Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.11.2022 11:40
  • A-
  • A
  • A+

Ağdaşda akademik Bəkir Nəbiyev adına 3 nömrəli tam orta məktəbin 140 illik yubileyi qeyd olunub

Ağdaşda akademik Bəkir Nəbiyev adına 3 nömrəli tam orta məktəbin 140 illik yubileyi qeyd olunub

Ağdaş şəhərində akademik Bəkir Nəbiyevin adını daşıyan 3 nömrəli tam orta məktəbin 140 illik yubileyi qeyd olunub. 1882-ci ildə görkəmli maarifçi, Qori seminariyasının məzunu İsmayıl bəy Qayıbov tərəfindən yaradılmış və Azərbaycanda ilk dünyəvi təhsil ocaqlarından biri olan, fəaliyyətini bu gün də uğurla davam etdirən qocaman məktəb tarixi boyu onlarla görkəmli Azərbaycan ziyalısına, elm xadiminə həyata vəsiqə verib.

Birinci Qarabağ müharibəsində və 44 günlük Vətən müharibəsində şəhid olmuş, yaralanmış, qəhrəmanlıq göstərmiş, dövlət tərəfindən təltif edilmiş vətənpərvər Ağdaş gəncləri arasında 3 nömrəli məktəbin də yetirmələri az deyil. Məktəbin yüzlərlə məzunu dövlət orqanlarında, iqtisadiyyatın, sosial həyatın, mədəniyyəin ən müxtəlif sahələrində ölkəmizin güclənməyinə və inkişafına xidmət edir. 

Yubiley münasibətilə təşkil olunmuş mərasimin iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, məktəbin foyesində bu təhsil ocağının tarixini əks etdirən sərgi ilə tanış olub, sinif otaqlarında tədris prosesini izləyiblər.

Ağdaş şəhəri Habil Əliyev adına musiqi məktəbinin geniş zalında keçirilən “Üç əsrin şahidi” adlı təntənəli tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü,  3 nömrəli məktəbin məzunu olmuş Məzahir Əfəndiyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Ağdaş şəhər İcra Hakimiyyəti başçısının müavini İsmayıl Yusifzadə, təhsil işçiləri, məktəbin yaşa görə təqaüddə olan müəllimləri, Vətən müharibəsi iştirakçısı olmuş məzunları və digər qonaqlar iştirak ediblər.  

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Məktəbin direktoru Ələs Novruzov çıxış edərək məktəbin tarixi, qazandığı uğurları, tanınmış məzunları haqqında məlumat verib, məktəbin keçdiyi tarixi yolu əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə səslənmiş çıxışlarda ölkə başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanda təhsilin inkişafına göstərdikləri böyük qayğı və diqqət vurğulanıb, xatirələr, arzular, təbriklər səslənib, məktəb müəllimlərindən bir qrupuna Fəxri fərmanlar təqdim edilib.

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovun və Əməkdar elm xadimi, professor, ədəbiyyatşünas alim Qəzənfər Paşayevin məktəbə ünvanladıqları təbriklər səsləndirilib.

Tədbirdə çıxış edən AMEA-nın Rəyasət Heyəti aparatının elmi katibi Sadıx Nəbiyev rayon ictimaiyyətini, məktəbin pedaqoji kollektivini yubiley münasibətilə təbrik edib, ədəbiyyatşünas alim Bəkir Nəbiyevin son əsərini - vəfatından sonra nəşr olunmuş “Üzeyir Hacıbəylinin ömürnaməsi” kitabını məktəbin kitabxanasına hədiyyə edib.

Təntənəli mərasim şagirdlərin ifasında şeirlər, mahnılar və ədəbi-bədii kompozisiyalardan ibarət geniş konsertlə başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: