rəyasət Heyətinin binası ilə tanış olub” sərlövhəli informasiya, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Kembric Universitetinin nəzdindəki Kembric Mərkəzi Asiya Forumunun direktoru professor Siddharth Saxena və Böyük Britaniya Kral Cəmiyyətinin üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Nil Uotson ilə və Çin Xalq Respublikasının Qansu vilayətinin UNESCO Assosiasiyasının prezidenti Du Yonqzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşlərinə dair yazılar təqdim edilib.
Bu sayda Sərdar Berdiməhəmmədovun Türkmənistanın bitərəflik siyasətinə dair kitabının Azərbaycan dilində təqdimatı, Əməkdar elm xadimi, akademik Aslan Aslanovun 100 illik yubileyinə həsr olunan elmi sessiya, “Azərbaycan-İraq türkmənləri arasında tarixi, mədəni və ictimai əlaqələr” mövzusunda beynəlxalq elmi konfrans, akademik Adilə Namazovanın anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans, tanınmış neftçi alim və şair Nazim Aslanın “Bir sevginin taleyi” adlı kitabının təqdimatı haqqında məlumatlar dərc edilib.
Bundan əlavə, nəşrdə “Postmüharibə dövründə azərbaycançılıq məfkurəsinin təkamülü və yeni hədəflər”, “Kəlbəcərin qayaüstü təsvirləri qədim insanların həyatı haqqında mühüm məlumatlar verir” başlıqlı məqalələr, “AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanası zəngin elm və bilik xəzinəsidir” adlı müsahibə, eləcə də yeni nəşrlər və Akademiyanın ictimai həyatını əks etdirən xəbərlər oxucuların diqqətinə çatdırılıb.
Qəzetin rus və ingilis dilli bölmələrində AMEA-da ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və xəbərlər dərc edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.