Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.11.2026 19:25
  • A-
  • A
  • A+

Azıx mağarasının ikinci girişində yeni mədəni təbəqələr aşkar edilib

Azıx mağarasının ikinci girişində yeni mədəni təbəqələr aşkar edilib

Azıx mağarasında beynəlxalq ekspedisiya çərçivəsində aparılan arxeoloji tədqiqatlar qədim insanın həyatının, mağaranın tarixi və mədəni təbəqələrinin daha dərindən öyrənilməsinə yeni imkanlar yaradır. Araşdırmalarda arxeometriya, geoarxeologiya, zooarxeologiya, arxeobotanika, mikroskopik analizlər və mütləq yaşlandırma metodları daxil olmaqla, 10-dan artıq elmi istiqamət üzrə müasir yanaşmalar tətbiq edilir.

Bu barədə müsahibəsində AMEA Arxeologiya və Antropologiya İnstitutunun böyük elmi işçisi, Azərbaycan–Almaniya Azıx Beynəlxalq Paleolit Tədqiqatları Qrupunun rəhbəri, Qarabağ Universitetinin Azıx Arxeoloji Araşdırma və Analizlər Laboratoriya Mərkəzinin direktoru Əjdər Babazadə bildirib. O xatırladıb ki, Qarabağ işğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin 2021-ci ildə ziyarət etdiyi tarixi abidələrdən biri Azıx mağarası olub. Dövlətimizin başçısı burada Azərbaycan alimlərinin və xarici ekspertlərin iştirakı ilə tədqiqatların yenidən başlanacağını bildirib. Bu elmi yanaşmanın davamı olaraq 2024-cü ildə Almaniyanın Leypsiq İnstitutu ilə AMEA Arxeologiya və Antropologiya İnstitutu arasında imzalanmış memorandum əsasında beynəlxalq ekspedisiyaya başlanılıb. İndiyədək tədqiqat qrupuna 14 ölkədən alimlər cəlb olunub.

Ə.Babazadə qeyd edib ki, araşdırmalarda daş alətləri üzərindəki izlər, onların hazırlanma texnologiyası, istifadə olunan xammal və heyvan sümüklərində insan fəaliyyətinin əlamətləri öyrənilir. Mikroskopik və traseoloji analizlər vasitəsilə təbii proseslərin yaratdığı izləri insan fəaliyyəti nəticəsində yaranan izlərdən fərqləndirmək mümkün olur. Müasir texnologiyaların tətbiqi ilə adi gözlə görünməyən detallar da araşdırılır. Beynəlxalq tədqiqat qrupunun mühüm elmi nəticələrindən biri Azıx mağarasının ikinci girişində mədəni təbəqələrin aşkar edilməsidir. Məlum olduğu kimi, əvvəlki tədqiqatlar görkəmli arxeoloq, professor Məmmədəli Hüseynov tərəfindən mağaranın birinci girişində aparılıb. Yeni araşdırmalar zamanı isə ikinci girişdə də birinci girişdəki stratiqrafik səviyyələrə uyğun mədəni təbəqələr müəyyən edilib.

Alim bildirib ki, 2026-cı ildə tədqiqatlar beşinci təbəqəyədək davam etdirilib. Üçüncü təbəqədən əldə olunan materialların mütləq yaşlandırma nəticələrinə əsasən, həmin təbəqənin təxminən 300 min il yaşı müəyyənləşdirilib. Bu nəticələr Azıx mağarasının hər iki girişindəki mədəni təbəqələrin eyni xronoloji ardıcıllığa malik olduğunu göstərmək baxımından mühüm elmi əhəmiyyət daşıyır.

Müsahibimiz vurğulayıb ki, tədqiqatlar yalnız mağarada qazıntı işləri ilə məhdudlaşmır. Bu məqsədlə AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə Qarabağ Universiteti arasında imzalanmış memorandum əsasında universitetdə Azıx Arxeoloji Araşdırma və Analizlər Laboratoriya Mərkəzi yaradılıb. Azərbaycan Elm Fondunun əsas qrantı hesabına laboratoriya zəruri mikroskopik və digər avadanlıqlarla təchiz edilib. Burada aparılan analizlər beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və yerli kadrların yetişdirilməsi baxımından da əhəmiyyətlidir.

Azıx mağarasında tədqiqatlarda iştirak edən Polşanın Vrotslav Universitetinin Arxeologiya İnstitutunun professoru, Qədim Daş dövrü (Paleolit) arxeologiyası şöbəsinin müdiri Andjey Vişnevski isə bildirib ki, Azərbaycan alimləri ilə əməkdaşlıq çərçivəsində daş materialların texnotipoloji xüsusiyyətləri, hazırlanma texnologiyası və xammal mənbələri araşdırılır.

Professorun sözlərinə görə, tədqiqatlarda mövcud rəqəmsal məlumat bazası yerli şəraitə uyğun təkmilləşdirilir, qədim insanların istifadə etdiyi xammal növləri haqqında məlumatlar sistemləşdirilir. Yeni metodların tətbiqi və elmi biliklərin inkişafı üçün yeni istiqamətlərin müəyyənləşdirilməsi tədqiqatçılara maraqlı, bəzən isə gözlənilməz nəticələr əldə etməyə imkan verir.

Qeyd edək ki, Azıx mağarasında beynəlxalq tədqiqatların davam etdirilməsi abidənin qədim tarixinin daha dəqiq öyrənilməsi, arxeoloji irsin elmi əsaslarla tədqiqi və Azərbaycan alimlərinin beynəlxalq elmi əməkdaşlıqda iştirakının genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

AzərTac

  • Paylaş: