AMEA-nın Dendrologiya İnstitutunda Vitex agnus-castus L.- aid növünün üzərində tədqiqat işləri aparılıb.
Hal-hazırda fitopreparatlar və bioloji aktiv maddələr aromatik və dərman bitkilərinin mənbələri kimi böyük əhəmiyyətə malikdir. Aromatik bitkilərin çoxu məlum bir dozada mikrob öldürücü xüsusiyyətə malik olur. Bu efir yağlarının tərkibini əsas etibarilə terpenlərdən ibarət qarışıqlar təşkil edir. Belə preparatlara və efir yağlarına tələbat günu-gündən artır. Dərman vasitələrinin yeyinti sənayesindəki tələbatlarını ödəmək üçün aromatik bitkilərin becərilməsi və xammal bazasının genişləndirilməsi, eyni zamanda yeni bitki növlərinin becərilməsi və işlənilməsi vacib şərtlərdən biridir. Yeni bitki növlərinin inkişaf və biologiyasını öyrənmək, onların yığılması, xammalın hazırlanması, emalın artım xüsusiyyətlərini tədqiq etməyə imkan verir.
Belə perspektivli efiryağlı bitkilərdən biri Abşeronun iqlim şəraitində yaxşı becərilən, iqliminə uyğun gələn Viteks agnus-castus L. - Adi ərgudədir. Həm müsəlmanların, həm də xristianların atası olan bibliyalı İbrahim ata, bu bitkinin böyük gücə malik olduğunu bilirdi və ondan istifadə edirdi. Ağacın altında istirahət edərək gücünü və enerjisini mənimsəyirdi, sanki cavanlaşdığını hiss edirdi. Elə bununla əlaqədar olaraq bu bitki “İbrahim ağacı” adlandırıldı və bitki təmizlik rəmzi olaraq qiymətləndirildi. Qədim dövrlərdən bəri İbrahim ağacı - Teofrastın (e.ə. IV əsr), Hippokratın, Dioskorid və Plineyin yazılarında tanınmış dərman bitkisi olaraq qalıb. Atalar və minilliyin ilk peyğəmbərləri bitkidən yalnız yeməklərdə deyil, ibadət xidmətləri üçün də istifadə edirdilər.
XXI əsrdə süni dərmanların əlavə təsirlərini görərək, təbii vasitələrdən istifadəyə üstünlük verilir. Bitkilərin efir yağları uzun illərdən bəri müxtəlif məqsədlər üçün istifadə edilib. Adi ərgudə keşmiş dövrlərdən dərman kimi istifadə edilməkdədir. Hal-hazırda elm, İbrahim ağacının yarpaq və meyvələrinin xüsusi neyrohormonlar istehsal edən hipotalamus da daxil olmaqla endokrin vəzilərinə müsbət təsir göstərdiyini və öz növbəsində hipofiz tərəfindən hormonların ifrazını tənzimlədiyini sübut edib. İbrahim ağacının ətirli meyvələrinin tərkibində 0,5% -ə qədər efir yağı var, yarpaqlarda -38-118 mq vitamin C var. Qədim dövrlərdən bəri meyvələr qaraciyər və dalağın xroniki xəstəliklərində və ginekoloji xəstəliklərdə istifadə olunurdu. Meyvələrdə çox miqdarda alkaloid var, müasir onkoloji praktikada istifadə olunan dərman bitkiləri sırasındadır. Son zamanlarda farmakologiyada olan kəşflər və uğurlu terapevtik nəticələr bitkiyə diqqət və marağa səbəb olub (məsələn, Parkinson xəstəliyinin müalicəsində). Bununla əlaqədar olaraq, ondan hazırlanan preparatlar müxtəlif sinir və zehni xəstəliklərin müalicəsində, həmçinin, qadınların bəzi hormonal pozğunluqlarında istifadə olunur (məsələn, yumurtalıq əməliyyatından sonra). Müalicə üçün bitkinin bütün yerüstü hissəsi istifadə olunur, ən qiymətli hissəsi isə meyvələridir, ətirli dada malikdirlər. Təəccüblü deyil ki, bunlar bir çox ölkələrin, xüsusilə də şərq ölkələrinin kulinariyasında istifadə olunur. Yarpaq və meyvələri ət yeməklərinə, şorbalara, kolbasalara, balıq konservlərinə, mürəbbələrə əlavə olunur.
Viteks agnus - castus L. – Adi ərgudə - Verbenaceae Jaume-Hil Müqəddəs ağac, İbrahim ağacı, Monastr bibəri Minaçiçəyikimilər fəsiləsinin - Ərgudə cinsinə daxildir. Təbiətdə İbrahim ağacı (Aralıq dənizi vətəni hesab olunur) bütün Aralıq dənizi ölkələrində, Balkanlarda, Krımda, Kiçik Asiyada və İranda, Rusiyada isə Krasnodar diyarında yayılıb.
Yarpaqlarını tökən, geniş çətirli 3m-ə qədər hündürlüyü olan ağacdır. Budaqları və barmaqşəkilli yarpaqlarının alt tərəfi ağ tükcüklərlə örtülüb. Bozumtul bənövşəyi rəngli, ətirli çiçəkləri budaqların uclarında sıx, salxım halında olur. Yarpaqları qarşı-qarşıya yerləşən 3-7 yarpaqcıqdan ibarət barmaqşəkilli mürəkkəb yarpaqdır. Boruşəkilli çiçəkyanlığı beş üzvlüdür. Kasaciq boruşəkilli olub, beşdişciklidir. Erkəkciyi dörd ədəd olub çiçək tacından xaricə çıxır. Çişək tac sıx çiçək qrupunda yerləşir. İyun ayından sentyabra kimi çiçəkləyir, çiçəkləyəndə olduqca gözəl görünür. Kiçik, kürəşəkilli, qaramtıl meyvələri əzildikdə istiot dadı verir. Tozlanma həşəratlar vasitəsilə gedir. Bitki çox güclü və xoş ətrə malikdir. Meyvələri oktyabr-noyabr aylarında yetişir.
V. agnus-castus L.–Adi ərgudə toxumu 1951-ci ildə Batumi Botanika bağından gətirilərək Dendrologiya İnstitutunda introduksiya olunub. Bitki həm toxumla, həm də qələmlərlə çoxaldılır. Bitkinin toxumla çoxaldılması Q.A.Firsova, cücərtilərin morfoloji xüsusiyyətləri İ.T.Vasilçenko, İllik boy artımı A.A.Molçanov metodikaları əsasında öyrənilib. Aparılan tədqiqatdan belə nəticəyə gəlmək olar ki, V. agnus-castus L.-, həmçinin odunlaşmış qələmlər vasitəsilə çoxaltmaq olar və bu ən faydalı üsuldur.
Bitkinin bütün hissələrində iridoidlər (aukubin, aqnozid), flavanoidlər (kastisin, izoviteksin, orientin, izoorientin), alkoloidlər, aşı maddələr, vitaminlər, mikroelementlər və efir yağları var. Efiryağlılığını müəyyən etmək üçün analitik xammal kimi bitkinin əsas hissələrindən (çiçək oxu, çiçək və yarpaq) və gövdəsindən istifadə edilir. Bu tədqiqatlar bitkinin inkişaf fazasında öyrənilən xammalı xarakterizə etməyə, nümunə və tədqiqat materialını dəqiq müqayisə etməyə imkan verir. Analitik nümunə kimi qurudulmuş xammaldan (gövdədən başqa) istifadə olunur.
Laboratoriya şəraitində efiryağlılığın müəyyənləşdirilməsi Klevendjerin hidrodistilyasiya üsulu ilə aparılır. Efir yağının əsas komponentlərinin çəki nisbəti xromatoqrafda qazoxromatoqrafiya üsulu ilə kapillyar sütun vasitəsilə müəyyən edilib.
Vegetasiya dövründə xammalın fraksiyalarla analizi göstərib ki, əsas hissə yarpaqlara düşür (69,0%), kütləvi çiçəkləmə fazasında aşağı düşür (38,0%).Yarpaqlarda efir yağının miqdarı kifayət qədər çoxdur və vegetasiya müddətində kütləvi çiçəkləmə fazasına qədər 0,73%-dək dəyişir. Vegetasiyanın çiçəkləmə dövründə 34,0% təşkil edir, efir yağının miqdarı 0,8%-dən - 0,23%-dək təşkil edir.
Ümumiyyətlə qeyd etmək olar ki, Adi ərgudənin böyümə fazasından çiçəkləmə fazasına qədər 0,67%-dən 0,30%-dək, kütləvi çiçəkləmə mərhələsində isə birdən-birə 0,17%-dən aşağı enir. Xammalın yüksək məhsuldarlığı çiçəkləmənin başlanğıcında 0,30% müşahidə edilir. Vegetasiyanın müxtəlif mərhələlərində yığılan efir yağının komponent tərkibinin analizi göstərib ki, əsas komponent tərkibini terpen CH-lər; α-pinen, sabinen, limonen, linalool, kamfen, estragole, terpinen - 4-ol, α-terpinen, 1,8- cineol və s. ibarətdir.
Eyni zamanda Adi ərgudə (Vitex agnus-çastus L.) bitkisinin antimikrob xüsusiyyətləri araşdırılıb. Adi ərgudə bitkisinin yarpaqlarından əldə edilən efir yağından istifadə edərək həm Gr(+), həm də Gr(-)bakteriyalar üzərində tədqiqatlar aparılmışdır:Gr(-) Escherichia coli ATCC 25922, Gr(-) Pseudomonas aeruginosa ATCC 27853, Gr(+) Staphylococcus aureus ATCC 25923 və Gr(+) Mikrococcus luteus NSİMB 13267 bakteriya ştammlarından disk duffuziya yolu ilə həssaslıq öyrənilib.
Belə müəyyən olub ki, xammalın yarpağından alınan yağın antimikrob xüsusiyyəti yüksək faizdir.
Bu gün müqəddəs Vitex, dünyada efir yağlı, qida, dərman və bəzək bitkisi kimi qiymətləndirilir, kosmetika, dərman, qida sənayesi, aromaterapiya və fitoterapiya sahəsində istifadə edilir. O eyni zamanda Azərbaycanın digər torpaq-iqlim şəraitində də böyüyür. Hal-hazırda bu bitkidən xiyaban, bağ və meydanlarda dekorativ olaraq becərilir.
İradə MƏMMƏDOVA, AMEA-nın Dendrologiya İnstitututunun Ağac və kol bitkilərinin intraduksiyası və iqlimləşdirilməsi laboratoriyasının elmi işçisi
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.