Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Əlyazmalar İnstitutunun yeni çap kitabları beynəlxalq platformada sərgilənir
18.04.2022 10:24
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun yeni çap kitabları beynəlxalq platformada sərgilənir

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alim və mütəxəssislərinin son illərdə nəşr olunmuş kitablarının beynəlxalq təqdimatı davam etdirilir. Bu məqsədlə “Yaxşı mütaliə” (ing. – Goodreads) beynəlxalq kitab təqdimatı və təhlili platformasına institutun yeni çap kitabları barədə məlumatlar daxil edilib.

Bununla da 4 mərhələdə həyata keçirilməsi nəzərdə tutulan təqdimat prosesinin II mərhələsinə yekun vurulub. Bu mərhələdə 24 alim-mütəxəssisin 52 kitabı haqqında informasiya beynəlxalq ictimaiyyətə təqdim olunub. İşin ötən il yekunlaşmış I mərhələsində isə 23 alimin 89 əsəri sözügedən beynəlxalq reyestrə daxil edilmişdi. Beləliklə, son 2 il ərzində müəssisənin 47 alim və mütəxəssisinin 141 əsərinin biblioqrafik məlumatı daha geniş auditoriyanın diqqətinə çatdırılıb.

Qeyd edək ki, “Yaxşı mütaliə” beynəlxalq kitab təqdimatı və təhlili platforması “Amazon” şirkətinin yaratdığı sosial kataloqlaşdırma sistemidir. 2006-cı ildə yaradılmış platformanın hazırda 95 milyon istifadəçisi var. Burada dünyanın müxtəlif yerlərindən yüz minlərcə müəllifin 3 milyon kitabının referativ-vizual məlumatları əks olunub. İndiyədək həmin kitablar haqqında oxucuların 100 milyona yaxın rəyi platformada dərc edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: