Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.11.2022 09:34
  • A-
  • A
  • A+

Sumqayıtın Yaşma bağları ərazisində ovdan aşkarlanıb

Sumqayıtın Yaşma bağları ərazisində ovdan aşkarlanıb

Bu yaxınlarda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin əməkdaşları tərəfindən Sumqayıtın Yaşma bağları ərazisində ovdan aşkarlanıb.

Regional İdarənin rəisi Sabit Qurbanov bildirib ki, ovdan uzun illər istifadə olunub və orta əsrlərə aid olduğu ehtimal edilir: “Araşdırmalarımız nəticəsində bu ərazidə ovdan aşkarladıq. Eyni ilə bu ovdandan Xızı rayonunun Şurabad qəsəbəsində də var. Lakin Yaşmada yerləşən ovdanın özəlliyi, onun üzərində Qobustan, Səngəçal, Hacıqabul, Siyəzən və Şamaxı ərazilərində tapılan bəzi türk tayfa damğaları həkk olunub. Bu ovdanın üzərində 24 Oğuz boyundan biri olan Salur tayfasının damğası var. Bununla yanaşı, ovdanın üzərində insan fiquruna oxşayan damğa da aşkarlanıb. Bu damğalar noğayların istifadə etdiyi tayfa damğasıdır. Ümumiyyətlə, abidənin üzərində altıyadək damğa mövcuddur. Buradakı damğalar Şimali Qafqazda tapılan damğalarla 70 faizə yaxın uyğunluq təşkil edir.”

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı Minayə Feyzullayeva isə bildirib ki, ərazidə ovdanın mövcudluğu onun yaxınlığında yaşayış məntəqəsinin olmasından, eləcə də, vaxtilə burada karvansaranın mövcudluğundan xəbər verir: “Ovdanın ətrafından saxsı fraqmentlərin tapılması, qədim daşların mövcud olması ərazinin karvan yolu üzərində yerləşdiyini deməyə əsas verir. Böyük ehtimal ki, burada karvansara olub və burada gecələyənlər ovdandan istifadə ediblər”.

Qeyd edək ki, ərazidə aşkar olunan ovdanın tarixi və xüsusiyyətləri ilə bağlı daha geniş arxeoloji təqdiqatlara ehtiyac var.

Apa.az

  • Paylaş: