Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.01.2023 09:19
  • A-
  • A
  • A+

Xalqa bağışlanmış ömürdən anlar: 1996-cı ilin iyunu

Xalqa bağışlanmış ömürdən anlar: 1996-cı ilin iyunu

AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

2 iyun – Prezident Heydər Əliyev BMT-nin İnkişaf Proqramının rəhbərini və həmin qurumun Azərbaycandakı əlaqələndirici rezidentini qəbul etdi.

3 iyun – Kislovodskda Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanın dövlət başçıları ilə görüşdü.

4 iyun - “Şahdəniz” yatağının birgə işlənməsi ilə bağlı keçirilən tədbirdə çıxış etdi.

12 iyun - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 7-ci sessiyasında nitq söylədi.

14 iyun – Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyəti ilə görüşdü.

20 iyun - Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı münasibətilə keçirilən rəsmi qəbulda iştirak etdi.

24 iyun – Ölkədə aqrar islahatların gedişinə və torpaq islahatlarına həsr olunmuş müşavirədə çıxış etdi.

28 iyun – İlin birinci yarısının yekunları ilə bağlı iclas keçirdi.

29 iyun - XXVI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarla görüşdü.

Ümummilli Lider Heydər Əliyevin 1994-cü ildən etibarən həyata keçirdiyi yeni neft strategiyası iqtisadiyyatın möhkəmlənməsi ilə yanaşı, sabitliyin və təhlükəsizliyin qorunmasına yönəlmişdi. “Əsrin müqaviləsi” çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq”, “Günəşli”, “Qarabağ” yataqlarına 1996-cı ildə “Şahdəniz” yatağı da əlavə olundu. İyunun 4-də “Şahdəniz”in işlənməsinə dair müqavilənin imzalanması mərasimində çıxış edən Heydər Əliyev "Əsrin müqaviləsi"nin Azərbaycanın inkişafında rolunu vurğulayaraq dedi: “Biz bu gün dünyanın məşhur və çox güclü neft şirkətləri ilə bu neft müqaviləsini imzalayarkən Azərbaycan Respublikasının iqtisadiyyatını inkişaf etdirmək, xalqımızın, vətəndaşlarımızın rifah halını yaxşılaşdırmaq məqsədi daşıyırıq”. Ulu Öndər bildirdi ki, bu müqavilələrin hazırlanması və onları imzalamaq haqqında qərarlar qəbul edilməsi çox böyük əmək, eyni zamanda böyük iradə tələb edir.

Daxili siyasət kursunda islahatlara böyük önəm verən Heydər Əliyev köhnəliklə qətiyyətlə mübarizə apararaq, yeniliklər yolu ilə milli dövlətçiliyin, milli iqtisadiyyatın əsaslarını yaradırdı. Azərbaycanın tənəzzüldən davamlı inkişaf yoluna çıxması məhz ölkə həyatının bütün sahələrini əhatə edən köklü islahatlar strategiyasının nəticəsi idi.

1996-cı il iyunun 24-də ölkədə aqrar islahatların vəziyyəti və torpaq islahatı ilə bağlı geniş müşavirə keçirildi. İslahatların, həmçinin aqrar islahatların dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayan Heydər Əliyev, həmçinin bu sahədəki mövcud nöqsanları açıb göstərdi. Torpaq haqqında qanun layihəsinin qəbul edilməsinin zəruri olduğunu diqqətə çatdıraraq, dövlət mülkiyyətinin özəlləşdirilməsi, bazar iqtisadiyyatı, sahibkarlığın inkişafına dair fikirlərini bildirdi. Eyni zamanda, qanunların ləng icra olunmasından narazılığını ifadə edərək onu da vurğuladı ki, milli sərvət olan torpağı onu becərən insanlara vermək, bununla bağlı dövlət proqramı qəbul etmək lazımdır.

Sitat: “Biz torpağı qorumalıyıq, ona çox diqqətlə, çox qayğı ilə, – çox ehtiyatla yanaşmalıyıq. Torpağın hər bır kvadratmetri bizim üçün əziz və əvəzsiz bir sərvətdir. Biz torpağa bu mövqedən yanaşmalıyıq. Bununla yanaşı, torpaqdan səmərəli istifadə olunması üçün bundan sonra çox ciddi işlər, çox ciddi tədbirlər görməliyik”.

İqtisadi islahatlar mövzusu iyunun 28-də ilin yekunlarına həsr olunmuş müşavirədə də müzakirə olundu. Ulu Öndər Nazirlər Kabinetinin, iqtisadiyyatın inkişafı ilə birbaşa əlaqədar olan müvafiq nazirliklərin və Prezidentin İcra Aparatının rəhbərlərindən ilin birinci yarısında ölkə iqtisadiyyatında görülən işlər barədə hesabat tələb etdi. Əhalinin sosial rifahının yaxşılaşdırılmasının vacibliyinə diqqət çəkən Heydər Əliyev vurğuladı ki, bazar iqtisadiyyatına keçid üçün müvafiq qanunvericilik bazası yaradılmalı, nizam-intizam gücləndirilməli, idxal və ixrac prosesləri qanunlarla tənzimlənməlidir.

Sitat: “Məlumdur ki, iqtisadiyyatımızın və iqtisadi kompleksdəki işlərin əsas məqsədi və mənası əhalinin rifahını yaxşılaşdırmaq və sosial problemlərin həlli üçün lazımi şərait yaratmaqdır. Əgər biz iqtisadiyyatda istədiyimiz nailiyyətləri əldə edə biləriksə, onda şübhəsiz ki, sosial problemlərin həllində, iqtisadiyyatın sosial yönümünün inkişaf etdirilməsində qarşımızda duran vəzifələri həyata keçirə və məqsədimizə nail ola bilərik”.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrə, eləcə də idmana münasibət kökündən dəyişdi. İdman və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi, Azərbaycanın olimpiya hərəkatına qoşulması əsas vəzifə kimi qarşıya qoyuldu. 1992-ci ildə Milli Olimpiya Komitəsinin (MOK) yaranması, İlham Əliyevin 1997-ci ildə MOK-un prezidenti seçilməsi bu sahədə uğurlara yol açdı. Azərbaycan müstəqil ölkə kimi olimpiadada ilk dəfə 1996-cı ildə iştirak etdi. ABŞ-ın Atlanta şəhərində keçirilən XXVI Yay Olimpiya Oyunlarında ölkəmizə yeganə medalı sərbəst güləşçi Namiq Abdullayev gətirdi. Güləşçimizin qazandığı gümüş medalı qızıla bərabər hesab edən Heydər Əliyev onu “Şöhrət” ordeni ilə təltif etdi.

Ulu Öndərin 1996-cı il iyunun 29-da XXVI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarla görüşü uğurlar üçün stimul oldu. İlk dəfə müstəqil Azərbaycanı təmsil edən olimpiyaçılara üzünü tutan Heydər Əliyev onların üzərinə böyük məsuliyyət düşdüyünü, idmanın ölkəmizi beynəlxalq arenada tanıtmaq baxımından mühüm əhəmiyyətini vurğuladı, gənc nəslə bəslədiyi inamı ifadə etdi.

Heydər Əliyevin XXVI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarla görüşdəki çıxışından

*İlk dəfədir ki, dünya olimpiya oyunlarında müstəqil Azərbaycanın yığma komandası iştirak edir. Mən şübhə etmirəm ki, gələn olimpiya oyunlarında Azərbaycanın yığma komandası sayca bundan da çox, keyfiyyətcə daha yüksək olacaqdır. Çünki xalqımız, millətimiz genetik xüsusiyyətlərinə görə fiziki cəhətdən sağlam insanlardan ibarət olan xalqdır, millətdir. Fiziki sağlamlıq və fiziki güc, mənəvi sağlamlıqla bərabər Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir.

*Azərbaycanın müstəqilliyini dönməz, yenilməz, əbədi etmək üçün yeni, gənc nəsil yetişməli, böyüməli və Azərbaycanın bayrağını əllərdən əllərə ötürərək irəliyə aparmalıdır. Bu nəsil sizsiniz, gənclərdir, gənclərin içərisindən seçilmiş idman ustalarıdır.

*Azərbaycanın bir dövlət kimi, böyük təbii sərvətlərə malik olan bir ölkə kimi böyük gələcəyi var. Amma bu gələcəyi biz sizinlə birlikdə qurmalı, yaratmalıyıq və gənclər Azərbaycanın gələcəyini öz çiyinlərində irəliyə aparmalıdırlar.

  • Paylaş: