Dövlət Gömrük Komitəsinin Akademiyasında “Qarabağda yeni iqtisadiyyat quruculuğu və potensial imkanlar” mövzusunda seminar keçirilib.
Seminarda İqtisadiyyat İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Akif Musayev məruzə ilə çıxış edib.
Akif Musayev post-konflikt ərazilərin bərpası, potensial imkanlar, qlobal informasiya trafikinin dinamikası barəsində ətraflı bəhs edib. O, eyni zamanda işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasının təmin edilməsinin vacibliyindən, bu prioritetin uğurla reallaşdırılması üçün dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya məqsədlərinə nail olunması ilə bağlı görülən işlərə də toxunub. A.Musayev vurğulayıb ki, Qarabağda iqtisadiyyatın yenidən qurulması prosesində biznes mühitinin formalaşdırılması, iqtisadi aktivliyin təşviqi və bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi mühüm amillərdir. Məruzəçi böyük resurslara və potensiala malik Qarabağın yenidən dirçəldiləcəyinə, regionun iqtisadiyyatının və sosial həyatının ən müasir səviyyədə yenidən qurulacağına əminliyini ifadə edib.
Tədbirdə müzakirə edilən sahələr ətrafında geniş fikir mübadiləsi aparılıb, seminar iştirakçılarının sualları cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.