Böyük Anar təkdir! Bu gün Azərbaycanda Anar adı daşıyanlar yüzlər, bəlkə lap minlərləsə də, Böyük Anar yeganədir, müstəsnadır, vətənçi və xalqçı düşüncəsinin məhsulları və miqyasları, millət quruculuğuna bilavasitə təsirinin sürəkliliyi və nəticələri ilə (60 ili aşıb, 70 ilə yaxınlaşan uzun bir müddət!) bu nəhənglikdə ikinci şəxsiyyətimiz olmayıb. Arxada qalan yolumuza, irəlidəki üfüqlərə baxarkən bu qənaət də hasil olur ki, Anar belə bir əlçatmaz zirvədə Tək və Üstün olaraq həmişəlik də qalacaq!
Anar bütün millətinki və tarixinki olmaq zirvəsinə dikəlmiş ilk böyüyümüz deyil. Bizim Həsən bəy Zərdabimiz, Mirzə Fətəlimiz, Mirzə Cəlilimiz, Əli bəy Hüseynzadəmiz, Məhəmməd Əmin Rəsulzadəmiz, Əbdürrəhim bəy Haqverdiyevimiz, Salman Mümtazımız, Cəfər Cabbarlımız, Üzeyir bəy Hacıbəylimiz - qələmiylə və əməliylə millət quruculuğuna misilsiz töhfələr vermiş zirvələrimiz əvvəllər də olub. Anar onların hamısının yekunu, onların xəttini, işini, mübarizələrini yeni zaman içərisində daha da cilalayaraq, zənginləşdirərək davam etdirən, diri saxlayan, sağ olsaydılar, özlərinin hər birinin də iftixarla və sevinclə təqdir edəcəyi ruhdaşı, məsləkdaşı, əməldaşıdır.
Onun haqqında şeirlər, məqalələr, dissertasiyalar, irili-xırdalı kitablar yazılıb və hələ çox da yazılacaq. Bütün bunlar Anar öz qələmiylə Azərbaycana və dünyaya tanınmağa başladığı ilk çağlardan bugünədək davam edir, zaman ötdükcə, onun parlaqlığı və təkrarsızlığının yeni üfüqləri daha artıq duyulduqca belə heyran və məmnun yazılar sırası bir az da sıxlaşacaq. Fəqət Anar hamının tanıdığı Anara çevrilməzdən çox əvvəl də ona Azərbaycanın iki seçkin şairinin o günəcən yazdıqları məhəbbət şeirlərinin ən səmimilərinin qəhrəmanına dönmək də qismət olub. Çox da ki, bu, bir ananın, bir atanın - Nigar Rəfibəyliylə Rəsul Rzanın ilklərinə həsr etdiyi, hər misrasından ana və ata olmaq bəxtəvərliyi saçan laylavari şeirləri idi. Onun hələ dünyaya təzəcə göz açdığı vaxtlardan hər misrasına və hər sözünə təmənnasız sevgi çökmüş şeirlərlə qarşılanmasındasa hər halda bir rəmzilik də var. Lap başlanğıcdan onun alnına sevimli olmaq və həmişə də sevimli qalmaq yazılıbmış.
...Bir az uzananda yuxarı dönən
körpəcə dırnağın yadıma düşdü.
...Bir körpə əlini görəndə bayaq
Çeçələ barmağın yadıma düşdü.
Rəsul Rza bu şeiri yazanda Anar bir neçə aylıq idi.
Nigar Rəfibəyli bunları yazanda Anarın olardı 2-3 yaşı:
Körpə ayaqların yaman yorulub,
Sinəmin üstündə dincəl, Anarım.
Gəl, uzun kirpikli körpəcə quzum,
Anarım, Anarım, gözəl Anarım!
Ailənin sevimlisi! Əvvəlcə yalnız bir ata və anadan ibarət balaca yuvanın, sonrasa bütöv millət ailəsinin istəklisi. Anar ömrünün insanlıq ailəsinin sevimliləri sırasında öz layiqli yerini tutmaq fəsli də artıq başlanıb və bu məhəbbətin əsl iri ölçüləriylə üzə çıxması da hökmən baş verəcək, sadəcə, zamana bağlı, yaxşı tərcümələrin, təqdimatın və artan dillərin sayəsində vaxtla gerçəkləşəsi niyyətdir.
Əlbəttə ki, belə bir taleyin sahibi olan Anar xoşbəxtdir. Ancaq ondan qat-qat bəxtiyar olan belə bir nadir yavrusu olan Vətən və millətdir.
Görəcəkli günlərimiz içərisində o günlərin də yetişəcəyini görəcəyikmiş ki, bir vaxtlar hələ dil açmamış, körpəykən qıvrılan dırnağına köksə sığmayan ata məhəbbətiylə nəvazişli misralar həsr edilən Anarın kəsinti dırnağına dəyməyən və mahiyyətləriylə onun çeçələ barmağı boyda olmayanlar da hərdən-hərdən "biz də varıqmış" deyə ona qarşı bozaracaqlar, hədyanlar püskürəcəklər. Həmin hərzə deyişlər və cızmaqaralar heç vəchlə Anar ucalığına qədər yüksələrək bu böyük millət adamının parlaqlığına zərrəcə kölgə sala bilməsə də, riyakarların özlərini dərənin daha dərin diblərinə çəkəcək, üstlərində həmişəlik silinməz-yuyulmaz ləkə olaraq qalacaq.
Anar məktəbdir və bu mərtəbəyə də ixtiyarlaşanda, uzun yol keçəndən sonra çatmayıb. Peşəkar yaradıcılığa özündən əvvəlki dahilərin yerinə yetirdiyi böyük işləri büsbütün yeni biçimdə davam etdirərək başladığı çağlardan məktəbədönməklik ona xas idi. Çünki ruh o köhnə böyük kişilərinki idi, amma çağdaş, cavan səs və yazı, ifadə tərzi Anarınkı idi. Həm də hər təzə əsəri içərisindən əlavə çölü ilə də, şəkli ilə də bir ülgü idi və qocaman bir tut ağacı hər dəfə yaz yenidən gəlirkən təzədən tumurcuqlayan, yarpaqlar açan, hər növbəti yayda yenə lap köhnə illərdəki şirinlikli bəhrə verən təki, Anar səksənini arxada qoyub doxsanına yaxınlaşdığı bu illərdə yenə həminki cavan Anar kimidir - düşüncəsi, sözü, qələmi həmin sanbalında, həmin təravətində, həmin siqlətində və onun tükənməz yenilikçiliyi, heyrətli ülgüləryaratma məziyyəti də bütün yolu boyu ona xas olmuş əvvəlki gücündə!
Bugünün Anarı da elə cavan Anar qədər hər yazısı ilə, hər çıxışı ilə, hər addımı ilə canayatandır, ürəklərdən xəbər verəndir, yolaçandır, baxaraq, öyrənərək daha neçə-neçə bu cür yenilərini doğurmaqçün qəlibdir.
Ülgülər, qəliblər, davam etdiriləsi çeşnilər yaratmaq bizim qüdrətli duyğu və düşüncə adamlarımıza keçmişlərdən xas olan üstünlükdür. Bu da, bir növ, yaradıcılıqdakı Azərbaycan brendidir. Əbubəkr Əcəmi Naxçıvaninin memarlıqdakı yeniliklərini Yaxın və Orta Şərqin neçə tikincəri bir nümunə, dəstxət olaraq iqtibas etdi, başladılar ona oxşar yaratmağa. Nizami "Xəmsə" doğurdu, bu "Beşlik" dönüb oldu müxtəlif dillərdə yazan yüzlərlə tanınmış şairin 7 əsr boyunca sadiq qaldığı, cazibəsindən çıxa bilmədiyi nümunə. Eyni şəkildə filosoflarımız Şihabəddin Yəhya Sührəvərdi də, Bəhmənyar Azərbaycani də, lüğətçimiz Məhəmməd Hinduşah Naxçıvani də, ulduzşünasımız Nəsirəddin Tusi də, söz sərkərdəmiz İmadəddin Nəsimi də, şah şairimiz Xətai də, rəssamımız Sultan Məhəmməd də, fikirlə ifadənin ilahi qovuşma nöqtəsini bulmuş Məhəmməd Füzuli də, daha sonralar təmsilatı ilə Mirzə Fətəli də, "Molla Nəsrəddin"i ilə Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadə də... yol, örnək, məktəb, mayak oldular.
Və Anar da Azərbaycan yaradıcı dühasının bir millətinki və tək yurdunku olmaq çərçivəsindən çıxaraq daha geniş fəzalara qanadlanmaq, bənzənən olmaq, ülgülər vermək kimi müstəsna keyfiyyətinin XX-XXI əsrlərdəki hələ ki son təzahürüdür.
Odur ki, "Anar kimdir" sualına cavab axtaranlar, Anarın böyüklük həddi barədə düşünmək istəyənlər və o cümlədən, istəməyənlər söhbətin hansı səviyyədən getdiyini heç vaxt yaddan çıxarmamalıdırlar! Bu, zəka və qələm uçuşlarının elə qatıdır ki, o hündürlüyə təyyarələr qalxa bilmir, yaradıcı fəzanın o layında kosmik raketlər süzür.
...Düz 37 il əvvəl Anarın sonra əl-əl gəzəcək kitablarından olacaq "Dünya bir pəncərədir" işıq üzü gördü və mən həmin kitab haqda o çağlar gündə 600.000 sayda çıxan "Azərbaycan gəncləri"ndə "Anarla üz-üzə" adlı məqalə yazdım. Məqalə fərqli əks-sədalar oyatdı. Azərbaycan Televiziyasının ovaxtkı sədri Elşad Quliyev məni dəvət etdi, yazını çox bəyəndiyini söylədi və yanımdaca Telefilmə göstəriş verdi ki, ssenarimlə eyni adlı tammetrajlı sənədli-publisistik film çəkilsin. Azərbaycan yazıçılarının lap az sonra baş tutan qurultayındakı hesabat məruzəsində isə həmin məqaləm kəskin tənqid edildi. Təbii ki, adicə bir qəzet məqaləsinə vəzifəsi ədəbi mühitin 5 illik mühüm nəticələrini qiymətləndirməkdən ibarət Yazıçılar İttifaqının hesabat səciyyəli məruzəsində yer ayrılması mənə görə deyildi, Anara qarşı qısqanclıqla bağlı idi. Və Anara, ən yumşaq halda elə qısqanclıq adlandıra biləcəyimiz, bu təhər kəc münasibət gəncliyindən başlamış indiyədək həmişə ara-sıra pırtlayıb ortaya çıxdı və yelin qayadan heç nə apara bilmədiyi sayaq, həmişə də çax-çax onların öz başını ağrıtdı, Anar öz işində oldu, bir-birindən gözəl yeni əsərlərini yaratmaqla sevənlərini bir qədər də fərəhləndirdi, dargözləri daha şiddətlə yandırdı.
Beləcə, 37 il qabaq uca Anara alçaq münasibətlərin də varlığını yaxın məsafədən duyaraq dəyər və qənimət olan seçilmişimizə qarşı belə umulmaz yanaşmalara təəccüblənsəm də, köhnə arxivlərə dalıb ədiblərimizin daha əvvəlki onillərdə hansı girdablara sovrulduqlarını sənədləri-sübutları ilə bilincə hər halda nisbətən şükürlü günlərdə yaşadığımızı anladım.
Anar 1938-ci il martın 14-də doğulub. Demək, onun işıqlı dünyaya doğru yolu 9 ay, 9 gün, 9 gecə öncə başlanıb. Məşum 1937-ci ilin qorxunc iyunundan. O ayın 3-də Azərbaycan kommunist (bolşeviklər) partiyasının nəhs XIII qurultayı keçirilmişdi, bir silsilə şair, yazıçı və alimimiz rəsmən "xalq düşməni" elan edilmişdi və artıq ertəsi gün tuthatutlar başlamışdı, lap tezliklə istedadla çağlayan neçə qüdrətli qələm adamımızı qayıdışsız itirmişdik. Anar və onun yaş nəslinin illər sonra parlayacaq, ədəbiyyatımızın, elmimizin, mədəniyyətimizin güvənc və ümidinə çevriləcək neçə təmsilçisi sanki tarixin, taleyin üzrxahlığı və millətimizə göylərin sovqatı kimi məhz o dövrdə dünyaya gəldilər. Gəldilər ki, işığı azalan dünyanı yenə işığa qərq etmək məsuliyyəti və yükünü ömürləri boyu şərəflə çəksinlər.
Necə ki, 1039-cu ilin minlərlə insan ömrünü aparan, viranəliklər törədən Gəncə zəlzələsindən sonra təbiətin xəcalətdənçıxması kimi Pərvərdigar Gəncəyə və Azərbaycana Nizami kimi misilsizi bağışlamışdı.
...Böhranlı illərin burulğanlarını geridə buraxaraq yaşamasıyla, ölkədə və xaricdəki nüfuzuyla, şəksiz ki, Anara borclu olan Yazıçılar Birliyinin sədri vəzifəsini belə ona çox görən tək-tük nankor və nadanların hərdən-hərdən tərpəşdiyi, abır-həya və qədir-qiymət pərdələrinin aradan götürüldüyü indiki əyyamlarda bu həqiqəti də anlayanlar hələ yetərincədir ki, Anar, dünyaya çiyinlərində millət yükünü daşımaq VƏZİFƏsi ilə gələnlərdəndir!
İndiyədək hərəsinin öz adı olan yüzlərlə kitabı nəşr edilmiş Anarın bütün kitablarının ortaq bir adı var: "Millətin kitabı". Həm də bu Millət Kitabı elə təkcə kitablardan ibarət deyil. Anarın millət quruculuğu yolunda gördüyü hər iş bu möhtəşəm kitabın yeni səhifəsi, təzə fəsli deməkdir. 1970-ci illərdə, sovet adamının sözü və gözü qıpıq, qələmi və fərdiyyəti küncə qısnanmış olduğu çağlarda Anarın yaratdığı "Qobustan" toplusu kimi bir saf havalı mənəviyyat adası məgər həmin Millət Kitabının ayrıca bir bölümü sayılmazmı?! Anarın bütün digər yazıları və çalışmaları öz yerində, onun "Qobustan"ı ilə doğurduğu mühit Azərbaycan zövqü və milli düşüncəsinin, istiqlal təfəkkürünün, bütün yönləriylə azadlıq duyğusunun şəkillənməsi və irəliləyişlərinə heç bir çəki vahidi ilə nişan verilə bilməyəcək münbit təsir göstərdi.
İlk gəncliyindən bu anınadək Anar millətin və yurdun müqəddəratı ilə bağlı irili-xırdalı bütün məsələlərdə daim ən sağlam mövqedə dayandı, Vətən və xalq mənafeyi susmamağı umanda o, haçansa, kimdənsə, nədənsə çəkinərək qətiyyən yaxasını bir kənara çəkmədi, cəsarət və qətiyyətlə hər zaman sinəsini qabağa verdi, sözünü həmişə vaxtında və şax dedi, bütün ifratlar və xıltlardan azad duru, tərtəmiz və dürüst azərbaycançılıq duyum, düşüncə və yaşam tərzini müdam bir millət müəllimi olaraq şüurlara səpdi.
Damarlarında bu millətin xalis qanı axan hər kəsin belə mərd, ötkəm, vəfalı, vergili övladla qürur duymaq haqqı, həm də onu daim əziz tutmaq borcu var!
Vətən və milləti Anar kimi övladlar böyük edir və bu gün yalnız Azərbaycanın da deyil, bütün türk dünyasının böyüklük ölçülərindən, barmaqla sayılacaq qədər az meyar şəxsiyyətlərindən olan Anar sağkən abidələşmiş nadirlər zümrəsindəndir.
Yəqin ki, yüzfaizli gerçək olduğuna inandığım bu sözləri Anarın da olduğu bir məclisdə dilə gətirsəydim, ona xas dərin təvazökarlıq və incə hazırcavablıqla dərhal bu deyişi zarafata salacaqdı. Necə ki, bir dost məclisində şərəfinə badə qaldıranlardan biri Anarı "canlı klassik" adlandırarkən anındaca gülə-gülə düzəliş etdi: "Yox, mənə canlı klassik demə, artıq yaşlaşmışam, yarımcan klassikəm".
...Muzdur mənşəyi ilə öyünməyin dəb və yaşamağın daha münasib olduğu şura hökuməti dönəmində bir tərəfdən Məmmədxanlı, bir tərəfdən Rəfibəylilər uruğunun budağı, pöhrəsi kimi dünyaya gələn, xan-bəy, köklü-köməcli ziyalılıq təməlləri üstündə boy atan Anar qandan, şəcərədən gələn bu əsilzadəliyə zəkasıyla, istedadıyla, nəcibliyiylə, həyat tərziylə elə bir kübarlıq artırmağı bacardı ki, onu görməmək, etiraf etməmək, ehtiram bəsləməmək mümkünsüzləşdi. Azərbaycan müstəqilliyinin qurucularından olan babasını - Cümhuriyyət dönəmindəki ilk səhiyyə naziri və Gəncə valisi Xudadat bəyi elə gəlişinin lap əvvəlində ən qəddar düşmənlərindən sayaraq məhv etmiş, bu damğanı da var olduğu müddətcə qüvvədə saxlamış sovet hökumətinin gizli nəzərlərində sona qədər etibar edilməyənlər sırasında yer alan Anarın soyu və milləti qarşısında bir ali xidməti də budur ki, ən qart əyyamlarda da şanlı babaların ruhunu şad etdi, istiqlal ocağımızı ən azı ürəklərdə sönməyə qoymayanlardan oldu. Bunlar millətin və yurdun şərəf tarixinin elə səhifələridir ki, gərək hamı bilə...
...Anar yazı-pozuya başladığı gənc çağlarından həmişə xalqla üz-üzə, səs-səsə olub. Ancaq Anarla millət arasındakı yaxınlığın, doğmalığın hər kəsə nəsib olmayan bu məsud həddi haçandır daha yüksək pilləyə yüksəlib.
Sovet dönəmində də, müstəqillik dövründə də dövlət Anarı həmişə diqqətdə saxladı. Bu sözün bütün mənalarında.
Və dövlət o dönəmdə də, bu dövrdə də Anara verə biləcəyi yüksək təltifləri əsirgəmədi.
Lakin tarix və tale də Anara onillər ərzində Vətənə və millətə sədaqətli xidmətinə və doğurduğu solmaz əsərlərə görə öz mükafatını verib - milləti ilə daim ürək-ürəyə olmaq səadətini.
Dünən, bu gün və bütün sabahlar içində!
Bir qələm və düşüncə adamı üçün bundan böyük nə təltif olar ki!
12 mart 2023