AMEA-nın İqtisadiyyat İnstitutunun İnklüziv sosial inkişaf şöbəsinin müdiri, i.e.d., dosent Rəsmiyyə Abdullayeva Qazaxıstanın Xalqlar Dostluğu Universitetinin təşkilatçılığı ilə keçirilən “İnklüziv təhsil - bərabər hüquqlu cəmiyyət quruculuğunun əsasları” mövzusunda onlayn tədbirdə iştirak edib.
Universitetin rektoru, professor Rabiqə Kuatbekova tədbir iştirakçılarını salamlayıb və “Sərhədsiz gələcək - xoşbəxtliyin mənbəyidir” mövzusunda məruzə ilə çıxış edib.
R.Abdullayeva tədbirdə Azərbaycanda əlil uşaqların sosial müdafiəsi, onların təhsil ala bilmək imkanları haqqında məlumat verib. O qeyd edib ki, bu sahədə təkcə dövlət tərəfindən deyil, eyni zamanda qeyri-dövlət strukturları (xeyriyyə fondları, qeyri-hökumət təşkilatları və s.) da müəyyən işlər görürlər. Onun sözlərinə görə, dünyada son illərdə fiziki məhdudiyyəti olan uşaqların cəmiyyətə inteqrasiyası, onların həmyaşıdları ilə bərabər şərtlər daxilində təhsil almaları prioritet məsələlərdəndir. Alim vurğulayıb ki, beynəlxalq təşkilatlar bu məsələyə xüsusi diqqət yetirirlər və bu, həm də inklüzivlik baxımından mühüm əhəmiyyət kəsb edir.
R.Abdullayeva bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulayıb. Həmçinin əlillərin cəmiyyətə inteqrasiyası, inküzivliyin təmin olunması ilə bağlı təkliflərini səsləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.