AMEA-nın Naxçıvan Bölməsində “Azərbaycanın xilasının başlandığı gün” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Natiq çıxışında ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində ölkədə ağır siyasi vəziyyət və tənəzzülün hökm sürdüyünü diqqətə çatdırıb. Bildirib ki, Moskva və Bakıdakı hakim dairələr mövcud durumu, eləcə də Heydər Əliyevin siyasi bilik və bacarıqlarını nəzərə alaraq onun Azərbaycana gəlişinə mane olmağa çalışırdılar. Xalqın inam və etibarını, ölkənin gələcək rifahını hər şeydən üstün tutan dahi lider əsl vətənpərvər rəhbər missiyasını uğurla yerinə yetirdi. Sözügedən dövrdə baş verən hadisələri təhlil etməklə qətiyyətlə deyə bilərik ki, 3 sentyabr 1991-ci il tarixi Azərbaycanın xilasının başlandığı gündür.
Ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində səriştəli fəaliyyətindən söz açan akademik həmin dövrdə olduqca mühüm tarixi qərarların qəbul olunduğunu söyləyib. Qeyd olunub ki, bölgəyə erməni təcavüzünün qarşısını almaq, Naxçıvanın müdafiəsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Dövlət Müdafiə Komitəsinin yaradılması, 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması ilə bağlı tarixi əhəmiyyətli qərarlar qəbul olundu. Azərbaycançılıq ideologiyasının irəli sürülməsi, Naxçıvan Muxtar Respublikasının Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əlaqələrinin yaradılması, qısa zaman ərzində iqtisadi islahatların həyata keçirilməsi məhz Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrünün mühüm bəhrələridir. Görülən tədbirlər Naxçıvanın gələcək inkişafına, əhalinin rifahına yönəlmiş uzaqgörən addım idi.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi: xilaskarlıq və qurtuluş missiyası” mövzulu məruzəsi dinlənilib. Alim bəhs olunan dövrdə Naxçıvanın düşdüyü blokada şəraiti, erməni qəsbkarlarının məkrli niyyətləri, mövcud iqtisadi və siyasi böhrandan bəhs edib. Bildirib ki, Azərbaycan xalqı çətin sınaq qarşısında qalan ölkənin gələcəyini yalnız səriştəli siyasətçi Heydər Əliyevin rəhbərliyində görürdü. Belə ağır şəraitdə rəhbər vəzifəsini uğurla icra etmək təkcə siyasi bilik və istedad yox, həm də əsl vətənpərvər cəsarəti, təəssübkeşlik tələb edirdi.
Akademik məruzəsində Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyətinin mühüm nəticələrini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, Naxçıvan, sözün əsl mənasında, Azərbaycanın inkişaf strategiyasının öncülüdür. Muxtar respublikanın qazandığı bugünkü yüksəliş səviyyəsi Naxçıvanın gələcək sürətli inkişafından xəbər verir.
“Görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana gəlişi və müstəqillik yolunda atılan ilk addımlar” mövzusunda məruzə edən AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Hacıfəxrəddin Səfərli ulu öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrünü ətraflı təhlil edib. Vurğulayıb ki, dahi şəxsiyyətin Naxçıvana – doğma vətənə qayıdışı Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə seçkilər ərəfəsinə təsadüf edirdi. Əhalinin yekdil səsverməsi ilə deputat seçilən Ümummilli liderin fəaliyyətinin ilk günündən etibarən Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizə, xüsusilə diqqəti cəlb edir. Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin 17 noyabr 1990-cı il tarixli sessiyasında qəbul olunan qərarlar buna parlaq misaldır. Heydər Əliyevin rəhbərliyi ilə keçirilən bu tarixi sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri götürülərək Naxçıvan Muxtar Respublikası adlandırılmış, Naxçıvan Muxtar Respublikasının Ali Sovetin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilmiş, bu bayrağın, bütövlükdə Azərbaycan SSR-in Dövlət rəmzi kimi qəbul edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilmişdir. Qeyd etmək lazımdır ki, bu qərarlar Azərbaycanın dövlət müstəqilliyinin bərpasından öncə qəbul olunmuşdur. Ona görə də 17 noyabr 1990-cı ildə bu tarixi sessiyaya sədrlik edən ulu öndər Heydər Əliyev üzərinə çox təhlükəli və məsuliyyətli vəzifə götürmüş, deputatları bu qərarların qəbul olunmasının vacibliyinə inandıra bilmiş və həmin qərarlar qəbul edilmişdir.
Konfransda həmçinin Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Musa Quliyev, Yaşar Rəhimov və dosent Emin Şıxəliyev mövzu ilə bağlı məruzə ediblər. Məruzəçilər görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana gəlişi, müstəqillik yolunda atılan ilk addımlar, Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinə törədilən qəsdlər, onların qarşısının alınması istiqamətində görülən tədbirlər və başqa mühüm əhəmiyyətə malik mövzulara toxunaraq təhlillər aparıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.