Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.11.2026 13:24
  • A-
  • A
  • A+

Rahibə Əliyeva: Tarixi abidələrin qorunmasında iqlim və landşaft xüsusiyyətləri nəzərə alınmalıdır

Rahibə Əliyeva: Tarixi abidələrin qorunmasında iqlim və landşaft xüsusiyyətləri nəzərə alınmalıdır

İqlim dəyişiklikləri təkcə təbiətə və insan həyatına deyil, tarixi-mədəni irs nümunələrinin qorunmasına da ciddi təsir göstərir. Temperaturun yüksəlməsi, intensiv yağıntılar, daşqınlar və digər ekstremal hava hadisələri tarixi tikililərin konstruksiyalarında aşınma, çatlama və deformasiyalara səbəb olur. Bu təhlükələr qarşısında dünya ölkələri müasir texnologiyalardan və elmi yanaşmalardan istifadə etməklə mədəni irsin mühafizəsi istiqamətində yeni tədbirlər həyata keçirirlər.

Noyabrın 25-də UNESCO və Avropa İttifaqının Yəməndə iqlim dəyişikliklərinə uyğunlaşma ilə mədəni irsin qorunmasını birləşdirən 10 milyon avro dəyərində yeni proqram elan etməsi də bu istiqamətdə beynəlxalq səylərin aktuallığını göstərir. 30 ay müddətinə nəzərdə tutulan SHAMIL proqramı çərçivəsində Ədən və Hədramaut bölgələrində ənənəvi su idarəetmə sistemlərinin bərpası, daşqınlar və ekstremal hava hadisələri ilə bağlı erkən xəbərdarlıq mexanizmlərinin yaradılması planlaşdırılır. Təşəbbüsün əsas istiqamətlərindən biri də Ədəndəki tarixi Təvila su anbarlarının bərpasıdır.

Bu təşəbbüs iqlim risklərinin mədəni irsin qorunması strategiyalarına inteqrasiyasının beynəlxalq səviyyədə aktuallaşdığını göstərir. Azərbaycan üçün də bu məsələ xüsusi əhəmiyyət daşıyır. Ölkənin müxtəlif bölgələrində fərqli iqlim və landşaft şəraitində yerləşən tarix-mədəniyyət abidələrinin mühafizəsi hər bir ərazinin xüsusiyyətlərinə uyğun elmi yanaşma tələb edir. UNESCO-nun məlumatına görə, dünyadakı mədəni irs obyektlərinin təxminən altıda biri iqlim dəyişikliklərinin yaratdığı təhlükələrlə üz-üzədir. Bu isə tarixi abidələrin qorunmasında ənənəvi bərpa üsulları ilə yanaşı, müasir elmi və texnoloji vasitələrin tətbiqini də zəruri edir.

Mövzu ilə bağlı açıqlamasında AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Rahibə Əliyeva bildirib ki, iqlim dəyişiklikləri tarixi tikililərin fiziki vəziyyətinə birbaşa təsir göstərir. Onun sözlərinə görə, intensiv yağıntılar nəticəsində abidələrin konstruksiyalarında nəmlənmə, çatlar və digər zədələnmələr yaranır.

“Güclü yağışlar nəticəsində abidələrin konstruksiyalarında bitkilər, ağaclar və kollar inkişaf edə, divarlarda nəmlənmə və çatlar əmələ gələ bilər. Bünövrədə suyun toplanması isə tikilinin deformasiyasına, əyilməsinə, aşınmasına, hətta uçmasına gətirib çıxarır”, – deyə mütəxəssis vurğulayıb.

R.Əliyeva temperaturun yüksəlməsi və günəş şüalarının təsirinin güclənməsinin də tarixi tikililərə mənfi təsir göstərdiyini bildirib. Qeyd edib ki, abidələr inşa edildikləri dövrün iqlim şəraitinə uyğun layihələndirildiyindən, sonradan baş verən dəyişikliklər onların konstruksiyalarında əlavə zədələnmələr yaradır.

Mütəxəssis abidələrin vəziyyətinin qiymətləndirilməsində müasir texnologiyaların, xüsusilə üçölçülü (3D) modelləşdirmənin əhəmiyyətini vurğulayıb. Bu texnologiyalar tikililərin mövcud vəziyyətini dəqiq təhlil etməyə, qorunma zonalarını müəyyənləşdirməyə, bərpa prosesini sürətləndirməyə və uyğun material seçməyə imkan verir.

Bu baxımdan Naxçıvandakı Möminə xatın türbəsində aparılan bərpa işlərini nümunə göstərən Rahibə Əliyeva bildirib ki, abidənin əyilmiş hissəsinin düzəldilməsi zamanı bünövrədə suyun toplanmasının qarşısını almaq üçün drenaj sistemi tətbiq olunur. Bu, nəmin uzaqlaşdırılmasına və tikilinin konstruktiv dayanıqlığının təmin edilməsinə xidmət edir.

Azərbaycanın iqlim və landşaft xüsusiyyətlərinin bərpa prosesində nəzərə alınmasının vacibliyinə toxunan müsahibimiz bildirib ki, bu amillər ilkin layihələndirmə mərhələsindən etibarən diqqətdə saxlanılmalıdır. O, XIX əsrin sonu və XX əsrin əvvəllərində Bakıda fəaliyyət göstərmiş avropalı memarların təcrübəsini buna uğurlu nümunə hesab edir.

“Avropalı memarlar Bakıda tikililər layihələndirərkən Avropa memarlıq üslubunu yerli memarlıq elementləri ilə uzlaşdırır, Abşeronun isti iqlimini, küləklərini, açıq eyvanları və havalandırma imkanlarını nəzərə alırdılar. Bərpa işlərində də eyni prinsip əsas götürülməlidir. Yerli iqlim və landşaft xüsusiyyətləri nəzərə alınmasa, görülən işlər gözlənilən nəticəni verməyə və zədələnmələr sonradan yenidən baş verə bilər”, – deyə R.Əliyeva bildirib.

O qeyd edib ki, bərpa zamanı Venesiya Xartiyasının prinsiplərinə, UNESCO və ICESCO-nun tövsiyələrinə, eləcə də beynəlxalq təcrübəyə istinad edilməli, lakin xarici təcrübə hər bir abidənin yerləşdiyi ərazinin xüsusiyyətlərinə uyğunlaşdırılmalıdır.

İşğaldan azad edilmiş ərazilərdəki tarix-mədəniyyət abidələrinin bərpasına toxunan mütəxəssis ilkin memarlıq görünüşünün qorunmasının, arxiv sənədləri və elmi mənbələrə əsaslanmağın vacibliyini vurğulayıb. Bildirib ki, bəzi abidələr tamamilə dağıdıldığından, onların əvvəlki görünüşünü əks etdirən fotoşəkillər və digər sənədlər də qalmayıb. Belə hallarda oxşar memarlıq nümunələrinin öyrənilməsi bərpa üçün elmi əsas yarada bilər.

R.Əliyevanın fikrincə, bərpa işlərində ilkin tikinti materiallarına üstünlük verilməli, onlar yararsız vəziyyətə düşdükdə isə fiziki və kimyəvi xüsusiyyətlərinə uyğun materiallar seçilməlidir. Müasir beton, şüşə və metal konstruksiyaların tətbiqi zəruri olduqda belə, bunlar abidənin ilkin memarlıq görünüşünü dəyişməyən, mümkün qədər görünməyən hissələrlə məhdudlaşdırılmalıdır.

Mütəxəssis bərpadan sonra da abidələrin müntəzəm monitorinqinin aparılmasını vacib hesab edir. Onun sözlərinə görə, çatlar, aşınmalar və digər qüsurlar vaxtında aradan qaldırılmalı, ilk növbədə bünövrənin vəziyyəti qiymətləndirilməlidir. Hər bir abidənin özünəməxsus konstruktiv xüsusiyyətləri olduğundan, mühafizə və bərpa tədbirlərində fərdi yanaşma əsas götürülməlidir.

Rahibə Əliyeva Azərbaycanda tarixi tikililərin tədqiqi və bərpası üçün ixtisaslaşmış laboratoriyaların yaradılmasının da əhəmiyyətini vurğulayıb. Bildirib ki, hazırda tikinti materiallarının tərkibinin və nümunələrin yaşının müəyyənləşdirilməsi üçün bəzi analizlər Almaniya, Avstriya və Türkiyədəki laboratoriyalara göndərilir. Müasir avadanlıqlarla təchiz olunmuş yerli laboratoriyaların yaradılması bərpa prosesinin elmi əsaslarla və daha operativ aparılmasına imkan verər.

R.Əliyeva beynəlxalq əməkdaşlığın yerli mütəxəssislərin təcrübə qazanması baxımından da əhəmiyyətini vurğulayıb. O, İçərişəhərdəki Məhəmməd məscidinin bərpası zamanı yerli mütəxəssislərin avstriyalı həmkarları ilə məsləhətləşmələr apardığını, xarici laboratoriyaların imkanlarından istifadə edildiyini xatırladıb. Bildirib ki, bu cür əməkdaşlıq yalnız konkret abidələrin qorunmasına deyil, həm də Azərbaycanda elmi bərpa potensialının inkişafına töhfə verir.

AzərTac

  • Paylaş: