Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.10.2022 13:09
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda Beynəlxalq Türk Akademiyası ilə birgə elmi-nəzəri seminar keçirilib

Ədəbiyyat İnstitutunda Beynəlxalq Türk Akademiyası ilə birgə elmi-nəzəri seminar keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Beynəlxalq Türk Akademiyasının əməkdaşları ilə elmi-nəzəri seminar keçirilib. Seminarda Beynəlxalq Türk Akademiyasının prezidenti vəzifəsini icra edən Füzuli Məcidli, Nəpil Batılxan və Aida Eyvazlı da iştirak ediblər.

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli çıxışında bildirib ki, Beynəlxalq Türk Akademiyasının sabiq prezidenti Darxan Kıdırəli Azərbaycanla, türk dünyası ilə Beynəlxalq Türk Akademiyası arasında böyük əlaqələr qurub: “Azərbaycanla əlaqələrə daim əhəmiyyət verib. O, bizim institutun Fəxri doktorudur. Onu nazir seçilməsi münasibətilə təbrik edirik. İndi növbə Azərbaycana keçib, Füzuli Məcidli Beynəlxalq Türk Akademiyasına rəhbərlik edir. Monqolustanda qazıntılar aparılıb. Böyük türk düşərgəsi, Orxon-Yenisey abidələrinin mənşəyi tapılıb. Bu seminarda orada görülən işlərdən danışacağıq. Biz bu tarixi kəşfinə, elmə verdiyi töhfələrə görə, Beynəlxalq Türk Akademiyasına minnətdarlığımızı bildiririk. 130 ildən çoxdur ki, bu abidələr əsasən mətn kimi öyrənilir. Hələ ki, Orxon-Yenisey abidələri ədəbiyyat, tarix, fəlsəfə, coğrafiya baxımından öyrənilməyib. 1950-ci illərdə bir tədqiqat aparılıb. Artıq ədəbiyyat yönümdən öyrənməyin zamanıdır”.

Beynəlxalq Türk Akademiyasının prezidenti vəzifəsini icra edən Füzuli Məcidli seminarın təşkili üçün təşəkkürünü bildirib. Əlavə edib ki, akademik İsa Həbibbəylinin Beynəlxalq Türk Akademiyasının qurucularından biri kimi, yaradılmasında və inkişafında çox böyük töhfəsi olub. Beynəlxalq Türk Akademiyası 2016-cı ildən Monqolustanda arxeoloji qazıntılar həyata keçirir: “İlkini Altay dağlarından başlamışdıq. Monqolustanın iki bölgəsində görülən işlərin fotolarını görürsünüz. Bu yazıların oxunmasında böyük əməyi keçən alimlərdən biri də Nəpil bəydir”.

Seminarda Nəpil Batılxan çıxış edərək nümayiş olunan fotolardakı abidələr haqqında ətraflı məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: