AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri, fil.e.d., dosent Nailə Səmədova Rusiya Federasiyasının Kazan şəhərində “Dillərin öyrənilməsi metodikasının təkmilləşdirilməsi: mütərəqqi təcrübənin mübadiləsi platforması” mövzusunda keçirilmiş VII beynəlxalq elmi-metodiki konfransda onlayn şəkildə iştirak edib.
Alim “Azərbaycan ədəbiyyatı Məmməd Səid Ordubadinin araşdırmalarında” adlı məruzə ilə çıxış edərək Azərbaycan ədəbiyyatında tarixi roman janrının əsasını qoymuş Məmməd Səid Ordubadinin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan zəngin şəxsi arxivi, yazıçının buraya daxil olan əsərlərinin avtoqraf nüsxələri, məktubları, sənədləri, ədəbi və ictimai fəaliyyəti ilə əlaqədar materiallar, ailə sənədləri, özünün və başqalarının çap əsərləri haqqında məlumat verib, məruzəsində görkəmli şəxsiyyətin nasir, dramaturq, şair, publisist olmaqla yanaşı, eyni zamanda ədəbiyyatşünas alim kimi fəaliyyət göstərildiyini nəzərə çatdırıb və onun elmi yaradıcılığını ətraflı təhlilə cəlb etdiyini vurğulayıb.
Konfransın sonunda Nailə Səmədova məruzəsinə görə beynəlxalq sertifikatla təltif olunub.
Qeyd edək ki, onlayn şəkildə baş tutmuş beynəlxalq elmi-praktiki konfrans Kazan Federativ Universiteti, Filologiya və mədəniyyətlərarası əlaqələr İnstitutu və “Qəyum Nasıri İnstitutu” Elm və Təhsil Mərkəzinin Ümumi dilçilik və türkologiya kafedrasının birgə təşkilatçılığı ilə həyata keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.