ABŞ-ın Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (DARPA) tərəfindən ilk dəfə pasiyentə protezin köməyi ilə əşyalara toxunuşu hiss etməyə imkan verən bionik əl hazırlanıb.
Sınaq zamanı pasiyent gözləri bağlı halda alimlərin onun mexaniki barmaqlarından hansı birinə toxunduqlarını müəyyən edib.
Xatırladaq ki, hazırda texnologiyalar fikir gücünün köməyi ilə süni yuxarı və aşağı ətrafların hərəkətini idarə etməyə imkan verir. Lakin indiyədək bu texnologiyalar vasitəsi ilə əks əlaqəni almaq mümkün olmayıb. Beyinin protezdən sensor məlumatları əldə edə bilməməsi nəticəsində hərəkət çətinləşir.
Bionik əl Con Hopkins Universitetinin Tətbiqi fizika laboratoriyasında hazırlanıb. O, mexaniki əl və insan arasında ikitərəfli əlaqəni yaradır. Protezə baş beyinin hissiyat və hərəkət qabığına implantasiya edilmiş elektrodlardan naqillər birləşdirilib.
Protez bionik əl təzyiqi müəyyən etməyə imkan verən fırlanma anı ötürücüləri ilə təchiz olunub. Bu ötürücülər gücü elektrik siqnallarına çevirərək onları insan beyninə ötürür.