5 dekabr görkəmli Azərbaycan şairi və dramaturqu, mütəfəkkir Hüseyn Cavidin Sibirdə, ailəsindən uzaqlarda əbədiyyətə qovuşduğu tarixdir. Bu münasibətlə Hüseyn Cavidin Ev Muzeyində böyük sənətkarın anım mərasimi keçirilib, eləcə də “Əbədi Cavid” adlı sənəd və kitab sərgisinin təqdimat mərasimi baş tutub.
Tədbiri açan Hüseyn Cavidin Ev Muzeyinin baş direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı çıxış edərək bildirib ki, Hüseyn Cavid 81 il öncə İrkutsk vilayətinin Tayşet rayonununda vəfat etmiş, lakin bu acı xəbər şairin ailəsinə 7 il sonra verilmişdir. Doğma el-obasından, qüdrətli sənətinin pərəstişkarlarından uzun illər ayrılsa da, xalqı sevimli şairini unutmadı, onun əziz xatirəsini hafizəsində qorudu. Cavidə 1956-cı ildə bəraət verilsə də, ona əsl bəraəti Ulu Öndər Heydər Əliyev 21 iyul 1981-ci il tarixdə qazandırdı. Həmin gün Azərbaycan Kommunist Partiyasının Mərkəzi Kommitəsinin iclasında Hüseyn Cavidin 100 illik yubileyinin qeyd olunması qərara alındı. Bu gündən sonra dahi sənətkarın xatirəsinin əbədiləşdirilməsi, ölməz irsinin elmi tədqiqi və təbliği istiqamətində konkret addımlar atıldı. Qəlblərdə yaşayan Hüseyn Cavidin tanınması, mənəvi bəraəti, öyrənilməsi, xatirəsinin əbədiləşdirilməsi üçün təkcə müasir deyil, gələcək nəsillərin də əbədi xatırlayacağı möhtəşəm işlər görən Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Cavidin nəşi vətənə qaytarıldı. 26 oktyabr 1982-ci il tarixdə Cavid Sibirdən Bakıya gətirildi və sənətkarın ata yurdu Naxçıvanda əbədi olaraq ana torpağa tapşırıldı.
Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra Cavidin Naxçıvanda məqbərəsinin inşa edilməsi, yubileylərinin dəfələrcə dövlət səviyyəsində qeyd olunması, Bakıda yaradılan ev muzeyinin fəaliyyətə başlaması istiqamətində qətiyyətli addımlar atıldı. Hüseyn Cavidin Ev Muzeyi fəaliyyətə başladığı gündən şairin həyat və yaradıcılığının tədqiqi və təbliği sahəsində mühüm işlər görmüş, sənətkarın külliyyatını orijinal mətni əsasında bərpa edib, nəşr etdirmiş, aparılan tədqiqat işləri nəticəsində ölkədə cavidşünaslığın əsas mərkəzi kimi tanınmışdır.
Hüseyn Cavidin Bakıdakı Ev Muzeyi son illərdə təkcə Cavidin əsərlərinin çapı, müxtəlif dillərə tərcüməsi və xarici ölkələrdə təbliği ilə kifayətlənməmiş, bütövlükdə Cavidlər ailəsinin - Mişkinaz xanımın, Ərtoğrol və Turan Cavidlərin həyat və yaradıcılığı ilə bağlı bir çox işlər görmüş, cavidlər irsinin tədqiq və təbliğatçısı kimi şöhrət qazanmışdır.
Daha sonra G.Babaxanlı tədbir iştirakçılarını muzeyin Elmi ekspozisiya şöbəsinin hazırladığı “Əbədi Cavid” adlı sənəd və kitab sərgisi ilə tanış edib. Nümayiş olunan materiallar arasında Cavidin əlyazmaları və nəşinin Sibirdən Vətənə qaytarılmasını əks etdirən sənədlər sərgi iştirakçılarının marağına səbəb olub. Həmçinin muzeyin cari ildəki nəşrlərindən nümunələr iştirakçılara hədiyyə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.