Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.12.2022 14:02
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun illik hesabat iclası keçirilib

Şərqşünaslıq İnstitutunun illik hesabat iclası keçirilib

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları ilə əlaqədar hesabat iclası keçirilib.

İclasda AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva institutun 2022-ci ildəki fəaliyyətini əks etdirən hesabatı diqqətə çatdırıb.

Hesabatda 2022-ci ildə institut əməkdaşlarının səmərəli elmi fəaliyyət göstərərək, “Şərq ölkələrinin ictimai, iqtisadi, mədəni-tarixi inkişafı və Azərbaycanla əlaqələri” istiqaməti üzrə araşdırmalar apardıqları və elmi-tədqiqat planında nəzərdə tutulmuş bütün işləri yerinə yetirdikləri qeyd edilib.

Sonra hesabat ilində institut əməkdaşlarının elmi-tədqiqat işləri barədə məlumat verilib. Qeyd edilib ki, elmi-tədqiqat işləri 1 elmi istiqamət, 5 problem çərçivəsində aparılıb. Plan üzrə icra olunan 100 elmi-tədqiqat işindən 57 iş bu il başa çatıb, qalan işlərin 2022-ci il üçün nəzərdə tutulan hissəsi yerinə yetirilib.

İl ərzində institutda 23 kitab, monoqrafiya və məqalələr toplusu çap olunub,  6 kitab isə hazırda çapdadır.

Hesabat ilində institut əməkdaşlarının 400-dən artıq məqalə, məruzə və tezisi çap olunub. Bunlardan 56 elmi məqalə xaricdə (Türkiyə, Ukrayna, Almaniya, Cənubi Koreya, Qazaxıstan, Gürcüstan, Rusiya Federasiyası, İraq, Çexiya, İran İslam Respublikası,  Özbəkistan,  Qırğızıstan, Mərakeş, Rumıniya, Əlcəzair və s.) nəşr edilib.

İl ərzində institut əməkdaşları 78 dəfə xaricdə (Türkiyə, İspaniya, Misir, Kolumbiya,  İsveç, Ukrayna,  İran İslam Respublikası, Pakistan, Kipr, ABŞ, Hindistan, Malayziya, Bolqarıstan, Meksika, Moldova, Qazaxıstan,  Rusiya Federasiyası, İraq, Rumıniya və s.)  və 96 dəfə Azərbaycanda keçirilən cəmi 174 beynəlxalq elmi konfransda məruzə ediblər.

Hesabatda 2022-ci ildə institutda xarici ölkələrin səfirləri, elm və dövlət nümayəndələri ilə keçirilən görüşlər, təşkil edilən konfrans, seminar və tədbirlər, institutda kadr hazırlığı və digər məsələlər barədə də məlumat verilib.

Sonra hesabat ətrafında müzakirələr aparılıb.

İclasın sonunda AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının sədr müavini, akademik Nərgiz Axundova çıxış edərək, Şərqşünaslıq İnstitutunun böyük ənənələrə malik olduğunu və hesabat ilində institutda görülən işlərin Şərqin bütün problem sahələrini əhatə etdiyini söyləyib, institutun 2022-ci ildəki fəaliyyətini müsbət qiymətləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: