AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
12 avqust. Prezident Heydər Əliyev “Literaturnaya qazeta”nın xüsusi müxbirlərinə müsahibə verdi.
15 avqust. Türkiyə Cümhuriyyətinin qaziləri ilə Bakıda görüşdü.
18 avqust. MDB üzvü olan ölkələrin dövlət başçılarının Yaltada keçirilən qeyri-formal görüşündə iştirak etdi.
22 avqust. “Bakı-Ceyhan neft odisseyası 2000” layihəsi çərçivəsində həyata keçirilən motoyürüşün iştirakçılarını qəbul etdi.
23 avqust. Prezident Sarayında Türkiyənin dövlət naziri Abdulhaluk Mehmet Çayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
25 avqust. XXVII Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının yolasalma mərasimində çıxış etdi.
29 avqust. “Qurtuluş” qazma qurğusunun istismara buraxılmasına həsr olunmuş mərasimdə iştirak etdi.
30 avqust. Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə Bakı Əyləncə Mərkəzində keçirilən rəsmi qəbulda nitq söylədi.
Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər qardaş Türkiyə ilə münasibətlərin yeni mərhələyə qədəm qoyması ilə səciyyəvidir. Bu istiqamətdə atılan daha bir önəmli addım 2000-ci il avqustun 15-də Ulu Öndərin Bakıda Türkiyə Cümhuriyyətinin qaziləri ilə görüşü oldu. Xalqlarımız arasındakı tarixi qardaşlıq əlaqələrindən bəhs edən Ümummilli Lider XX əsrin əvvəllərində xalqlarımızın bir-birinə yardım etdiklərini diqqətə çatdırdı. Vurğuladı ki, bu qardaşlıq köməyi XX əsrin sonunda da davam edir və biz yenə bir-birimizə yardım əli uzadırıq. Xüsusən Türkiyənin yardımı bizim üçün əhəmiyyətlidir. Türk ordusu keçmişdə də çox güclü ordu olub və indi də belədir. Azərbaycan xalqının Türkiyə ilə dostluq və qardaşlığı ən əziz nemət hesab etdiyini deyən dövlətimizin başçısı söylədiyi bu fikirləri türk əsgərinə və xalqına çatdırmağı qazilərdən xahiş etdi.
Sitat: “Azərbaycan müstəqil dövlətdir və bundan sonra da öz müstəqilliyini əlindən verməyəcəkdir. Bizim əldə etdiyimiz istiqlaliyyət tariximizin ən böyük qələbəsidir, ən böyük nailiyyətidir. Beləliklə, Azərbaycan bir müstəqil dövlət kimi qardaş Türkiyə Cümhuriyyəti ilə dostluğu, qardaşlığı ən əziz nemət hesab edir. Bu, belə də olacaq! Xalqımız da bu fikirdədir, dövlətimiz də bu fikirdədir, mən də bu fikirdəyəm. Xahiş edirəm, bu fikirləri birincisi türk əsgərinə, ikincisi də bütün türk xalqına çatdırasınız”.
Ulu Öndər Azərbaycan idmanının inkişafı naminə davamlı tədbirlər həyata keçirir, idmançılardan diqqət və qayğısını əsirgəmirdi. Onlarla vaxtaşırı keçirilən görüşlər bunun əyani təsdiqi idi. Nəticədə ölkəmizdə Olimpiya hərəkatı getdikcə daha geniş vüsət aldı. 2000-ci ilin avqustu atletlərimizin dünyada ən mötəbər idman tədbiri olan Olimpiya oyunlarına təntənəli şəkildə yola salınması mərasimi ilə yadda qaldı.
Sidneydə keçiriləcək XXVII Yay Olimpiya Oyunlarına yola düşən idmançılarımızın qarşısında çıxış edən Ümummilli Lider son illərdə qazanılan idman uğurlarından geniş söhbət açdı. İftixar hissi ilə bildirdi ki, Azərbaycan müstəqil dövlət, dünya birliyinin bərabərhüquqlu üzvü kimi bu Olimpiya oyunlarında iştirak edəcək və ölkəmizin müstəqilliyini, azadlığını, suverenliyini bir daha nümayiş etdirəcək, milli bayrağımızı qaldıracaq, Dövlət Himnimizi səsləndirəcək. Ulu Öndər Olimpiya oyunlarında Azərbaycanın bilavasitə, müstəqil olaraq iştirak etməsini xalqımızın azadlığının və ölkəmizin müstəqilliyinin bəhrəsi kimi dəyərləndirdi və bunu müstəqil dövlətimizin son illərdə əldə etdiyi nailiyyətlərin böyük bir hissəsi adlandırdı.
Sitat: “Azərbaycanda dövlət, hökumət tərəfindən idmana, bədən tərbiyəsinə, idmançılara qayğı günü-gündən artır və sizi əmin edirəm ki, bundan sonra da artacaqdır. Son illərin nailiyyətləri onu göstərir ki, bizim idmana, Olimpiya hərəkatına, gənclərimizə göstərdiyimiz qayğı gənclərimiz, idmançılar tərəfindən səmərəli istifadə olunur və bu gün biz yaxşı nailiyyətlərin şahidiyik. Azərbaycanda Milli Olimpiya hərəkatı son illər sürətlə inkişaf edir, Milli Olimpiya Komitəsi çox səmərəli işlər görür. Bütün bunlar ictimaiyyətin gözü qarşısındadır. Mən buraya gələrkən bir neçə rəqəmlə tanış oldum. Son üç il ərzində – 1997-ci ildən indiyə qədər Azərbaycan idmançıları beynəlxalq, Avropa, müxtəlif regional səviyyəli yarışlarda fəal iştirak etmiş və 571 medal qazanmışlar. Qısa bir müddətdə bu qədər medallar qazanmaq Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin son illərdə gördüyü işlərin əməli nəticəsidir. 571 medaldan 220-si qızıl medal, qalanları isə gümüş və bürünc medallardır. Mən bu medalları qazananları, Azərbaycan idmanının hörmətini dünyada qaldıranları, Azərbaycan Milli Olimpiya Komitəsini, Azərbaycan Gənclər və İdman Nazirliyini, bütün idman ictimaiyyətini bu nailiyyətlərə görə ürəkdən təbrik edirəm”.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan idman tarixinin ən parlaq səhifələri 2000-ci ildə Sidney Yay Olimpiya oyunlarından etibarən yazılmağa başladı. Heydər Əliyevin idmançılarımıza bəslədiyi ümidlər özünü doğrultdu. Sidney olimpiadasında Azərbaycan komandası 199 ölkə arasında 34-cü yeri tutdu, Avropa ölkələri arasında isə 23-cü oldu. Daha sonra idmançılarımız 2004-cü il Afina Olimpiya oyunlarında 50-ci, 2008-ci il Pekin Olimpiya oyunlarında 39-cu, 2012-ci il London Yay Olimpiya oyunlarında 30-cu, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya oyunlarında 39-cu yerə çıxdılar.
2020-ci il avqustun 29-da “Qurtuluş” qazma qurğusu istismara verildi. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Heydər Əliyev Azərbaycana hazırda ən müasir, ən yüksək səviyyəli texnika və texnologiya gətirildiyini bildirərək bunun ölkəmizin həm neft sənayesini inkişaf etdirmək, həm mütəxəssis və neftçilərimizin səviyyəsini yüksəltmək baxımından çox böyük əhəmiyyət daşıdığını vurğuladı. Qeyd etdi ki, bu qurğunun tikilməsi ilə ölkəmizdə mindən artıq azərbaycanlı yeni iş yeri qazanıb, öz rifah halını yaxşılaşdırıb. Azərbaycan bu qurğunun tikilməsindən 28 milyon dollarlıq vergi və başqa vəsaitlər üzrə fayda götürüb.
Ulu Öndər çıxışında onu da dedi ki, hələ bundan sonra da yeni qazma qurğuları yaranacaq. Çünki Xəzər dənizinin Azərbaycan sektorundakı mövcud zəngin neft və qaz yataqları kəşfiyyat-qazma işləri aparmaq neft-qazın hasilatına başlamaq üçün belə qurğuların çox olmasını tələb edir.