Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalının (SAF 2022) bağlanış mərasimi keçirilib.
Nazir Emin Əmrullayev əvvəlcə festival qaliblərini təbrik edib, ölkəmizdə “STEAM Azərbaycan” layihəsi istiqamətində görülən işlərə dövlət tərəfindən yüksək səviyyədə dəstək göstərildiyini vurğulayıb. Nazir bu dəstəyə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür edib.
Layihənin son 3 ildə 100 mindən çox şagird, yüzlərlə məktəbi əhatə etdiyini deyən nazir yaxın vaxtlarda STEAM muzeyi, STEAM İnnovasiya Mərkəzinin də fəaliyyətə başlayacağını diqqətə çatdırıb.
Nazir çıxışının sonunda bu cür festivalların mütəmadi təşkil ediləcəyini bildirib.
Bağlanış mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “STEAM Azərbaycan” layihəsini yeni nəslin intellektual inkişafı üçün düşünülmüş mükəmməl bir layihə adlandırıb və qalibləri təbrik edib.
Mərasimdə “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov hesabatla çıxış edib. Bildirilib ki, SAF 2022-də 43 komanda I, 102 komanda II, 108 komanda isə III yerə layiq görülüb.
Daha sonra qalib komandalara mükafatlar təqdim edilib.
Qeyd edək ki, festival dekabrın 5-dən 9-dək keçirilib.
SAF 2022-yə ümumilikdə 350 komandadan 1500-dək iştirakçı qatılıb. Onlardan 127-si xarici ölkə, 1300-ü isə yerli iştirakçı olub. Əcnəbi iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil ediblər.