AMEA-nın “Elm” nəşriyyatının direktoru, Avropa Elmi Redaktorlar Assosiasiyasının (EASE – The European Association of Science Editors) Azərbaycan bölməsinin sədri, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov 1-3 iyun 2023-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən EASE-nin XVII Baş Assambleyasında ölkəmizi təmsil edib.
S.Qəhrəmanov tədbir çərçivəsində TÜBİTAK-ın nəzdində fəaliyyət göstərən ULAKBİM-in (Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzi) direktoru Mehmet Mirat Satoğlu, eyni zamanda müxtəlif ölkələrdən olan tədqiqatçı və mütəxəssislərlə görüşlər keçirib, elmi redaktorların peşəkar inkişafını, elmi redaktənin qlobal standartını və keyfiyyətini yaxşılaşdırmaq istiqamətində aparılan müzakirələrdə yaxından iştirak edib.
“Elm” nəşriyyatının direktoru EASE-nin XVII Baş Assambleyası çərçivəsində təşkil olunmuş “Keyfiyyətli elmi nəşr” mövzusunda konfransda da iştirak edib. 36 ölkədən 200-ə yaxın alim və mütəxəssisin iştirak etdiyi konfransda “Elmi nəşriyyat: keyfiyyət, etika və dürüstlük – yaxşı elmi nəşriyyat necə olmalıdır?”, “Keyfiyyət naşirlər, redaktorlar və müəlliflər üçün nə deməkdir və biz buna uyğunlaşırıqmı?”, “İndeksləşdirmə üçün keyfiyyət göstəriciləri tələbləri” və digər mövzularda sessiyalar keçirilib.
Qeyd edək ki, EASE Azərbaycan bölməsinin digər üzvləri konfransa onlayn qoşulublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.