Novruz bayramında milli ruhumuzun, qədimliyimizin zəngin çalarları yaşayır. Min illər əvvəl əcdadlarımız inanıblar ki, insanla təbiətin birliyi var. Bu birliyi əcdadlarımız öz ömründə yaradıb və yaşadıb: qışın yazı əvəzləməsini öyüb, təbiətlə birgə ruhən yenidən doğulub, içəridən arınıb, bu təmizlənməni mənalandırıb, bayramlaşdırıb. Sonradan bu əski inanc cilalanıb, sistemli təsəvvürlər halına gəlib. Yüzillərdən bəri yol gələn, çoxlu müqavimətlərə, dəyişmələrə məruz qalan Novruz ötən müddətdə xəlqi ruhumuzun özünəməxsusluğunu qoruyub saxlayıb. Xalq o zaman var olur ki, qədim ruhunun soraqlarını, adət-ənənəsini, bir sözlə, özünəməxsus nəyi varsa, hamısını qoruyub saxlayır. Belə də tarixin dolanbaclarında sarsılmır, başını itirmir. Tariximizin ən çətin məqamlarında belə bu bayram ürəklərdə yaşadılıb.
Novruz bayramı bir çox ölkələrdə qeyd edilir. Azərbaycan Novruzunun isə bənzərsizliyi ortadadır. Ümumşərq, ümumtürk keyfiyyəti olan Novruz muğamdakı bənzərsizliyimiz qədər bizimdir. Qədimdən bəri varlığın başlıca ünsürlərinə (su, od, hava, torpaq) türk öz ruhuyla baxıb, təbiətin yenidən doğulmasını mənalandırarkən başqa xalqların təsəvvürlərinə gərəyi olmayıb. Minillərdən bəri yol gələn, çoxlu dirənişlərə, dəyişmələrə məruz qalan Novruz xalq ruhunun özünəməxsusluğunu bacardığı qədər yaşadıb.
Bu gün Novruz bayramı Azərbaycanda dövlət səviyyəsində qeyd olunur. Elə etməliyik ki, qədimliyimizin soraqları qloballaşma həşirində gözümüzdə qətiyyən adiləşməsin, məzmunsuzlaşmasın.
Bayram hər şeydən əvvəl insanın içində olmalıdır. Novruzun mahiyyətində xalqımızın halının yetkin ifadəsi var. Novruzdakı od – bayramın başlıca rəmzidir. Burada Xeyrin Şər üzərindəki qələbəsinə inam yaşayır, təsdiq olunur, insanı daxilən, ruhən təmizləyir.
Azərbaycan Novruzu - Milli ənənənin simvolu
Milli bayram – xalqın minillərdən bəri gələn ənənəsinin, yaşam tərzinin özülündə yaranır, oturuşur, var olur. Bayram yaradıcılığı – xalqın özünəməxsusluğunun təsdiqidir.
Novruz bayramı hələ bundan sonra mahiyyət üstə geniş araşdırma tələb edən, Azərbaycan ruhunun çalarlarının araşdırılmalı olduğu geniş spektrli bir mövzudur.
İlk növbədə, Novruz bayramı – milli ənənənin simvoludur. Ənənə xalqın dayanıqlı mədəniyyətinin, yaşamının bənərsiz cəhətlərini aşkara çıxarır, təsdiq edir. Xalqın bayram yaradıcılığı minillərdən bəri davam edən ulusallığı nəinki təsdiq etməlidir, habelə bundan sonrakı üfüqlər üçün də ciddi zəmin yaratmalıdır. Bu mənada Novruz bayramı bizim üçün belə bir yaradıcılıq imkanı verir.
Ta qədimdən türk düşüncəsində yazın gəlişi təbiətin dirilməsinin, yenilənməsinin rəmzi olub. Ümumiyyətlə, təbiətə ilahi səviyyədə yanaşma əcdadlarımızın ruhunda yaradıcı bir keyfiyyətdir ki, bu gün də yaşayır. Məsəl var ki, əsil itməz, cövhər dönməz. Dünyanın bir çox xalqlarının mədəniyyət sistemində yazın gəlişi ilə bağlı gözəl düşüncələr var. Ayrıca olaraq Şərq düşüncəsində Novruz bayramı ilə bağlı zəngin, maraqlı yanaşmalar – adət-ənənələr olsa da, Azərbaycan Novruzu bunların hamısından fərqlənir.
Xalqımız minillərdən bəri ağlında yaşatdığı, yaşamına gətirdiyi bütün gözəl duyğularını həmişə Novruzla bağlayıb, mənalandırıb. Ona görə ki, bayramın başlanğıcı – yaranışı ifadə etməsinə inanılıb. Bu yaranış inancda təbiət-insan birliyinin ifadəsi kimi anlaşılıb. Əcdadlarımızdan gələn düşüncə tarixən ruhumuzun özgüvənliyini, yenilməz nikbinliyini yaradıb. O deməkdir ki, xalq bayramı o dərəcədə ruhunun doğması olaraq yaradıb, görüb, cilalayıb, inanıb ki, onu bütövlükdə mərasim mədəniyyətinin özülünə çevirib, öz davranışlarını bayram kuralları ilə nizamlayıb. Bu, artıq xalqımızın ruhunun ifadəsi olan, heç bir xalqda rast gəlinməyən davranışlar sisteminin bayram-mərasim kompleksindən güc alması demək olub.
Azərbaycanda sovet hakimiyyəti zamanı Novruzla bağlı qadağalar olsa da, xalqımız onillərlə bu bayramı ağlında-ürəyində qoruyub, yaşadıb.
Tarixən Azərbaycan milli dövlətçilik ənənəsində Novruz bayramı xüsusi yer tutub.
İnanca görə, Novruz ərəfəsində hər bir evdə aparılan təmizlik işləri yenilənmə ilə bağlıdır. Yəni ki, bayramda təkcə ilin təzələnməsi yox, bütünlükdə köhnə ili yaşamış hər kəsin, hər şeyin təzələnməsi inancı var.
Novruzdakı oyunlar mahiyyətcə əyləncəviliyə köklənsə də, həm də bayramdan gələn müəyyən qənaətlərin, ilk növbədə, uşaqların ağlında oturuşmasına, yaddaş tərbiyəsinə xidmət edir.
Azərbaycan mədəniyyəti çox zəngin ənənələrə malikdir. Zənginliyimiz tariximizin qədimliyindən, böyüklüyündən irəli gəlir.
2009-cu ildə BMT Baş Məclisinin 64-cü sessiyasında martın 21-i dünyada “Beynəlxalq Novruz Günü” elan edildi. Hazırda dünyanın bir çox ölkələrində üç yüz milyondan çox insan Novruz bayramını qeyd edir. BMT-də qəbul olunmuş bu qərar Azərbaycan dövlətinin təşəbbüsü ilə baş tutub.
Novruz bayramı və mətbəx mədəniyyətimiz
Azərbaycan mədəniyyəti olduqca zəngin ənənələrə malikdir. Zənginliyimiz tariximizin qədimliyindən, böyüklüyündən irəli gəlir. Bayram və mətbəx anlayışları bir-biri ilə sıx şəkildə bağlıdır. Bayram xalqın bütün gözəl duyğularını, düşüncəsini, ümidini, yaşamağa, yaratmağa olan inadını, başlıcası inamını özündə yetkin şəkildə birləşdirir. Zəngin mətbəxi olan xalq - qədim tarixi, dövlətçiliyi, ciddi, oturuşmuş mədəniyyəti olan xalq deməkdir. Xalq hadisəsi ötəri, keçici bir hadisə olmayıb, özündə əbədiliyi, bəşəri keyfiyyətləri təsdiq edir.
Azadlıq duyğusunun, gerçəkliyinin mayasında hər an məsuliyyət durmalıdır. Xalq ruhunun minillərin sınağından keçib gələn məntiqi bizə bunu deyir. Bu mənada əskidən bəri milli ruhumuzun təməli üstə inkişaf etmiş mətbəx mədəniyyətimizi ömrümüzdə, məişətimizdə tam bərpa etmək, bu sahədəki adət-ənənələri ardıcıl, yaradıcılıqla inkişaf etdirmək, yaşatmaq qaçılmazdır.
Dünyanın qədim, zəngin mətbəxlərindən olan Azərbaycan mətbəxinin milli ruhumuzu yüksək səviyyədə ifadə etməsi sevindirici haldır. Bu gün Azərbaycan mətbəxinin də soraqlarına mənasız iddiaları ilə baş qatan ermənilərin çabalarının əsassızlığı ortadadır. İddia etmək yiyə sayılmaq deyil.
Novruz şirniyyatları (qoğal, şəkərbura, paxlava, badambura) mahiyyətcə bayramın ruhundan gələn yenilənməni, yaranışı ifadə edir. Qışdan çıxan zəifləmiş orqanizmə güclü kalorili yeməklər gərək idi. Novruz şirniyyatı bayram mətbəxinin ayrılmaz hissəsi kimi bu funksiyanı indi də gözəl yerinə yetirməkdədir. Novruzda yeyilən səməni halvasının bir başqa dadı var. Səməni yazın, yaşıllığın, əkin-biçinin rəmzidir. Uşaqlığımda buxarıda bişən səməni halvasını yeməyimi gözəl xatırlayıram. Bir neçə proses keçməklə cücərmiş buğdadan hazırlanan səməni halvasının ətri, doyumluğu, qida dəyəri çağımızda daha gərəklidir. Bu cür doğal yeməklər sağlığımızın qorunmasında əvəzsiz yardımçı ola bilər.
Bütün bunlar onu göstərir ki, mayası düşüncədə, ömürdə yenilənmə olan Novruz xalqımızın ruh yaddaşını bütün çalarlarıyla yaşadıb, təsdiq edib. Özündə yetkin, bənzərsiz mətbəx mədəniyyətini yaşadan Novruz bayramı bütün çağlarda xalqımızın özünəməxsusluğunu bütün çalarlarıyla əks etdirib. Bu gözəl ənənənin yaşarı olması isə xalq olaraq əbədi təsdiqimizdir.
“Milli dəyər - Bəşərilik” anlamı haqqında
Milli (ulusal) dəyər - içimizdən, ruhumuzdan yaranan, başqasından fərqimizi göstərən dəyərdir. Kürəsəlləşmə (qloballaşma) ulusallığa qarşıdır. Ulusal-fərdi-dövləti özümlüyü, müstəqilliyi qorumaq üçün milli dəyərlərin qorunması qaçılmazdır.
Milli dəyər bəşərin ümumi keyfiyyətlərinin mücərrəd şəkildə özünə şamil edilməsi deyil. Milli dəyər - millətə məxsus olandır.
Keçmişimizdən gələn, milli ruhumuzu təsdiq etdiyi dərəcədə də bəşəriliyə hava-su kimi gərək olan özəlliklərimizi göz-bəbəyimiz kimi qorumaq, artırmaq, bu özüldə yeni dəyərlər yaratmaq kimi mənəvi borcumuz, tükənməz ulusal imkanımız var.
Ulusal dəyərlərə yiyəlik eləmək onu yaratmaq kimi çətindir. Ulusal dəyəri ali səviyyədə yaşatmaq gərəkdir ki, kutsal, uca ömürlər yaransın.
Novruz bayramı milli ruhumuzu təsdiq etdiyi dərəcədə bəşəriliyimizi də təsdiq edir, ona görə bizə belə doğmadır.
Dövlət amili ciddi hadisədir. Soydaşlarımızın ağlında ardıcıl olaraq dövlət sevgisinin yaradılması gərəkdir.
Əsl ulusal (milli) dəyər həmişə çağdaşdır. Azərbaycanın bağrından qopan dəyərləri buna ən gözəl misaldır və bəşərə örnəkdir.
Novruz bayramı bu dəyərlərin bənzərsiz birləşdiricisi və ifadəçisidir.
Elçin QALİBOĞLU, AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru