Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Anarın ədəbiyyat fəzası və gerçəklikləri
14.03.2023 09:46
  • A-
  • A
  • A+

Anarın ədəbiyyat fəzası və gerçəklikləri

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının əsas yaradıcılarından biri olan Xalq yazıçısı Anar çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik görkəmli yazıçı və tanınmış ictimai xadimdir. Anarın ədəbiyyatımızın və ictimai fikrimizin inkişafı yollarında keçdiyi məsuliyyətli və şərəfli yol ölkəmizin və xalqımızın müstəqillik taleyi ilə üzvi surətdə bağlı olub, ədəbiyyat və incəsənətimizin inkişaf etdirilməsindən müstəqil dövlətçiliyimizin qazanılmasına və daha da möhkəmləndirilməsinə qədərki bütün istiqamətləri özündə birləşdirir.

Ölkəmizin ən görkəmli yaradıcı ziyalılarından biri olan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Azərbaycan ədəbiyyatında altmışıncılar ədəbi hərəkatının əsas liderlərindən biridir. Azərbaycanda altmışıncıların fəaliyyətinin ədəbiyyatda yeniləşmə meyillərindən ədəbi-ictimai hərəkat səviyyəsinə qalxmasında Xalq yazıçısı Anarın böyük xidmətləri vardır. Onun həm altmışıncılar ədəbiyyatının ideya-estetik enerjisini özündə əks etdirən, orijinal sənətkarlıq xüsusiyyətlərinə malik olan bədii əsərləri, həm də nəşr etdirdiyi "Qobustan" jurnalı vasitəsilə həyata keçirdiyi ümummilli yaradıcı fəaliyyət ölkəmizdə ədəbi-ictimai proseslərin altmışıncılardan - altmışıncılar hərəkatı məqamına yüksəlməsində müstəsna dərəcədə əhəmiyyət kəsb etmişdir. Daha doğrusu, Anar sovet dövrü Azərbaycan ədəbiyyatının mürəkkəb ictimai-siyasi mühiti içərisində yeni ədəbiyyatın əsas yaradıcılarından biri kimi qəbul olunmuşdur. Hətta keçmiş Sovet İttifaqı məkanında da altmışıncıları təmsil edən bir neçə tanınmış yeni nəsil yazıçı və şairlə birlikdə Anar altmışıncıların parlaq bir  nümunəsinə çevrilərək ədəbi prosesin istiqamətini dəyişdirməyi bacarmışdır. Anar özünün dərinməzmunlu əsərlərini Azərbaycan ədəbi mətbuatı ilə yanaşı, keçmiş SSRİ-nin dünyada yayılan və oxunan "Novıy mir", "Drujba narodov", "Yunost" kimi jurnallarında da çap etdirməklə həm müttəfiq respublikalarda, həm də Avropa ölkələrində, ən azı keçmiş sosialist düşərgəsində nəinki tanınmış, hətta altmışıncılar hərəkatının önünə çıxmışdır.

Heç şübhəsiz, Anarı XX əsrin altmışıncı illərində fərqli ədəbi nəsil kimi meydana çıxmış altmışıncıların ən görkəmliləri - İosif Brodski, yaxud Yevgeni Yevtuşenko və ya Andrey Voznesenski ilə müqayisə etmək olar. Hətta bu müqayisədə də əsl ədəbiyyat yaratmaq baxımından Anar xeyli dərəcədə qabaqdadır. Rusiya altmışıncılarında ictimai-siyasi pafos və açıq publisistik etirazlar ön mövqedə olduğu halda, Anarda cəmiyyətdəki ziddiyyətlərin həyatın adiliklərinin və dərinliklərinin təsviri fonunda təsvir edilməsi ilə rejimin daxili mahiyyətinin puçluğunun, çöküşünün təqdimatı diqqət mərkəzinə çəkilmişdir. Beləliklə, Anar və "Qobustan" jurnalı sovet ədəbiyyatı mühitində həmin ədəbiyyatın əsaslandığı ideoloji mühiti açıq şəkildə tənqid etmədən sosialist realizmi yaradıcılıq metodunun prinsiplərinin çərçivəsindən çıxan, bu ideoloji cərəyanın sədlərini aşan yeni tipli ədəbiyyat yaratmaqla ədəbi mühitin məcrasını gerçək insana və real həyat həqiqətlərinə doğru istiqamətləndirmişdir. Müasirləri və həmfikirlərindən bir çoxunun siyasi publisistika üslubunda dediklərini əsl ədəbiyyat vasitəsilə ifadə etmişdir.

XX əsrin altmış-səksəninci illərində Anarın sərt realizm üslubunda yazdığı bədii əsərlər sosialist realizmi metodunun ideoloji buzlarını sındırmış və yeni tipli ədəbiyyatın aydın bir modelini meydana qoymuşdur. "Nəsrin fəzası" adlı elmi-ədəbi traktatı altmışıncılar ədəbiyyatının və yeni realizm ədəbi axınının manifesti kimi səslənmişdir. "Nəsrin fəzası" geniş mənada da ədəbiyyatın fəzasını və üfüqlərini müəyyən edən və istiqamətləndirən mükəmməl elmi-ədəbi traktatdır. Tərəddüd etmədən Anarın altmışıncı illərdə qələmə aldığı bir çox əsərləri - "Ağ liman", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Molla Nəsrəddin - 66" və sair orijinal bədii nəsr nümunələrini Azərbaycandan kənarda da altmışıncılar ədəbiyyatının modeli kimi qəbul etmək olar. Bu mənada "Nəsrin fəzası"nın əhatə etdiyi fəzanın da genişliyi etibarilə, ümumiyyətlə, altmışıncıların ədəbiyyatının fəzasını və bütövlükdə ədəbi-ictimai fikrin üfüqlərini müəyyən edən elmi-ədəbi əsər kimi də diqqəti cəlb edir. Bu o deməkdir ki, Anar XX əsrin altmışıncı illərindən etibarən yaranan yeni ədəbiyyatın əsas liderlərindən biri kimi diqqəti cəlb etmişdir.

O zaman Sovet İttifaqı miqyasında qazandığı mövqeyi indi Anar türk dünyası ədəbiyyatında və ümumən, dünya ədəbiyyatında daha da inkişaf etdirmiş və möhkəmləndirmişdir. Xalq yazıçısı Anar müasir dövrün ən görkəmli yazıçılarından biridir.  

Rəhbərlik etdiyi "Qobustan" jurnalı altmışıncılar ədəbiyyatının ideya-ədəbi qərargahı funksiyasını yerinə yetirmişdir. Altmışıncıların ardıcılları olan yetmişincilər və səksənincilər ədəbi nəsillərinin formalaşdırılması və istiqamətləndirilməsində də Anarın əsərləri və "Qobustan" jurnalı bələdçi funksiyasını həyata keçirmişdir. Bu mənada vaxtilə Sovet İttifaqı miqyasında yeni ədəbi nəslin hazırlanmasında Aleksandr Tvardovskinin "Novıy mir" jurnalının yerinə yetirdiyi missiyanı Azərbaycanda "Qobustan" jurnalı gerçəkləşdirmişdir. Bu baxımdan Anarın yaradıcılıq idealları ilə "Qobustan" jurnalının ədəbi məramı bir-birini tamamlayır. Daha geniş mənada, Azərbaycan ədəbiyyatında altmışıncılar ədəbiyyatına "Qobustançı ədəbiyyat" da demək mümkündür. Görkəmli dövlət xadimi Heydər Əliyev "Qobustan" jurnalının fəaliyyətini aşağıdakı kimi yüksək qiymətləndirərək demişdir: "Məsələn, "Qobustan" jurnalını xatırlayıram. O yarananda əleyhinə nə qədər cürbəcür hərəkətlər oldu. Mənim xatirimdədir. Biri gəlirdi ki, nə bilim, millətçilik ideyası yayır. Biri deyirdi ki, bizim quruluşun əleyhinə ideyalar yayır, biri o biri tərəfdən, biri bu biri tərəfdən gəlirdi. Mən də götürürdüm, baxırdım bu "Qobustan" jurnalına, görürdüm burada bunların dedikləri şey yoxdur, amma bizim üçün lazım olan şeylər çoxdur. Ona görə də "Qobustan" jurnalı yaşadı. Bu gün mən məmnuniyyət hissi ilə deyirəm - "Qobustan" jurnalı o vaxt çox böyük işlər gördü. …Bizim bu milli dirçəliş,   milli oyanış, milli özünütanıtma prosesində "Qobustan"ın rolu çox böyük olubdur."

Xalq yazıçısı Anar ədəbiyyatın bütün ədəbi növlərində bədii əsərlər yazmış və uğur qazanmışdır. Ədəbi növlərdən və janrlardan istifadə etmək baxımından Anar Azərbaycan ədəbiyyatındakı ən universal yazıçılardan biridir. Həm də Anarın timsalında universallıqla professionallıq bir-birini yüksək səviyyədə tamamladığı üçün o, sözün böyük mənasında, yazıçı, sənətkar məqamına çatmışdır. Bununla belə, Anar hər şeydən əvvəl nasir kimi şöhrət qazanmışdır. XX əsrin ikinci yarısı və müstəqillik epoxasında Azərbaycan bədii nəsrinin şedevrləri Anarın qələmindən çıxmışdır.

"Molla Nəsrəddin - 66" satirik hekayələri klassik mollanəsrəddinçi ədəbi ənənənin yeni tarixi şəraitindəki fərqli bir təzahürüdür. "Molla Nəsrəddin - 66" hekayələr silsiləsi yeni tarixi mərhələdə Azərbaycan ədəbiyyatında Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin" satira ənənələrinin yaradıcı şəkildə davam etdirilməsi demək idi. Anar "Molla Nəsrəddin - 66" silsiləsi ilə Azərbaycan satirik nəsrini "Sayların sərgüzəşti", "Zarafatsız", "Gülməşəkər kəndinin sabahı", "Zəncir", "Kəlam qonaqlığı" və sair kimi nadir satiralarla zənginləşdirmişdir. "Molla Nəsrəddin - 86" hekayələr silsiləsi ilə Anar yeni dövrün realist-satirik ədəbiyyatını böyük sənət zirvəsinə qaldırmışdır. Xalq yazıçısının müstəqil hekayələr kimi yazdığı "Yaxşı padşahın nağılı", "Paqonlu kabuslar", "Kim Dali; yaxud yaşasın söz azadlığı", "Muhakkak görüşürüz" kimi hekayələrini də "Molla Nəsrəddin - 86" seriyasına daxil etməkdə klassik mollanəsrəddinçiliyin yeni mərhələsini yaratmışdır. Azərbaycan ədəbiyyatında mollanəsrəddinçiliyin Mirzə Cəlil mərhələsi və Anar dövrü vardır.

Böyük mübahisələrlə qarşılanan məşhur "Anlamaq dərdi" essesi Anarın və ümumən, altmışıncıların ustad kimi qəbul etdikləri Cəlil Məmmədquluzadənin sənət ideallarını fərqli bir traktovkada şərh etməkdən başqa, həm də yeni dövrün mollanəsrəddinçi - azərbaycançı ədəbiyyatının proqramı kimi qəbul olunmuşdur. İlk dəfə Sovet İttifaqının paytaxtı Moskvada çıxan "Novıy mir" jurnalında çap edildikdən sonra Azərbaycanda oxuculara çatdırmaq imkanı qazanan, ciddi ədəbi-ictimai məzmuna malik olan bu əsər geniş mənada müttəfiq respublikalarda da özünəməxsus əks-səda doğurmaqla SSRİ miqyasında yeni ədəbiyyatın və fərqli ədəbi nəslin gəlişinin buzqıranı missiyasını icra etmişdir. Anarın "Ağ liman" povesti altmışıncılar ədəbiyyatının yeni tipli stenoqramı, "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı isə bu ədəbiyyatda kiçik insana və gerçək həyata doğru dönüşün qaçılmaz olmasının isbatıdır. "Dantenin yubileyi" povesti sovet siyasi sisteminin qocalıb köhnəlməsinin və çökməyə məhkum olmasının Azərbaycan ədəbiyyatındakı ilk paroludur. "Yaxşı padşahın nağılı" hekayəsi isə sovet cəmiyyətinin ədəbi alleqoriyasıdır. "Ağ qoç, qara qoç" dövlət müstəqilliyi idealının mükəmməl romanıdır.

XX əsrin II yarısı Azərbaycan dramaturgiyasının görkəmli yaradıcıları sırasında Xalq yazıçısı Anarın da fəxri yeri vardır. "Adamın adamı", "Şəhərin yay günləri", "Şəhərin qış günləri" Anarın yeni dövr Azərbaycan dramaturgiyasındakı ədəbi möhürüdür. "Sizi deyib gəlmişəm" pyesi ilə Anar klassik mollanəsrəddinçilərin öz sözləri vasitəsilə, heç bir əlavə və düzəliş etmədən orijinal bir nümunəsini yaratmışdır. Bu həm də mollanəsrəddinçi ənənələrin bütün dövrlər üçün aktual və müasir olduğunu əyani şəkildə nümayiş etdirən bənzərsiz ədəbi örnək kimi də əhəmiyyətlidir. Anar senariləri ilə də Azərbaycan dramaturgiyasında yeni səhifələr açmışdır. Anar ssenarist-dramaturq kimi  də dramaturgiyada fərqlənir. Ssenarilərində dramatik süjetlər olduğu kimi, dramlarında da ssenari xüsusiyyətləri vardır. Ona görə də Anarın dramları əsasında ssenari mətni yazmadan film çəkmək olar. "Torpaq. Dəniz. Od. Səma", "Gün keçdi", "Qəm pəncərəsi" Anarın kinodramaturgiyanı zinətləndirən qiymətli əsərləridir. Mirzə Fətəli Axundzadə, Üzeyir bəy Hacıbəyli, Hüseyn Cavid, Səttar Bəhlulzadəyə həsr edilmiş sənədli filmləri həm də bədii filmlərdir. "Dədə Qorqud" filmi həm Anarın kinodramaturgiyasının və həm də Azərbaycan kino sənətinin şah əsəridir.   Bu film "Kitabi-Dədə Qorqud" eposu əsasında çəkilmiş müasir əsərdir. Anar VII əsr Azərbaycan eposu olan "Kitabi-Dədə Qorqud" dastanının süjetlərini və qəhrəmanlarını yaşadığı dövrlə üzvi surətdə əlaqələndirməklə XX əsrin və sonrakı dövrlərin yeni tipli "Dədə Qorqudu"nu yaratmışdır. Sovet ideologiyasının hökm sürdüyü şəraitdə meydana çıxmış bu film Azərbaycanda milli düşüncənin, vətənpərvərlik tərbiyəsinin, azərbaycançılıq ideyalarının genişləndirilməsinə və qüvvətləndirilməsinə bir ordu qədər xidmət göstərmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Xalq yazıçısı Anarın "Dədə Qorqud" filminə yüksək qiymət vermişdir: "Mən Anarın bu münasibətlə yaratdığı filmi çox qiymətləndirirəm. …Anarın bu barədə təşəbbüsü olmasaydı və "Dədə Qorqud" filmini yaratmasaydı, "Kitabi-Dədə Qorqud" dastanı haqqında xalqımız üçün bu qədər geniş məlumat yox idi". Oxuculara məlum olduğu kimi, Anarın yaradıcılığında poeziyanın da özünəməxsus yeri vardır. O, şeir yazmağı, sadəcə, həvəs adlandırsa da, hətta "həvəsdi-bəsdi" desə də, onun yaradıcılığında poeziya davamlı yer tutur. Müşahidə olunan əsas cəhət bundan ibarətdir ki, Anarın şeirləri daha çox intellektual fikirlərin poetikləşdirilməsindən yoğrulmuşdur. Anar bir çox hallarda məqalələrində və ya nəsr əsərlərində ifadə etdiyi tezisləri müstəqil şeirlərə çevirir. Şeirlərini kitab halında oxuculara çatdırması, nəvələrinə həsr etdiyi uşaq şeirlərini böyük həvəslə yazmaqda davam etdirməsi şeir yazmaq odunun Anarda közərməkdə olduğunu, sönməyəcəyini aydın surətdə göstərir. Anarın nəsrindəki lirizmin bir kökü də onun şeirə bağlı olmasından irəli gəlir.

Azərbaycanda tənqid və ədəbiyyatşünaslığın inkişafında da Anarın müstəsna xidmətləri vardır. Böyük demokrat Cəlil Məmmədquluzadə haqqında Anarın "Anlamaq dərdi" əsərindən ciddi əsər göstərmək çətindir. "Ədəbi Mirzə Cəlil" məqaləsi də ustad Mirzə Cəlil Məmmədquluzadəyə həsr olunmuş əhəmiyyətli elmi-publisist əsərdir. Azərbaycan ədəbiyyatının görkəmli yaradıcılarından bəhs edən ədəbiyyatşünaslıq yönümlü əsərlərində Anar ədəbiyyatın bütün dövrlərinə və ədəbiyyatımızı yaradanların sənət dünyasına nəinki tədqiqatçı, hətta mütəfəkkir səviyəsində dərindən bələd olduğunu əyani şəkildə nümayiş etdirir. Bununla belə, "Dədə Qorqud dünyası" əsəri Anarın tənqid və ədəbiyyatşünaslıq sahəsindəki çoxillik fəaliyyətinin zirvəsidir. "Dədə Qorqud dünyası" monoqrafik tədqiqatı dünya qorqudşünaslığında möhtəşəm Azərbaycan eposuna həsr edilmiş ən fundamental əsərdir.

Anarın ədəbi-tənqidi əsərləri əsasən esse səpkisində yazılmışdır, yəni bu əsərlərdəki elmi fikirlər yazıçı düşüncələri və baxışları kimi təqdim olunur. Beləliklə, Anar esse janrına elmi baxış, mütəfəkkir yanaşma gətirmişdir. O, ədəbi simalarla bərabər, ictimai-siyasi şəxsiyyətlər, incəsənət xadimləri haqqındakı esselərində də ədəbi düşüncənin elmi-ictimai baxışlarla üzvi surətdə sintez edilməsini həmişə diqqət mərkəzində saxlamışdır. Bu yolla "Anar" elmi-bədii publisistikanın əsas yaradıcılarından biri kimi  çıxış edir.

XX əsrin yetmiş-səksəninci illərində Azərbaycan xalqının dövlət müstəqilliyi uğrunda milli azadlıq mübarizəsinə hazırlanmasında da Xalq yazıçısı Anarın əsərlərinin böyük təsiri olmuşdur. Anarın dərinməzmunlu bədii əsərlərində sovet dövründə ədəbiyyatda ideologiya işığında təqdim olunan uydurma müsbət qəhrəmanlar deyil, hər cür süni boyalardan uzaq olan gerçək insanın və onun keşməkeşli taleyinin təsvir edilməsi ilə siyasi buxovların məngənəsindən xilas olmağın zəruriliyi meydana qoyulmuşdur. Anar eyni zamanda dövlət müstəqilliyinin başlanğıc illərində ölkəmizdə yaşanan çətinlikləri və çıxış yollarını da əsərlərində əks etdirməklə mənsub olduğu xalqa "nə etməli" sualına cavab tapmaqda bələdçi olmuşdur. Görkəmli yazıçının "Ağ qoç, qara qoç" və "Otel otağı" povestləri Azərbaycan cəmiyyətinin keçid dövrünün keşməkeşli hekayətləridir. "Ağ qoç, qara qoç" povesti dünyanın ən mürəkkəb prosesləri içərisində müstəqil dövlətçiliyi qoruyub saxlamağın və daha da möhkəmləndirməyin ədəbi təlimatı təəssüratı yaradır. Anarın yazıçı fəhmi və ictimai xadim kimi həyatı dərindən təhlil edib qiymətləndirmək istedadı "Ağ qoç, qara qoç" əsəri vasitəsilə müstəqil dövlətçiliyin mahiyyətinin dərindən dərk olunmasına və gələcəyə işıq salınmasına imkan yaradır. "Göz muncuğu" romanı ilə Anar dövlət müstəqilliyi mövzusundakı mütəfəkkir yazıçı baxışlarını tamamlayır. Anar öz oxucusuna müstəqil Azərbaycanı "göz muncuğu" kimi qorumağın əsl vətəndaşlıq borcu olduğunu çatdırır. İdeya-məzmun cəhətdən olduğu kimi, bədii-sənətkarlıq baxımından da bu əsər Azərbaycan ədəbiyyatının göz muncuğu sayılmağa layiqdir.

Geniş dünyəvi dünyagörüşə, zəngin mütaliəyə və dərin biliyə malik olan Anar ictimai baxışlarına görə azərbaycançıdır. Klassik azərbaycançılığın XX əsrin axırları və XXI əsrin əvvəllərində mükəmməl təməllərini yaratmış görkəmli sənətkarlarımızdan sonra XXI yüzilliyin astanasında, 1999-cu ildə "Azərbaycançılıq haqqında düşüncələr" adlı məqaləsi ilə yeni tarixi epoxanın azərbaycançılıq konsepsiyasını irəli sürən Anar milli kimlik məsələsini milli dövlət müstəqilliyi məsələsi ilə birlikdə dəyərləndirmişdir. Anarın Azərbaycan dilinin qorunması və zənginləşdirilməsi, milli mədəniyyətin təhlükələrdən xilas olunub inkişaf etdirilməsi, ədəbiyyatımızın xalqın, ölkənin və cəmiyyətin dərk olunmasına xidmət göstərməsi yollarında atdığı addımlar, ifadə etdiyi mövqe əsl azərbaycançılıq nümunəsidir. Xalq yazıçısı Anarın ictimai-siyasi baxışlarındakı azərbaycançılıq amalı ilə bədii əsərlərində ifadə edilən azərbaycançı mövqe bir-birini üzvi surətdə tamamlayır. Anar əsərləri və şəxsiyyəti ilə canlı bir azərbaycançılıq abidəsidir.

Xalq yazıçısı Anar mütəfəkkir sənətkardır. Onun bədii əsərləri dərin ictimai məzmuna malikdir. Cəmiyyətin inkişafı prosesləri ilə bağlı ən aktual məsələlər Anarın əsərlərində böyük məharətlə bədii cəhətdən əsaslandırılmış şəkildə əks etdirilir. O, qoşa qanad kimi mövzunun aktuallığı ilə əsərin bədiilik xüsusiyyətlərini vəhdətdə təsvir etməyi bacarır. Heç bir halda Anarın əsərlərində məzmun bədii formanı, yaxud əksinə, forma məzmunu üstələyə bilməmişdir. Anarın əsərləri forma ilə məzmunun üzvi sintezi və yaradıcılıqla ifadə olunmuş vəhdətindən yoğrulmuş mükəmməl ədəbi örnəklərdir. Novator yazıçının orijinal bədii formaya malik olan bədii əsərləri məzmunca da yenidir. Anar ədəbiyyata, sadəcə, müşahidə etdiyi deyil, kəşf etdiyi həyat materialını və yeni imkanı gətirmişdir. "Ağ liman", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Macal" və başqa əsərlərində təsvir edilən hadisələr və insanlar yazıçının özünə qədər və hətta özündən sonra da ədəbiyyatda heç bir qələm ustadının əsərlərində rast gəlmədiyimiz hadisələr və bənzərsiz obrazlardır. Bu əsərlərin mövzusu da, süjeti də, obrazları da Anara məxsusdur.

Anar Azərbaycan ədəbiyyatında fərqli ədəbi simadır. Yaradıcılığın müstəqillik dövrünə aid əsərlərində də Anar hamının gözü qarşısında cərəyan edən adi əhvalatları ədəbiyyat mövzusuna çevirməklə, yaradıcı tarixi mərhələnin mahiyyətini ədəbiyyat vasitəsilə canlandırmaqla çıxardığı nəticələri oxucunun gözünü açan, onu daha dərindən düşünməyə yönləndirən qənaətlər kimi təqdim edir. Fikrimcə, Anarın "Ağ qoç, qara qoç" əsəri Azərbaycan ədəbiyyatında keçid dövrünün ən böyük romanıdır. Bu əsərdə müstəqillik qazanmış ölkəni çətin şəraitdə əhatə edən qara buludların çevrəsindən çıxarıb qoruyub saxlamağın zəruriliyi yazıçı-filosof səviyyəsində təsvir edilərək ümumiləşdirilmişdir. "Otel otağı" povesti isə xalq yazıçısının xalqına açılan dünyadakı ayıqlıq mesajıdır, sadəlövhlük bəlasından xilas olmağa çağırışıdır. Anar Azərbaycan xalqının tarixi taleyini, cəmiyyətin qabarma və çəkilmələrini mütəfəkkir səviyyəsində dərindən dərk etməyin və bütün bunları görkəmli mütəfəkkir yazıçı kimi istedadla şərh etməyin əsl nümunəsini göstərir. "Yaşamaq haqqı" ədəbi-tarixi traktatı yazıçı-vətəndaş-ictimai xadim Anarın Azərbaycan xalqının çoxəsrlik taleyini, keşməkeşli həyatı və mübarizə yollarını, görkəmli şəxsiyyətlərin ideallarını və aqibətini, nəhayət, gələcəyə baxışlarını əks etdirən möhtəşəm ədəbi-tarixi salnamədir. Bir sözlə, Xalq yazıçısı Anarın ədəbiyyat fəzası Azərbaycan ədəbiyyatının tarixi təkamülünün və müasir inkişafının bütün imkanlarını və geniş üfüqlərini əks etdirir.

Yazıçı-təşkilatçı kimi də Xalq yazıçısı Anar böyük uğurlara imza atmışdır. Azərbaycan Yazıçılar Birliyi kimi məsuliyyətli və şərəfli bir yaradıcılıq təşkilatına uzun dövr ərzində rəhbərlik etməyi böyük uğurla davam etdirməsi Anarın çoxcəhətli fəaliyyətinin mühüm nailiyyətlərindən biridir. Ədəbi-elmi təşkilatların dağıdılmasına dair çağırışların gur səslə bəyan edildiyi çətin bir dövrdə Azərbaycan Yazıçılar Birliyinin və onun mətbu orqanlarının yaşadılmasına nail olması Anarın tarixi xidmətlərindəndir. Vaxtilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Mədəniyyət komissiyasının rəhbəri kimi də ölkəmizdə yaradıcı ziyalıların həmrəyliyi və birliyinin təmin olunması, dəstəklənməsi, istiqamətləndirilməsi işinə ürəklə xidmət etmişdir.

O, sözün böyük mənasında, müstəqillik dövrü Azərbaycan ziyalılığının rəmzidir. Azərbaycan dövləti Xalq yazıçısı Anarın xidmətlərinə daim yüksək qiymət vermişdir. Müstəqil Azərbaycan dövlətinin "İstiqlal" və "Heydər Əliyev" kimi ən mötəbər ordenləri ilə təltif edilmiş, Dövlət mükafatına layiq görülmüş Anar müstəqilliyin, xalqımızın, ədəbiyyatımızın və ictimai fikrimizin daha da inkişaf etdirilməsi yollarında yorulmadan xidmət göstərməkdə davam edir. Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar yeni-yeni qiymətli bədii əsərlər yaratmaqla və dünya miqyasında ölkəmizi və ədəbiyyatımızı yüksək səviyyədə, layiqincə təmsil etməklə müstəqil dövlətimiz və xalqımız qarşısında özünün böyük borcunu şərəflə yerinə yetirir.

İsa HƏBİBBƏYLİ,

AMEA-nın prezidenti,

Milli Məclisin deputatı, akademik

"Azərbaycan" qəzeti

  • Paylaş: