Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

İdarəetmə Sistemləri İnstitutunun YAP ilk Ərazi partiya təşkilatının hesabat iclası keçirilib
08.12.2021 16:32
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun YAP ilk Ərazi partiya təşkilatının hesabat iclası keçirilib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Yeni Azərbaycan Partiyası (YAP)  ilk Ərazi partiya təşkilatının iclası keçirilib.

Hibrid formatda keçirilən tədbirdə institutun rəhbərliyi, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, baş məsləhətçi Elnarə Mustafayeva və institutun YAP üzvləri iştirak ediblər.

Tədbiri İSİ-nin baş direktoru, akademik Əli Abbasov açaraq tədbir iştirakçılarını salamlamlayaraq partiyanın ilk Ərazi təşkilatlarının fəaliyyətinin əhəmiyyətindən bəhs edib. Ə.Abbasov bildirib ki, respublika Prezidenti İlham Əliyev müstəqil Azərbaycan dövlətinə, o cümlədən YAP-a rəhbərlik etdiyi dövrdə hərtərəfli inkişafa nail olaraq ölkəmizin qüdrətinin və beynəlxalq aləmdə nüfuzunun əhəmiyyətli dərəcədə artmasına səbəb olub. O, qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi, hərbi, siyasi-diplomatik uğurlara nail olması İkinci Qarabağ müharibəsində qələbəmizin əsas və həlledici sütunları olub. Ə.Abbasov, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YAP sədrinin birinci müavini Mehriban Əliyevanın Azərbaycanın müxtəlif sahələrdə inkişafına töhfələr verdiyini qeyd edib, onun rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən layihələrlə ölkənin beynəlxalq arenada uğurla təmsil olunduğunu bildirib.

Ə.Abbasov institutda aparılan elmi-texniki tədqiqatlar, əldə olunan nailiyyətlərdə gənc kadrların və YAP ilk Ərazi təşkilatının rolunu xüsusi qiymətləndirib.

Daha sonra hesabat üçün söz İdarəetmə Sistemləri İnstitutunun YAP Ərazi təşkilatının sədri Zülalə Cəbiyevaya verilib.

Z.Cəbiyeva bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən təsis olunan YAP yarandığı gündən fəaliyyətini Azərbaycan dövlətinin möhkəmlənməsinə və qüdrətlənməsinə yönəldib. O, XX əsrin 90-cı illərində baş verilən siyasi hadisələrdən, xalqın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyasının yaranmasından, inkişaf istiqamətlərindən ətraflı şəkildə bəhs edib.

Z.Cəbiyeva vurğulayıb ki, elmin inkişafı Azərbaycanda dövlət siyasətinin tərkib hissələrindən biridir. İnstitut alimlərinin elmi tədqiqatlarının dünyanın aparıcı ölkələrinin ən nüfuzlu elmi jurnallarında dərc olunduğunu qeyd edən Z.Cəbiyeva hesabat illəri ərzində yerinə yetirilən işlərdən bəhs edib.

YAP-ın VII qurultayında qarşıya qoyulmuş vəzifələrdən söz açan İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov sözügedən istiqamətdə həyata keçirilən əməli tədbirləri nəzərə çatdırıb.

Ümumilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin hərtərəfli inkişafı istiqamətində əvəzsiz xidmətlərindən bəhs edən Ə.Sadıqov qeyd edib ki, 1993-cü ilin oktyabr ayının 3-də Ulu öndər Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra partiyanın həyatında yeni inkişaf mərhələsinin başlanğıcı qoyulub. Belə ki, partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişib, ölkənin siyasi həyatında tutduğu mövqe möhkəmlənib, ictimai həyatın bütün sahələrində yüksək fəallıq nümayiş etdirib. Ə.Sadıqov hazırda ölkə başçısı İlham Əliyevin sədrliyi ilə partiya tərəfindən müxtəlif sahələri əhatə edən əhəmiyyətli qərarların qəbul edildiyini vurğulayıb.

Tədbirdə AMEA-nın müşaviri, akademik Telman Əliyev çıxış edərək YAP-ın tarixindən, xüsusən də XX əsrin 90-cı illərində baş verən proseslərdən, ağır ictimai-siyasi şəraitdən bəhs edib. Məhz həmin dövrdə ümumilli lider Heydər Əliyevin rəhbərliyi ilə partiyanın yaradılmasından, aldığı taleyüklü qərarlardan və ölkənin həyatında baş verən mühüm hadislərdən danışıb.

T.Əliyev müasir dövrdə Azərbaycan elminin inkişafında AMEA-da, o cümlədən İSİ-də görülən mühüm işlərdən, idarəetmə sistemləri sahəsində əldə olunan uğurlardan, nailiyyətlərdən ətraflı şəkildə söz açıb.

Daha sonra Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək İdarəetmə Sistemləri İnstitutu tərəfindən təqdim edilən son 5 illik hesabatı müsbət qiymətləndirib.

B.Nəbiyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlət müstəqilliyinin möhkəmlənməsinə, ordu quruculuğuna, əhalinin rifah halının yaxşılaşmasına və s. xidmət edən şərəfli ömür yolundan, göstərdiyi əvəzsiz xidmətlərdən bəhs edib. Bildirib ki, ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir.

Ötən il Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Azərbaycanın əzəli torpaqlarının düşmən işğalından azad etdiyini xatırladan B.Nəbiyev bu qələbənin təməlinin məhz dahi şəxsiyyət Heydər Əliyevin yürütdüyü məqsədyönlü siyasətlə qoyulduğunu vurğulayıb.

B.Nəbiyev ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkənin milli mənafeyinə və iqtisadi inkişafının genişləndirilməsinə, o cümlədən qeyri-neft sektorunun və bütün fəaliyyət sahələrinin inkişafına, mütərəqqi sosial infrastrukturun yaradılmasına xidmət edən siyasətin yürüdüldüyünü diqqətə çatdırıb.

Daha sonra gündəlikdən irəli gələrək İSİ YAP ilk Ərazi partiya təşkilatının sədr və sədr müavini vəzifələrinə seçkilər keçirilib. Açıq səsvermə yolu ilə keçirilən seçkilər nəticəsində Zülalə Cəbiyeva İSİ YAP Yasamal rayonu ilk Ərazi partiya təşkilatının sədri, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, i.ü.f.d. Aygün Əliyeva isə sədrin müavini seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: