Tarix boyu söz yalnız qələm sahiblərini, böyük şairləri, fikir adamlarını qüdrətli etməyib. Dövlət siyasətinin ağırlığını çiynində daşıyanlara, tarixin və taleyin yazısı ilə yurdun və xalqın sükançısı olanlara da tutarlı söz bütün zamanlarda ən güclü silah qədər gərək olub. Səbəbsiz deyil ki, möhtəşəm Teymurləng “Hökmdarın sözü qılıncından iti olmalıdır” söyləmişdi.
Prezident İlham Əliyev artıq adını bu millətin tarixinə əbədilik həkk etmiş bir qadir dövlət başçısıdır ki, onun yüksək dəyəri gələcəkdə indikindən də qat-qat artıq duyulacaq. Sınanmış həqiqətdir. Böyüklüyü əsl əzəməti ilə hiss etməkçün gərək ona aralıdan baxasan. Məsafəcə uzaqlaşdıqca yanında olarkən nə qədər müstəsna olduğunu bütövlüyü ilə qavramadığın hadisələr və şəxsiyyətləri zamanın hündürlüyündən seyr edəndə və arxada qalan vaxt qoynundakı başqa olmuşlarla tutuşduranda mahiyyətə daha artıq yaxınlaşırsan.
Prezident İlham Əliyevin Azərbaycan naminə gördüyü bütün irili-xırdalı işlərin sırasında onun iki xidməti daim minnətdarlıqla anılacaq və bunlar elə misilsiz şücaətlərdir ki, vaxt ötdükcə qiymətinin üstünə qiymət gələcək, dəyəri və mənası qat-qat artacaq.
Bu millətin özünü tanıyıb dərk etdiyi və dünya xalqları ailəsində yerini tutmaq haqqı yolunda mübarizələrə başladığı ilk gündən bəri qazandığı ən ali sərvət onun istiqlalı, dövlət müstəqilliyimizdir.
Prezident İlham Əliyev yeni XXI əsrin, təzə III minilliyin ilk günündən bu istiqlalın qoruyucusu və dönməzliyinin mötəbər zəmanətçisidir.
Arxadakı təlatümlü illər içərisində istiqlalımızı, xalqımızı, yurdumuzu bütün mümkün təhdidlərdən qorumaq, ildən-ilə dövlətimizi daha qadir etmək, dövlətlər sırasında Azərbaycanımızın nüfuz və sanbalını artırmaq yolunda Prezident İlham Əliyevin səyləri əslində müstəqilliyimizin sarsılmaz sipəri deməkdir.
XX yüzilin əvvəlində müstəqilliyin şirin dadını ilk dəfə duymuş xalqımız bu nemətin bəxtiyarlığını 23 ay yaşaya bilmişdi. Odur ki, indi otuzunu çoxdan başa vurub 40-na doğru irəliləyən, üstünə illər gəldikcə daha da mətinləşən, poladlaşan, qayıdışsızlaşan müstəqilliyimiz artıq kövrək çağlarını çoxdan arxada qoyub.
Halbuki bu müstəqillik elə 1993-cü ildə 70 illik həsrət çəkərək bərpa edildikdən sonra tarixin acı kinayəsi ilə yenidən 2 yaşa çatmadan qırıla bilərdi.
Tarixin o çətin dönəmində Azərbaycanın böyük oğlu Heydər Əliyev istiqlal bayrağımızı qadir əllərinə götürdü, müstəqilliyimizi fırtınalardan adladaraq irəlilətdi, XX yüzildən XXI əsrə çatdırdı və özü qədər inandığı, elə özü qüdrətdə olan digər böyük Vətən oğluna və öndərə – Prezident İlham Əliyevə təhvil verdi.
O da “Şagird ustadından neçə mərtəbə irəli getməsə, o, şagird deyil!” düsturuna sadiq qalaraq müstəqilliyimizi, Ulu öndərin əmanəti olan müasir Azərbaycanı parlaq zirvələrə dikəltdi.
Unudulmaz Heydər Əliyev “Azərbaycan dünyaya Günəş kimi parlayacaqdır” demişdi, Prezident İlham Əliyev bu arzulu, ümidli sözləri aydın bir gerçəyə çevirməyi bacardı.
Prezident İlham Əliyevin bu millət və tarix qarşısındakı digər əvəzsiz əməli isə bu oldu ki, o, Azərbaycan xalqını və yurdu iki əsr ərzində əzablarını yaşadığı erməniçiliyin çəngindən xilas etdi, 30 ilə yaxın müddətdə düşmən tapdağında qalmış torpaqlarımızın azad edilməsinin memarına döndü.
Bunlar elə ali xidmətlərdir ki, bu qəhrəmanlıqlara imza atanı millətin qəlbinə və zehninə əbədilik həkk edir.
Biz məsud insanlarıq ki, bunların şahidi olduq, böyük tarix bizim hər birimizin ömründən keçdi. Biz bəxtiyarıq ki, hər gün yeni tariximizin daha bir fövqəladə səhifəsini yazan nadir liderlə çağdaşıq, onunla eyni günlərin içərisində yaşayırıq və müdam Fateh Prezident İlham Əliyevin məğrur səsini yaxından eşidib fərəhlənmək xoşbəxtliyi qismətimizdir.
Prezident İlham Əliyevin səsi millətin səsidir, Vətənin səsidir, dövlətimizin səsidir. Hər bir azərbaycanlı iftixar edir ki, onun öz istəklərinin və amallarının ifadəçisi olan bu səs belə inamlı, belə ötkəm ucalmaqdadır.
...2024-cü il sona çatmaqdadır və bu il millət təqvimində Azərbaycan tarixindəki tayı-bərabəri olmayan nəhəng bir dünya məclisinə ev sahibliyi etməyimizlə qalır.
Siyasətlər həmişə ayırır, hər tərəf öz maraqlarını güddüyündən fürsətdən də bacardıqca daha artıq yararlanmağa çalışır.
Ən böyük siyasi məclislərin, ən mötəbər siyasi təşkilatların da içərisində zahirən yekdilliyə can atılsa belə, həmişə mövqe, düşüncə, yanaşma müxtəlifliyi hökm sürür.
Dünyanın bugünündə artıq iqlim də ayrı bir siyasətdir.
İqlim siyasət olmasaydı, Birləşmiş Millətlər Təşkilatı illərdən bəri bu mövzunu gündəliyində sabit saxlamaz, bütün dünya dövlətlərini mütəmadi olaraq müzakirələr masası arxasına əyləşdirməzdi.
Ancaq iqlim dəyişikliyi məsələlərinin bütün başqa siyasətlərdən ən əsaslı fərqi ondan ibarətdir ki, oyundan rəqibinə nisbətən həmişə daha uduşla çıxmaq məqsədi daşıyan bütün digər siyasətlərdən fərqli olaraq, iqlim siyasəti yaxınlaşdıran, birləşdirən, yekdil edəndir.
Hansı qitədə, hansı ölkədə, hansı şəhərdə, ya kənddə yaşamağımızdan asılı olmayaraq, hansı siyasi əqidəyə mənsubluğumuza baxmayaraq, bütün Yer Kürəsinin əhli bir-birinə o məqamda lap yaxındır ki, hamımız Yerliyik!
Yəni bu da həmyerliliyin daha bir şəkli, ancaq bütün xırda hisslərdən uzaq, son ucda ən yüksək insani dəyərlərə səmtlənən təzahürüdür. Dünyamızçün faydalı belə YERLİPƏRƏSTLİKdən gözəl nə ola bilər!
Ortaq Yuvamız – Kainatda əbədi uçuşunda olan planetimizin taleyi bu gün Yer Üzündəki bütün ziddiyyətlər və fərqliliklərin fövqünə qalxır, müştərək GƏMİNİN SAKİNİ olmağımız hamımızınkı sayılan YERimizi və YERdəki həyatı daha artıq yaşamalı etməkçün onu daha çox qorumağa çağırır.
İqlimin, ətraf mühitin yalnız Təbiət, Allah işi olması haqda qənaətlər çoxdan köhnələrək dünəndə qalıb.
Haçandır ki, insan oğlunun torpağın altında, üstündə, səmada və sularda etdikləri iqlimin də, ətraf mühitin də necəliyinə birbaşa təsir göstərir, başverənlərdən Kürəmizin hərarəti də qalxır, nəfəsi də tıncıxır, nəbz döyüntüləri də dəyişir.
Ona görə 2024-cü ilin noyabr günlərində Azərbaycanın Ev Sahibliyi ilə BMT növbəti dəfə dünya dövlətlərini paytaxt Bakıda iqlim dəyişikliyi ilə bağlı hamımıza aid ümdə məsələlərin müzakirəsinə toplamışdı.
Bütün dövlətlərin və xalqların məqsədinin bir olduğu BMT məclisinə Azərbaycanın ev sahibliyinin rəmziliyi və qanunauyğunluğu nədən ibarətdir?
200-dək dövlətin qərarı ilə bu mühüm tədbirin Azərbaycanda keçirilməsinə qərar verilməsi bir tərəfdən ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidirsə, digər yandan da həmin etibaretmənin arxasında son iyirmi ildən artıq müddətdə bir çox beynəlxalq mərasimlərə uğurla ev sahibliyi etmək təcrübəmizin yaratdığı inam dayanırdı ki, ötən dəfələrdə olduğu kimi, Azərbaycan bu səfər də qarşıya qoyulan vəzifəni layiqincə yerinə yetirəcək.
Azərbaycanın QADİRLİYİNİ dünyaya tanıdan Qarabağ Zəfərimizdən sonra bütün dünyanın diqqətini Azərbaycana yönəldən və bu qədər dünya liderini Bakıda toplayan COP29 Zirvəsi, zənnimizcə, Zəfərdən sonrakı daha bir Zəfərimiz hesab edilə bilər.
Bakıda düzənlənəcək bu məclisin Azərbaycanın beynəlxalq nüfuzunu artıracağı əlavə siqləti də, ümumdünya əhəmiyyətli bu tədbirin Qarabağ Zəfərimizə yeni işıq tutacağını da, əlbəttə ki, irəlicədən təxmin edənlər az deyildi. Ona görə də bu müvəffəqiyyətə sevinənlər sevinirdi, yüksəlişlərimizə darılanlar isə təlaş içindəydilər.
Söz yox, bu təlaş yalnız onların xıltlı daxilini gəmirən bulaşıq hisslərlə məhdudlaşmır, qərəzli hərəkətlərə də çevrilirdi.
O cür tərpənişlərin hamısı iflasa uğradıqdan, bütün hazırlıq işləri yüksək peşəkarlıq və fədakarlıqla qısa zaman kəsiyində gərəyincə başa çatdırılandan sonra COP29-un təntənəli açılış mərasimində Prezident İlham Əliyev qonaqları salamlayarkən həmin təfərrüatları da unutmur, belə bir fərəhli günə gəlib yetişənədək, konfransın arzulanan səviyyədə keçirilməsindən ötrü bütün lazımi işləri görməklə yanaşı, xeyli umulmaz maneələri də adlamalı olduğumuzu diqqətə çatdırırdı: “Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra biz əlaqələndirilmiş və yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildik. Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar”.
Elə Qarabağ Zəfərimizə aparan əyyamlarda – 2020-ci ilin oktyabr-noyabr günlərində olduğu kimi, Prezident İlham Əliyev sərrast və iynəli deyişlərlə hücumları təşkil edənləri və ələbaxan icraçıları danılmaz sübutlarla yenə dünyanın gözü qarşısında, bu dəfə həm də əksər dünya dövlətləri liderlərinin hüzurunda mərd-mərdanə qınayır, irəli sürülmüş bütün saxtakar ittihamları aşkar dəlillərlə puça çıxarır, əslində ittiham etmişlərin özlərinin ittihamlara daha layiq olduğunu sübutlarıyla bəyan edirdi.
Ad çəkmirdi, ancaq o ad yiyələrinin özləri də, başqa hər kəs də söhbətin kimlərdən getdiyini yaxşı anlayırdı və Azərbaycan dövlət başçısının çıxışı həm də bir daha o həqiqətin ifadəsi idi ki, böyüklüyün yeganə düzgün ölçüsü haqq, ədalət, doğrunun özüdür.
Nə qədər iri olursan-ol, haqqı deyirsənsə, müraciət etdiyin haqsız sənin qarşında aciz qalacaq, mağmun olacaq: “Dünyada bir nömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası bizi neft dövləti adlandırır. Yaxşı olardı ki, ən azı onlar özlərinə və Azərbaycandan on dəfə artıq neft hasil edən özlərinin qonşuluğundakı ölkəyə baxsınlar. Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir. Bu, Tanrının bəxş etdiyi hədiyyədir. Hər bir təbii sərvət – istər neft, qaz, külək, günəş, qızıl, gümüş və mis – bunların hamısı təbii sərvətlərdir. Ölkələr onların olmasına görə günahlandırılmalı və bazarda onlara tələbatın olması səbəbindən onları bazara çıxardıqlarına görə suçlanmalı deyillər”.
Əks-sədası Yer Kürəsinin bütün media qurumlarından gələn, dünya dövlətlərini qovuşduran ən birinci və ən böyük təşkilatın məclisində – COP29-un rəsmi açılış mərasimindəki nitqində Prezident İlham Əliyev münasib girəvəni qaçırmayaraq bir daha Qarabağ Zəfərimizi yada salmaqla yanaşı, Birləşmiş Millətlər Təşkilatının illərcə kağız üzərində qalmış qətnamələrinin məhz Azərbaycanın səyləri ilə yerinə yetirildiyini, bununla da əslində yalnız ölkəmizin təkcə özü üçün həyati məna daşıyan bir məsələni deyil, ahəngdar dünya nizamından ötrü vacib olan daha bir açıq yaranı sağaltdığını diqqətə çatdırırdı.
Və bunu deyərək əslində həm də onu vurğulamış oldu ki, əgər o cür pırtlaşıq düyünü çözmüşüksə, o ağırlıqda işin öhdəsindən gəlmişiksə, COP29-un cari sədri kimi də Dünya Ailəsinə töhfəmizi verməyi bacaracağıq: “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik. Bir il əvvəl biz BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, suverenliyimizi tam bərpa etdik. Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq. COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək”.
Beləliklə, mahiyyətcə dünya ölkələri və xalqlarını yaxınlaşdıran, BMT çətiri altında birləşən dövlətləri vahid məqsədə yönəldən, fəlsəfəsi ilə siyasətlərin ən nəciblərindən olan iqlim dəyişikliyi müzakirələri üçün məkanın Dünya Saatının indiki dönəmində məhz Azərbaycan seçilməsi həm məntiqli, həm qanunauyğun, həm də çox rəmzidir.
Mahiyyəti ilə sülhə, anlaşmaya, dinc və rahat birgəyaşayışa, bir-birinə dayaq olub əl uzatmaya yönələn ali BMT Məclisi – COP29 müasir dövrün ən uzunmüddətli hərbi münaqişələrindən birinə son qoyaraq işğalçının xarabazara çevirdiyi torpaqları dirçəldən, viranəliklərə yeni həyat bağışlayan, qapılarını səmərəli əməkdaşlıq və xeyirxah həmrəylik çağırışları ilə dünyanın üzünə açmış yüksələn Azərbaycanda deyil, başqa harada keçirilməli idi ki?!
Prezident İlham Əliyev Azərbaycanın bir zamanlar – XIX yüzilin sonlarında, həqiqətən, dünyanın neft istehsalı xəritəsində ən öndə gedən ölkə, dövrünə görə dünya neft sənayesində birincilik imzasını qoyanlardan olduğunu söyləyir, amma bu gün vaxtın çağırışlarına da ən fəal cavab verənlərin qabaq cərgəsinə çıxmaqla yaşıl enerji səmtində durmadan addım-addım irəlilədiyini bildirirdi. Həm də Azərbaycan liderinin bu açıqlamalarının özünəməxsusluğu və cəlbediciliyi onda idi ki, dünyaya təzadlı bir mənzərəni təqdim edir, xeyirin şər üzərində qələbəsinin hansı bəhrələr verə biləcəyini car çəkirdi – ÖLKƏNİN Yaşıl Gündəliyində indi qabarıq işarələnən həmin ərazilər dörd il əvvələdək işğal altında idi və təcavüzkar həmin bərəkətli torpaqlardan terrorçuların gizli təlim düşərgələrini yerləşdirmək, bir də narkotiklərin əkilib-becərilməsi və digər ölkələrə ötürülməsi üçün nəzarətdənkənar ərazilər kimi istifadə edirdi.
Bu gün Fransanın silahlandıraraq yeni qarşıdurmalara şitəndirdiyi Ermənistan belə etmişdi, indi Azərbaycansa azad Cəbrayılda Günəş enerjisi stansiyası qurmaq niyyətindədir, 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırır, ölkə ərazisinin dörddəbirini yaşıl enerji bölgələri elan edərək Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurda məqsədyönlü fəaliyyətə başlayıb.
Yəni məkrli makronların və onlaratayların barmağının tuşlaması ilə nə yalanlar üyüdürsünüz-üyüdün, amma Azərbaycan öz düz yolunda, gərəkli işlərini görməkdədir.
Dünən və bu gün Azərbaycan Avropanın enerji ehtiyaclarını ödəməkdə hansı xidmətini göstəribsə, sabah qitəyə yaşıl enerji ixrac etməkdə də ön sırada olacaq, çünki artıq bunun tədarüklərini görməkdədir.
Başqa sözlə, bihudə deyingənliklər və çeşidli fitnəkarlıqlar Azərbaycana badalaq vurmaq istəyənlərin özləri ilə qalacaq, uzaq olmayan sabahlarsa 2024-cü ilin noyabr günlərində başlıca hədəflərindən biri məhz yaşıl enerji olan İqlim Dəyişikliyi üzrə Konfransın təxirsiz məsələlərinin müzakirələri üçün BMT-nin Azərbaycanı ən münasib meydan olaraq seçməsindəki haqlılıq və uzaqgörənliyi bir daha isbata yetirəcək.
...Əslində o xəbərləri ki Azərbaycan dövlətinin başçısı insanlara və dünyaya çatdırır, onların hamısı mahiyyətcə xoş xəbərlərdir, sevinməli xəbərlərdir.
Amma niyyəti də, əməlləri də qara olanlarçün başqasının sevincinə üzdə olsa belə şadlanmaq həmişə müşküldür, dərd yüküdür.
Azərbaycan illərcə işğal altında qalmış torpaqlarını təcavüzdən xilas edib, yüz minlərlə məcburi köçkün üzücü ayrılıqlardan sonra dədə-baba torpaqlarına qayıtmağa başlayıb, dünyanın böyük yaralarından birinə əncam çəkilib, o işi ki dünyanın mötəbər beynəlxalq təşkilatları görməli olduqları halda yerinə yetirə bilməmişdilər, Azərbaycan özü həll edib və zahirən bütün bunlar gərək içərisində ədalət, düzlük, insaf hissi olan hər kəsi məmnun edə.
Ancaq Zəfərimiz daş olub düşüb bir bölük çürük fikirlinin, Cənubi Qafqazda qəsbçi maraqları olanların başına.
Yaxşı, o daş, o da onların başı, uzaqdan diş qıcadanların azarı məlumdur.
Di gəl, adı guya bizdən olmuş sayılan, bir qismi burada yaşayan, bir parası Vətəndən aralıda baş girləyənlərdən də o səslərə səs verənlər, Azərbaycanın hər nailiyyətinə elə düşmənin pəjmürdə olduğu kimi hiddətlənən, ağzı köpüklənə-köpüklənə kölgəmizi qılınclayanlar, qaramıza yazıb-danışanlar necə olsun?!
Axı bu cır səsləri dinləyincə onları kimin mumuc elədiyi xəbis deyişlərin eyniliyindən dərhal sezilir.
Görəndə ki, bu günlərdə hamınız necə səs-səsə veribsiniz, necə canfəşanlıqla yaxa yırtırsınız, gendən aydınca sezilir və anlaşılır ki, tapşırıq eynidir, göstəriş eyni mərkəzdən gəlir. Ağalar dəyişilə bilər, ata-ana kimi, Vətən də insana anadangəlmə nəsib olur. Dünyanın harasında yaşayıb hansı məzhəbə və məsləkə qulluq edirsən-et, Vətən axıracan səninlə qalır, ona xəyanət edənləri də öz bildiyi kimi gec-tez hökmən cəzalandırır.
Axı onun-bunun qapısında sülənməklə millət, Vətən satıcılığı kimi rəzalətə uğrayanlar alver masasına hansı müqəddəs, toxunulmaz dəyərləri çıxarmalarının gərək fərqində olalar.
Axı texnolojilərin indiki səviyyəsində tarixin bunları yadda saxlayıb gələcəyə ötürmək imkanı daha çoxdur!
Axı onların indiki əməlləri və sözlərinə görə xəcaləti gələcəkdə, artıq onların olmadığı çağlarda oğul-uşaqları, nəvə-nəticələri çəkməli olacaqlar.
Hərçənd Vətən və millət tüccarının nə vecinə oğul-uşağın aqibəti!
…Azərbaycan öz yaxın tarixindən yaxşı bilir ki, təklənmək, haqq səsinin eşidilməməsi, ya eşitməzliyə vurulması, beynəlxalq birliyin və cavabdeh dünya təsisatlarının laqeydliyi nə deməkdir. Ona görə də həmdərd olmaq, tək qalana əl uzatmaq, haqsıza yerini göstərmək Azərbaycan üçün təbii hissdir.
Noyabrın 13-də COP29 çərçivəsində daha bir Zirvə gerçəkləşirdi – inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) sammiti keçirilirdi və yenə Prezident İlham Əliyev kürsüdə idi, “Yanınızdayıq!” deyirdi, “Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir” söyləyirdi, inkişaf etmiş bütün ölkələrə səslənirdi ki, iqlim dəyişmələrinin fəsadlarından qoruna bilmələri üçün kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərin.
Azərbaycanın lideri mətləblərini yüksək kürsüdən sammit iştirakçılarına elan edirdi, ancaq COP29-un bütün aləmə açıq kamera və mikrofonlarından bu ümid verən, hayan duran səs dünyanın dörd bucağına yayılırdı. Əlbəttə ki, xeyirxahlıq, insanpərvərlik, həmrəylik dolu bu bəyanat ada dövlətlərinin Bakıya təşrif gətirmiş təmsilçilərini də, uzaqlardakı hər vətəndaşını da sevindirən, ümidləndirən, inamını artıran şad xəbər idi, ancaq bədxahlar, üzüqara müstəmləkəçilik keçmişli olanlarçün də bəd xəbər idi: “Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən, 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik. Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir”.
Son illərdə dünyanın ictimai-siyasi həyatındakı ən sanballılardan biri kimi baş tutmuş Bakı COP-29-unun şəksiz uğuruna məğlub acizanəliklə guya dodaq büzməyə cəhd edən üstümüzə qısqırdılmış riyakar səslər mırıldanırlar ki, müqayisə edin, COP28 vaxtı iştirakçıların sayı indikindən bir az çoxmuş, nə bilim, hava daha günəşliymiş, yağış daha yumşaq yağırmış. Fransanın, Niderlandın dövlət başçılarının Bakıya gəlməməsi də onların, sən demə, buraları saya salmamasıymış.
Düz ediblər ki, gəlməyiblər, gəlsəydilər, rastlaşacaqları töhmət və qaxınclar çox ağır olacaqdı, odur ki, onların nə özlərinin, nə muzdlu səslərinin bəhanələri keçərli deyil.
Prezident İlham Əliyev zalımları ifşa edirdi, məzlumlara ürək-dirək verir, ürəklərindən tikan çıxarırdı: “Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları, – gəlin həmin ərazidəki xalqları alqışlayaq, – bu gün, XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır”.
Kiçik ada dövlətlərinin sammitində Azərbaycan Prezidentinin bu sözlərini bürüyən alqışlar zədəli, ziyankar xətti ilə böyük ölkəsini mikronlaşdıranların qulaqlarında ən gur atəşlər kimi səslənməyə bilməz!
Şübhə yoxdur ki, özü burada olmasa da, qulağı və gözü Bakıya zillənmiş Makron administrasiyası Prezident İlham Əliyevin bu ittihamlarından noyabrın 13-də anındaca agah olurdu və yekə-yekə danışmağa adətkərdə olanlara belə soyuq duşlar dünyamızın daha əmin-aman olmasından ötrü daim lazımdır: “1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4.900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik”.
Xeyli müddətdir siyasi möhtəkirlik oylağına çevrilmiş Avropa Şurasına biz 2001-ci ildə ilk dəfə qədəm basarkən müəyyən qüvvələr qabaqdangəlmişlik edərək, heç şübhəsiz ki, mütəmadi qaldıracağımız Ermənistanın ona havadar qüvvələrlə Azərbaycan ərazilərini işğal etməsi məsələsindən diqqəti yayındırmaqçün qondarma “siyasi məhbus” məsələsini ortaya atmışdılar, bu saqqızı da sonra uzun müddət çeynədilər. Ancaq o dövrdə mən AŞPA-da yetərincə həmfikirlər də toplayaraq “Avropada siyasi məhbuslar” mövzusunda sənəd hazırlayıb nəşr etdirəndə, bu mövzunun da müzakirəyə çıxarılmasını istəyəndə ənənəvi ikili standartlar işə düşdü, “siyasi məhbus anlayışının meyarları yoxdur” dedilər.
COP29-un gedişini izləməkçün qeydiyyatdan keçmiş yüzlərlə kütləvi informasiya nümayəndəsi arasında düymələrinin haradan basıldığı ağızlarını açan kimi bəlli olanlar da vardı ki, ağlasığmaz səylərlə Bakımızın bu mühüm tədbir ərəfəsində daha da göyçəkləşdirilməsindən başlamış konfransın bütün təşkilati ayrıntılarınadək yerinə yetirilmiş miqyaslı işləri xəbisliklə gözdən salmaq qəsdi ilə iqlim dəyişikliyi ilə bağlı qayğılardan qabaq insan haqlarına daha yaxşı riayət etmək zəruriliyindən dəm vururdular. Onlar qımıldanınca xoruzun quyruğu dərhal görünürdü (elə bil atalarımız qədimlərdə bu ifadəni dilə-dişə salarkən elə indinin siyasi müstəvisini də irəlicədən təsəvvür ediblərmiş), ötürmənin haradan qaynaqlandığı duyulurdu.
Prezident İlham Əliyev bu məqamda da bədxahlarımızın ovqatını təlx edən, kürkünə birə salan neştərli sözlər deyirdi, Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi ekoloji cinayətləri sadaladıqdan sonra keçirdi bu ölkədəki rejimin insan hüquqlarına qarşı törətdiyi həqarətlərin siyahısına:
“Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır.
1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyasi məhbuslar dərhal azad olunmalıdır”.
Di al payını!
...Noyabrın 11-də müasir Azərbaycan tarixinin hədsiz qürurverici tədbiri açılırdı.
Bütün dünyanın gözü Azərbaycana dikilibsə, hansı vicdanlı millət övladı bundan qürur duymaz?!
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı işə başlayırdı, Prezident İlham Əliyev kürsüdə idi.
Həmişəki kimi vüqarlı, inamlı, ötkəm.
Əlbəttə ki, bu anlarda o, məsud idi.
10 milyonluq Azərbaycana dünyanın 196 (!) ölkəsindən gələn 72 min qonağı, onların da arasında 80 prezident, vitse-prezident və baş naziri öz milləti və dövləti adından salamlamaq imkanını tale hər liderə nəsib etmir.
Bu ali millətlər məclisini nə şəkildəsə gözdən salmaq, üstümüzə çirkab atmaq, dünya əhəmiyyətli bu tədbirin lazımınca alınmaması üçün iblisə də yalvararaq dua etməkdən tutmuş qarğışa, efir və yazı fitnəkarlığınacan hər cür çirkinliyə əl atmışların kirli arzuları ürəklərində qalmışdı.
BMT və Azərbaycanın böyük bayramı alınmışdı, uğurla başlanırdı və millətini, yurdunu sevən hər bir azərbaycanlının iftixar edəcəyi, ölkəmizin qanadlarını geniş açmasının daha bir təntənəsi olan bu möhtəşəm hadisənin müqəddiməsindəki açılış nitqində EV SAHİBİ Prezident İlham Əliyev bədxahlara bəd xəbər çatdırmağa məcbur idi.
Həm də bu ismarışı yalnız indiki deyil, gələcəkdəki bütün mümkün bədxahlara da ünvanlayırdı ki, Azərbaycan başladığı bütün işlərdə məqsədlərinə çatacaq, ZƏFƏRlər qazanacaq, sevincimizi bölüşməyə hazır olanlara fərəhimizdən pay düşəcək, istəməyənlərin burnu ovulacaq. Ayağımızın büdrəməsini diləyirsinizsə, sizi həmişə bu irinli sevincinizdən məhrum edəcəyik.
Bu günlərdə olduğu kimi!
Və həmişə!
...Lap az öncə – elə ilin sona yaxınlaşan bu günlərində Prezident İlham Əliyev yenə kameralar qarşısındaydı, “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direkroru Dmitri Kiselyovun müsahibi idi. Adətən olduğu kimi, suallar verilir, cavablar səslənirdi. Ancaq yenə həmişə olduğu kimi, Prezident İlham Əliyevin sözləri nə yalnız bu suallara verilən cavablardan ibarət idi, nə də təkcə həmin sorğunu nümayiş etdirəcək informasiya agentliyi üçün nəzərdə tutulmuşdu. Prezident İlham Əliyev yenə dünya ilə üz-üzə idi və sözünü hamıya deyirdi. Bu səs isə eşidilən səs, bu söz isə təsir edən sözdür. Çünki bu səs və söz Prezident İlham Əliyevə məxsusdur. Artıq illərdir ki, o, dünya liderləri arasında öz layiqli uca yerini tutub və onun dünyaya ötürdüyü mesajlar, Azərbaycan dövlətinin iradəsinin ifadəsi olan sözlər, əlbəttə ki, eşidilməyə, nəzərə alınmaya, qəbul edilməyə bilməz. Çünki bu deyişlərin hər biri haqqa, ədalətə, millət mövqeyinə və beynəlxalq hüququn təsdiqlədiyi meyarlara söykənir. Kimsə eşitmək istəmirsə, gec-tez eşitməyə vadar olacaq, kimsə nələrisə qəbul etməyə tələsmirsə, yenə vaxtı var – hökmən gerçəkliklə barışmalı olacaq. Bunu arxada qalan vaxt artıq dəfələrlə sübuta yetirib.
Ölkələrin, xalqların öz qınına qapılıb qaldığı əyyamlar artıq ötmüş tarixdir, yeni gün dövlətləri də, onların liderlərini də dünyanın nəbzindən yapışmağa, dünya nizamını öz töhfəsini verməyə dəvət edir. Kimi bu çağırışlara hay verərək gücü çatanı etməyə çalışır, kimisi də onsuz da müalicəyə ehtiyacı olan, ahəngi laxlamış Kürəmizi növbəti fəlakətlərə doğru sürükləyir. Bu gedişatda Prezident İlham Əliyevin səsi yenə ucadan, yenə vüqarla gəlir və Azərbaycan öndəri yalnız öz Vətənimizi və xalqımızı deyil, həm də dünyanın və bəşərin taleyindən nigaranlığını dilə gətirir, insanlığa yolun düzünü nişan verir: “Öz milli köklərinə və ənənəvi dəyərlərinə sadiqlik bu gün bəzi regionlarda çox nadir haldır. Gah xarici idarəçilik, gah tam mənəvi deqradasiya, yaxud onların biri digəri ilə birlikdə. Yəni bu, bizi sərfəli şəkildə fərqləndirir. Zənnimcə, bəşəriyyət üçün fəlakətli olan tendensiyanı tərsinə çevirə biləcəyik, bax bu pozğunluq, nümayişkaranə iblislik ki biz onu Paris Olimpiadasının açılışında gördük, o halların qarşısı alınmalıdır. Bunu liderlərə inanan cəmiyyət edəcək, bunu biz edəcəyik. Mütləq. Yoxsa biz azlıqda qalacağıq. Biz isə azlıqda qala bilmərik”.
Zahirən sadə sözlərdir, ancaq bu sadə sözlərdə dərin hikmət və dünyamızın əmin-aman sabahı var. Bunlar ülgü sözlərdir. Bu, Prezident İlham Əliyevin dünya insanına, dünya dövlətlərinə təklifləri, ortaq yuvamızı daha yaşamalı etməkçün ortaya qoyduğu düsturlardır. Dünya bu səsi eşidərsə, gələcəyi bu biçimdə qurarsa, əlbəttə ki, qazanan bəşəriyyət olacaq. Prezident İlham Əliyevin də, hər birimizin də həm arzumuz, həm inamımızdır ki, bu səs mütləq eşidiləcək!
Rafael HÜSEYNOV, akademik
23 dekabr 2024