Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

Açıq və gizli niyyətli İran
05.11.2022 15:38
  • A-
  • A
  • A+

Açıq və gizli niyyətli İran

Son vaxtlar İranın regional siyasətinin əsas istiqamətləri sırasında Qafqaz ölkələri ilə bağlı müddəalar ön sıraya keçib. Azərbaycanın Vətən müharibəsində işğalçı Ermənistanı məğlub edərək ərazi bütövlüyünü bərpa etməsinin Cənubi Qafqazda yaratdığı yeni reallıqlar İranın ölkəmizə qarşı siyasətində anlaşılmaz və zərərli nüanslar aşkara çıxarıb.

Sözdə Azərbaycanla ortaq dəyərlərdən, dostluq münasibətlərindən dəm vuran bu ölkənin rəhbərliyi təcavüzkar Ermənistanla hərtərəfli iş birliyi yaratmaqla ölkəmizə qarşı revanşist əhvalı qızışdırmaqda davam edir. Bu gedişat İranın Azərbaycanla bağlı siyasətini müxtəlif səviyyələrdə – ilk növbədə, tarixi, diplomatik, elmi-nəzəri və media platformalarında yenidən nəzərdən keçirməyi zəruriləşdirir.

- AMEA-nın Şərqşünaslıq İnstitutunun Güney Azərbaycan şöbəsinin müdiri Səməd Bayramzadə bütün bunlar barədə qəzetimizə açıqlamasında bildirdi:

– İranın Azərbaycanla münasibətləri və əlaqələri xüsusi cəhətləri ilə fərqlənir. Bu da anlaşılandır. Belə ki, 1813 və ­1828-ci illərdə Rusiya İmperiyası ilə İran arasında müvafiq olaraq imzalanmış Gülüstan və Türkmənçay müqavilələrinə görə Azərbaycan və azərbaycanlılar iki ölkə arasında bölünmüş oldu. Qeyd edilməlidir ki, etnik azərbaycanlıların böyük əksəriyyəti İran ərazisində yaşayırlar. Müxtəlif mənbələrdə və mütəxəssislər tərəfindən İranda yaşayan Azərbaycan türklərinin sayı 30-35 milyon nəfər arasında göstərilir. İranın keçmiş xarici işlər naziri Ə. Salehi 2012-ci il Ankarada səfərdə olarkən 75 milyon nəfər əhalisi olan İranda yaşayan azərbaycanlıların ölkə əhalisinin 40 faizini - 30 milyon nəfər təşkil etdiyini bildirmişdi.

İranda azərbaycanlıları və farsları yalnız ərazi deyil, eyni zamanda, din birliyi də yaxınlaşdırır. Belə ki, eyni dinə etiqad edən həm azərbaycanlı, həm də farsların adət-ənənələrində, təbii ki, oxşar cəhətlər formalaşmışdır. Sözsüz ki, yuxarıda qeyd olunan bu cəhətlər hər iki xalqı yaxınlaşdırır. İranı və Azərbaycanı bir-birinə tərəf çəkən çox amillər vardır, amma bununla belə, onları bir-birindən uzaqlaşdıran amillər də mövcuddur.

Bu gün İran azərbaycanlısının milli şüurunun unikallığı bir tərəfdən onun birləşdirici amil olan şiəlik mentaliteti və digər tərəfdən də türk milli əsası ilə bağlı olmasındadır. İran rəhbərliyi də sonuncuya iki ölkənin münasibətlərində gərginlik yaradan amil kimi baxır. Sözsüz ki, milli-dini amillər Azərbaycan və İran arasında dövlətlərarası münasibətlərin inkişafına təsir göstərir. Amma regionda, xüsusilə, Qafqazda, siyasi-iqtisadi və hərbi problemlərin miqyası çərçivəsində milli-dini amilləri bu gün həlledici deyil, yan amillər kimi qiymətləndirmək olar.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Arazqırağı bölgəyə səfərlərinin birində regiondakı proseslərdən danışarkən İran tərəfinə də mesaj olaraq demişdir: “Bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz”. Bu gerçəklik baxımından İranı daha çox narahat edən onun qonşuluğunda suveren Azərbaycan Respublikasının hərbi-iqtisadi cəhətdən güclənməsi, Avropa, xüsusilə də Türk birliyi dövlətləri ilə inkişafda olan bərabərhüquqlu əməkdaşlığı, dünyanın ən qlobal problemlərinin həllində nüfuz sahibi olan dövlətlərlə bir sırada dayanması, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərində çox mühüm geosiyasi mövqeyə malik olmaqla regionun çox mühüm problemlərinin həllində söz sahibinə çevrilməsi kimi məsələlərdir.

Azərbaycan Qarabağ qələbəsindən sonra qətiyyətlə bəyan etdi ki, bundan əsas istəyi bölgədə maneəsiz keçid əldə etmək, Zəngəzur dəhlizini işə salmaqdır ki, qatarlar və avtomobillər Naxçıvana, Türkiyəyə rahat keçə bilsin. Keçən ilin dekabrında İranla Azərbaycan arasında yükdaşımaları intensivləşdirmək məqsədilə Astara çayı üzərində avtomobil körpüsünün yenidən inşası ilə bağlı razılıq əldə olundu. Ötən ilin dekabrında İran, Azərbaycan və Gürcüstan Fars körfəzi-Qara dəniz marşrutu məsələsi üzərində də razılaşdı. Azərbaycan Fars körfəzi ilə Qara dəniz arasındakı daşımalarda əsas tranzit olacaq.

Nəticədə, İran müharibədən sonra Cənubi Qafqazda həyata keçiriləcək layihələrdən kənarda qalmayacaq, eyni zamanda da bu razılaşma hələ əsası 8 il öncə qoyulmuş “bir kəmər, bir yol” layihəsinin İran üzərindən keçən Cənub dəhlizinin potensialını artırmaqla Azərbaycan və İran arasında mövcud gərginliklərin azalmasına, əməkdaşlığın yüksələn xətt üzrə inkişafına, ölkələrin və onların xalqlarının yaxınlaşmasına, regionda sülhün və sabitliyin qorunmasına, eləcə də təhlükəsizliyin təmin olunmasına qarant olacaqdır. Azərbaycan əməldə də göstərir ki, onun məqsədi gərginlik yaratmaq yox, digər qonşu dövlətlərlə olduğu kimi, İranla da əməkdaşlıq etmək, ortaq layihələri reallaşdırmaqdır. Bir şərtlə ki, Azərbaycanın daxili işinə qarışmasınlar.

- Azərbaycan-Ermənistan münaqişəsinin davam etdiyi dövrdə, eləcə də ölkəmizin qələbəsi ilə bitən 44 günlük II Qarabağ savaşından sonra ermənipərəst mövqe tutan İranın artıq bu təcavüzkar ölkə ilə strateji əlaqələr qurmasını vurğulayan müsahibimiz dedi:

– Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması dar mənada Azərbaycanın əsas hissəsinin Naxçıvanla inteqrasiyasını təmin etmək olmasına baxmayaraq, geniş mənada regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq layihə hesab olunur. Lakin İran tərəfi bi layihəni ilk gündən öz maraqlarına qaşı ciddi təhlükə kimi qarşılayıb. Bu ölkə Zəngəzur dəhlizinin açılmasını düyünə salmaq üçün ona öz ərazisindən paralel olan dəhlizin yaradılmasında israrlıdır. Azərbaycan İran layihəsini alternativ variant kimi qəbul etsə də, İran rəsmiləri Ermənistandan keçən birbaşa dəhlizi “qırmızı xətt” elan ediblər.

Zəngəzur dəhlizinin yaradılması iqtisadi cəhətdən ciddi problemlər yaşayan Ermənistanın özü üçün də olduqca mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, keçən müddət ərzində Zəngəzur dəhlizinin yaradılmasına maneçilik törətdi, üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, müxtəlif bəhanələrlə, qəsdən onu əngəlləməyə çalışdı. Ermənistan rəhbərliyi elə zənn edirdi ki, belə bir kommunikasiya yalnız onun ərazisindən və onun icazəsi ilə yaradıla bilər. Təəssüf ki, İran da bu mövqedədir.

Qafqaz respublikaları içərisində müsəlman İranının ən sıx əlaqələri xristian Ermənistanı ilə formalaşmaqdadır. Bu münasibətlərin indiki durumunda yalnız iqtisadi səbəblər deyil, eyni zamanda, praqmatik siyasi amillər də əsas rol oynayır. Həm İran, həm Ermənistan məlum səbəblər üzündən müəyyən dərəcədə təcrid olunmuş vəziyyətdədirlər. Eyni zamanda da hər iki dövlət Türkiyə ilə münasibətlərə ehtiyatla yanaşır, belə ki, onlar regionda “pantürkist” ideyaların yayılması və güclənməsindən, eyni zamanda, Qarabağın erməni işğalından azad olunmasından sonra “sionist qüvvələrin onların sərhədlərinə yaxınlaşmalarından” narahatdırlar. Bu, ortaq mövqe İranla Ermənistanı yaxınlaşdıran amillər sırasındadır.

- Səməd Bayramzadə İran-Azərbaycan münasibətləri ilə yanaşı, İran–Türkiyə münasibətlərinin də region üçün xüsusi əhəmiyyət kəsb eməsini söylədi:

– Bütün dünyaya məlumdur ki, Türkiyə və Azərbaycan strateji müttəfiqdir. Bu dövlətin təhlükəsizliyi Azərbaycanın təhlükəsizliyidir. İran qardaş Türkiyə ilə münasibətlərin bu səviyyəsindən narahatdır və qısqanc mövqeyini gizlətmir. İran–Türkiyyə münasibətlərindən danışarkən ilk olaraq qeyd edilməlidir ki, rəsmi Ankara 20 ilə yaxındır İranı Türkiyə üçün təhlükəli dövlətlər siyahısından çıxarıb.

Türkiyə hakimiyyəti İrana qarşı çoxsaylı təzyiqlərin qarşısını alıb. Hətta İstanbulda bu ölkənin atom proqramının dinc məqsədli olmasına dair beynəlxalq konfrans belə keçirib. Qərbdən olan müttəfiqlərinin İslam Respublikasına qarşı son illər tətbiq etdiyi sanksiyalara, demək olar, qoşulmayıb. İran isə bütün bunların müqabilində uzun illərdir Türkiyənin təhlükəsizliyi və ərazi bütövlüyünü təhdid edən terrorçu təşkilatları dəstəkləyib. Suriya və İraqdan Türkiyəyə hücumlara yardım edib.

Tehran hakimiyyəti Azərbaycanla münasibətlərdə olduğu kimi, üzdə Türkiyə ilə də mehriban qonşuluq münasibətlərindən danışaraq alt qatda qonşu dövlətdə xaos yaratmaq, onu zəiflətmək üçün fəaliyyət göstərmişdir. Bu baxımdan, Türkiyəyə qarşı pozuculuq həm də onun strateji müttəfiqi olan Azərbaycana qarşı pis addım sayılmalıdır. Azərbaycan və Türkiyə beynəlxalq aləmdə İranın təklənməsi ilə bağlı sanksiyalara qoşulmamaqla İslam həmrəyliyinə və qonşuluq münasibətlərinə sadiqliklərini sübut etmişlər.

Beləliklə, İranın Azərbaycana və Türkiyəyə qarşı münasibətindəki açıq-gizli narahatlıq hallarından, arzuolunmaz addımlardan əl çəkməməsi artıq qəbuledilməz səviyyəyə çatmışdır.

“Xalq qəzeti”

  • Paylaş: