Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Şərq qapısı” qəzetinin nəşri tarixi və inkişaf yolu” kitabı nəşr olunub
27.01.2022 14:42
  • A-
  • A
  • A+

“Şərq qapısı” qəzetinin nəşri tarixi və inkişaf yolu” kitabı nəşr olunub

1921-ci ildən günümüzədək məsuliyyətli və əzmkar inkişaf yolu keçmiş “Şərq qapısı” qəzetinin 100 yaşının tamam olması muxtar respublikada geniş qeyd olunub.

Muxtar respublikada həyatın bütün sahələrində müşahidə olunan qayğıdan yerli mətbuat da öz nəsibini almışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ““Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 1 iyun 2021-ci il tarixli Sərəncamı, sərəncamın icrası məqsədilə təsdiq olunan Tədbirlər Planı mətbuatımıza göstərilən diqqətin göstəricisidir.

Sərəncamın icrası məqsədilə AMEA-nın Naxçıvan Bölməsində muxtar respublikanın ali təhsil müəssisələri, Naxçıvan Mətbuat Şurası və qəzetin redaksiya heyətinin iştirakı ilə ““Şərq qapısı” qəzeti və Naxçıvanda mətbuatın inkişafı” mövzusunda elmi konfrans keçirilib, Naxçıvan Bölməsinin əməkdaşları ölkə və muxtar respublika mətbuatında qəzetin bir əsrlik fəaliyyəti dövründə həyata keçirdiyi səmərəli fəaliyyəti, ictimai fikrin formalaşmasında oynadığı mühüm rolla bağlı müxtəlif mövzulu məqalələr dərc etdiriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən nəşr olunmuş ““Şərq qapısı” qəzetinin nəşri tarixi və inkişaf yolu” kitabı bu silsilə tədbirlərin davamıdır.

Kitabın ilk səhifələrində Ümummilli Lider Heydər Əliyevin qəzet haqqında fikirləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ““Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” Sərəncamı və təsdiq olunmuş Tədbirlər Planının mətnləri verilib. Ulu Öndərin: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”,- sözləri 100 yaşlı söz məbədinin daşıdığı tarixi missiyadan, gənc nəslin vətənpərvər ruhda tərbiyəsindəki mühüm rolundan xəbər verir. Öz profilinə daim sadiq qalan “Şərq qapısı” bu şərəfli missiyanı hələ sovet dönəmindən məsuliyyətlə yerinə yetirmiş, göstərilən təzyiqlərə baxmayaraq uğurla fəaliyyətinə davam etmişdir.

AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin kitaba yazdığı “Ön söz” qəzetin daşıdığı tarixi önəmi daha dərindən dərk etməyə imkan verir. Burada Naxçıvan mətbuatının, maarifçilərin fəaliyyətinə nəzər salınıb, qəzetin 100 illik fəaliyyəti əhatəli şərh olunub. Vurğulanıb ki, qanlı 20 Yanvar faciəsinə etiraz əlaməti olaraq Naxçıvanın SSRİ-nin tərkibindən çıxması ilə bağlı tarixi qərarın “Şərq qapısı”nda dərc olunması, onun 8 nömrəsinin “Birlik və demokratiya uğrunda” şüarı ilə çap olunması qəzetin hələ sovet dövründə ölkə mətbuatında yerinə yetirdiyi tarixi missiyasının bir hissəsi və əsl vətənpərvərlik nümunəsidir.

Yeni kitab “Şərq qapısı” qəzetinin keçdiyi 100 illik inkişaf yolu, tariximiz, milli ordu quruculuğu, tarix-mədəniyyət abidələri, ana dili məsələləri, Naxçıvan ədəbi mühiti, folklor, xalq sənətinin təbliği, media siyasəti, mədəniyyət, elm və təhsil sahələrində baş verən yeniliklərin, eləcə də  muxtar respublikanın sosial-iqtisadi inkişafının əksi məsələləri ilə bağlı araşdırmaların yer aldığı mənbədir. Burada “Şərq qapısı”nın Naxçıvanda maarifin, elmin və ictimai fikrin inkişafına verdiyi töhfələrdən, muxtar respublikada jurnalistikanın inkişafında, cəmiyyətin informasiyaya olan tələbatının dolğun ödənilməsindəki mühüm rolundan bəhs edən məqalələr toplanıb. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görən 416 səhifəlik kitab muxtar respublikanın keçdiyi tarixi inkişaf yolunun öyrənilməsi, mətbuat tariximizin araşdırılması baxımından olduqca mühüm elmi əhəmiyyətə malikdir.

Kitabda yer alan məqalələrin hər biri qəzetin ölkə mətbuatındakı mühüm funksiyasını öyrənməklə yanaşı, müxtəlif illərdə dərc olunmuş nömrələrinin tədqiqi və təhlili baxımından da əhəmiyyətlidir. Yenicə işıq üzü görən “Şərq qapısı” qəzetinin nəşri tarixi və inkişaf yolu” kitabı dəyərli tədqiqat əsəri olmaqla yanaşı, həm də qəzetin 100 illik yubileyinə ən gözəl töhfədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: