AMEA-nın Gəncə Bölməsində “Qərb bölgəsinin ədəbi irsi və Azərbaycan dili” mövzusunda respublika elmi konfransı keçirilib.
Elmi forum Gəncə şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə Bölməsi tərəfindən təşkil olunub.
İştirakçılar əvvəlcə Gəncə Bölməsinin elmi nailiyyətlərini əks etdirən sərgiyə baxıblar.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
AMEA-nın Gəncə Bölməsinin elmi işlər və rəqəmsal inkişaf üzrə sədr müavini, dosent Əlimuxtar Muxtarov konfransın qonaqları və iştirakçılarına AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin salamlarını, dahi şair və mütəfəkkir Nizaminin doğma yurdu, qədim və müasirliyin, həmçinin milli və ümumbəşəri dəyərlərin qovuşduğu məkan olan Gəncə şəhərində keçirilən bu mötəbər elmi foruma uğur arzularını çatdırıb.
Ə.Muxtarov Ana dili və milli irsin dövlətçiliyimizin əsas şərtlərindən biri kimi qəbul olunması ənənəsinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və müstəqil ölkəmizdə bu həssas yanaşmanın cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən böyük uğurla həyata keçirildiyini vurğulayıb.
Ə. Muxtarov həmçinin mövzusu dilimizin qorunması və inkişafı məsələləri ilə səsləşən bu konfransın təşkilinin elmi zərurətinə də toxunub. O, Gəncəbasar eli ilə yanaşı Qərbi Azərbaycanı da əhatə edən bir coğrafi arealdakı ədəbi irsə dair filoloji tədqiqatların əzəli yurd yerlərinə qayıdış konsepsiyası baxımından da böyük əhəmiyyət daşıdığına diqqət çəkib.
AMEA-nın Gəncə Bölməsinin ümumi işlər üzrə sədr müavini Rasim Tağıyev isə çıxışında Qərb bölgəsinin bu başlıca elm ocağının 45 illik tarixçəsini iştirakçıların diqqətinə çatdırıb. O, keçmiş ittifaq dövründə Respublikamızın ikinci şəhərində Elmlər Akademiyasının çoxşaxəli bölməsinin yaradılması ideyasının Ulu Öndər Heydər Əliyevin hər an gələcəyi nəzərə alan düşüncəsinin məhsulu olduğunu, müasir dövrümüzdə mütəqil Azərbaycanda bölgələrimizin hərtərəfli inkişafına, o cümlədən yerlərdə elmi potensialın gücləndirilməsinə onun layiqli davamçısı, cənab Prezident İlham Əliyevin daim diqqət yetirdiyini qeyd edib.
Rasim Tağıyev Gəncənin bu elm ocağının təşəkkül tapmasında, öz inkişaf mərhələlərini uğurla addımlamasında və bugünkü səviyyəyə yüksəlməsində akademik Fuad Əliyevin əvəzsiz rolunu da vurğulayıb.
Konfransın moderatoru, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Hüseynova plenar və bölmə iclaslarının gedişi haqda iştirakçıları məlumatlandırıb.
AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Oruc Quliyev “Rəqəmsal mühitdə Azərbaycan dili, korpus və kompüter dilçiliyinin inkişafı və AMEA Mərkəzi Elmi Kitabxanasının rolu”, AMEA-nın Gəncə Bölməsinin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru dosent Əlimuxtar Muxtarov “Qərbi Azərbaycanın söz xəzinəsi: Aşıq Ələsgər yaradıcılığında Nizami Gəncəvi ruhu”, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzindən filologiya üzrə fəlsəfə doktoru, dosent Aləmzər Tağıyeva “Həmid Araslı: akademik tədqiqatdan tədrisə”, AMEA Nəsimi adına Dilçilik İnstitutundan filologiya üzrə fəlsəfə doktoru Reyhan Mədətova “Mustafa Zəririn “Yusif və Züleyxa” əsərində işlənmiş bəzi arxaizmlər haqqında”, AMEA Mərkəzi Elmi Kitabxanasından filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva “Cabir Novruz yaradıcılığında şair və vətəndaş mövqeyinin bədii təzahürü”, o həmçinin öz yeni kitabını Gəncə bölməsinə hədiyyə edib, AMEA Mərkəzi Elmi Kitabxanasından filologiya üzrə fəlsəfə doktoru Şəfəq Əliyeva “Süni intellekt texnologiyaları və Səməd Vurğun irsinin rəqəmsal yaddaşda təcəssümü”, Mərkəzi Elmi Kitabxanadan Xəyalə Məmmədli “Azərbaycan dilinin rəqəmsal resurslarının genişləndirilməsində açıq ensiklopedik platformaların rolu”, Xəzər Universitetinin doktorantı Mənsurə Əhmədova “Neyrolinqvistikanın nəzəri inkişafı: lokalizasiya yanaşmasından müasir neyrokoqnitiv modellərə keçid”, AMEA Mərkəzi Elmi Kitabxanadan Leyla İbrahimova “Qərb bölgəsinin folklor və şifahi ədəbiyyat irsi: aşıq mühiti”, AMEA Mərkəzi Elmi Kitabxanasından Rəqsanə Nağıyeva “Azərbaycan dilinin milli-mədəni dəyərlərin qorunmasında və gələcək nəsillərə ötürülməsində rolu” və S.S. Axundov adına 172 nömrəli tam orta məktəbdən Çinarə Hüseynova “Rəqəmsal mühitdə Azərbaycan dilinin inkişaf perspektivləri: korpus dilçiliyi və süni intellekt texnologiyaları” mövzuları üzrə çıxış ediblər.
Çıxışlar ətrafında fikir mübadilələri gedib.
“Qərb bölgəsinin ədəbi irsi və Azərbaycan dili” mövzusunda Respublika elmi konfransı öz işini 8 bölmədə davam etdirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.