AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) nümayəndələri ilə Birləşmiş Ərəb Əmirliklərinin Milli Meteorologiya Mərkəzinin Sunami Xəbərdarlıq Mərkəzinin rəhbəri Xəlifə Əl Ebri arasında “Zoom” platforması üzərindən onlayn müzakirələr keçirilib.
Görüşdə RSXM-nin Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya - minerologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, Zəlzələlərin tədqiqatı bürosunun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, büro rəisinin müavini, sistem adminstratoru Ruqiyyə Kərimova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov və İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı iştirak ediblər.
Seysmoloji Xidmət Mərkəzinin Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya - minerologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova bildirib ki, hazırda mərkəz tərəfindən respublika ərazisində kompleks seysmoloji-geofiziki, geodinamik və geokimyəvi tədqiqatlar aparılır. Seysmoloji tədqiqatların peyk rabitəsi ilə işləyən telemetrik stansiyalar vasitəsi ilə aparıldığını qeyd edən şöbə müdiri seysmik monitorinq mərkəzinin işi və Qarabağda quraşdırılacaq seysmik stansiyalar haqqında məlumat verib. Həmçinin dünyada ilk dəfə olaraq Azərbaycanda palçıq vulkanları ətrafında seysmik stansiyaların quraşdırıldığını və palçıq vulkanlarının dinamikasının bu stansiyalar vasitəsi ilə öyrəniləcəyini diqqətə çatdırıb.
Bununla yanaşı, bir neçə il əvvəl Dubayda “Kinemetrics” şirkətinin istehsalı olan seysmik stansiyaların şirkətin razılığı əsasında Azərbaycan seysmoloqları tərəfindən quraşdırıldığı da nəzərə çatdırılıb. Görüşdə mərkəz tərəfindən aparılan geofiziki tədqiqatlar və GPS stansiyaların işinə dair də məlumatlar təqdim olunub.
Birləşmiş Ərəb Əmirliklərinin Milli Meteorologiya Mərkəzinin Sunami Xəbərdarlıq Mərkəzinin rəhbəri Xəlifə Əl Ebri də görüşdə təmsil etdiyi təşkilat tərəfindən aparılan seysmloji tədqiqatlar və əldə olunmuş nəticələr haqqında məlumat verib. O, Azərbaycanda aparılan seysmoloji tədqiqatların yüksək səviyyədə olduğunu və bunun onlarda maraq doğurduğunu qeyd edib. Xəlifə Əl Ebri RSXM-lə ikitərəfli əməkdaşlıq qurmaq istəyində olduqlarını bildirib. Həmçinin tərəflər arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması və birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü də istisna edilməyib.
Görüşün nəticəsi olaraq, tərəflər birgə əməkdaşlığa dair memorandum imzalanması üçün ilkin razılıq əldə ediblər. Görüşdə qarşılıqlı maraq doğuran suallara da aydınlıq gətirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.