Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.07.2023 09:22
  • A-
  • A
  • A+

Xalqa bağışlanmış ömürdən anlar: 2001-ci ilin yanvarı

Xalqa bağışlanmış ömürdən anlar: 2001-ci ilin yanvarı

AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

3 yanvar. Prezident Heydər Əliyev Avropa Şurası Nazirlər Komitəsinin sədri İndulis Berzinşin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

6 yanvar. ABŞ Milli Demokratiya İnstitutunun nümayəndə heyəti ilə görüşdü.

8 yanvar. AŞPA, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Parlament Assambleyasının, Avropa Şurası Nazirlər Komitəsinin “Aqo” monitorinq qrupunun nümayəndələrini qəbul etdi.

9-10 yanvar. Azərbaycana səfərə gəlmiş Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşdü.

16 yanvar. TÜRKSOY-un XV toplantısının iştirakçılarını qəbul etdi.

NATO-nun Baş katibi Lord Corc Robertsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

19 yanvar. 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş mərasimdə iştirak etdi.

Milli Məclisin Strasburqa gedəcək nümayəndə heyətini qəbul etdi.

20 yanvar. Qanlı Yanvar faciəsinin 11-ci ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət etdi.

23-27 yanvar. Fransada üçüncü rəsmi səfərdə oldu. Parisdə Prezident Jak Şirakla görüşdü.

Strasburqda Avropa Şurası Parlament Assambleyasının sədri Lord Rassel Constonla danışıqlar apardı.

30 yanvar. Bakı şəhər rəhbərliyi və paytaxt rayonlarının icra hakimiyyəti başçıları ilə müşavirə keçirdi.

2001-ci il yanvarın 9-10-da Rusiya Prezidenti Vladimir Putin Azərbaycana rəsmi səfər etdi. Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığı nəzərdə tutan bir sıra müqavilələr imzalandı. Onlardan ən əhəmiyyətlisi ikitərəfli münasibətlər haqqında Bakı bəyannaməsi və Xəzər dənizində əməkdaşlıq haqqında bəyanat idi. Birinci sənəddə qarşılıqlı əməkdaşlıqda dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, münaqişələrin dinc yolla həlli prinsipləri əks olunmuşdu. Xəzər dənizi ilə bağlı müqavilə ikitərəfli formada Xəzərə aid bütün məsələlərin danışıqlar yolu ilə beynəlxalq normalara uyğun həllini nəzərdə tuturdu. Bu razılaşma Rusiya və Azərbaycan arasında Xəzər dənizinin sektorlar üzrə bölünməsinə imkan yaratdı.

Heydər Əliyev yanvarın 9-da Vladimir Putinin səfəri münasibətilə təşkil olunmuş rəsmi qəbulda həmin sənədlərin əhəmiyyətinə diqqət çəkdi.

Sitat: Bəyannamədə qarşılıqlı münasibətlərimizin yeni prinsipləri öz əksini tapmışdır, başlıcası isə, o, Rusiya Federasiyası ilə Azərbaycan arasında strateji tərəfdaşlıq prinsiplərinin yeni səviyyəyə çıxmasını şərtləndirir. Biz bu sənədi yüksək qiymətləndirir və hesab edirik ki, o, münasibətlərimizin daha da genişlənməsi və dərinləşməsi üçün zəmindir. İmzalanmış sənədlər arasında Xəzər dənizində əməkdaşlıq haqqında birgə bəyanatın çox böyük əhəmiyyəti var. Bu, hər bir ölkənin milli mənafelərinə qeyd-şərtsiz riayət edilməsi əsasında bütün Xəzəryanı dövlətlərin əməkdaşlığı üçün yol açır. İqtisadi xarakterli digər sənədlərin də bizim üçün əhəmiyyəti böyükdür.

Ulu Öndər Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasında Moskvanın həlledici təsir göstərə biləcəyini də bəyan etdi, Rusiya və Azərbaycan arasında demək olar ki, bütün məsələlərə aydınlıq gətirildiyini bildirdi.

Türk xalqlarının birliyini möhkəmləndirmək, mənəvi körpüləri qorumaq, milli kökə qayıdış, ortaq dəyərlərimizi birləşdirmək Ulu Öndərin fəaliyyətində xüsusi yer tuturdu. O, Türk dünyasının birliyinə nail olmaq istiqamətində keçirilən tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi çıxış edirdi. TÜRKSOY-un 2001-ci ilin yanvarında Bakıda keçirilmiş XV toplantısının iştirakçıları ilə görüşündə Heydər Əliyev təşkilatın fəaliyyətini yüksək qiymətləndirdi, eyni zamanda, diqqəti həllini gözləyən məsələlərə, o cümlədən dil məsələsinə yönəltdi: “Türkdilli Dövlətlər Birliyi yaranandan indiyə qədər TÜRKSOY təşkilatı hamıdan çox iş görmüş bir təşkilatdır. Bu da müəyyən qədər təbiidir. Mənim öz dilimizdə danışmağıma etiraz etmirsiniz? Çünki bəzən biz Mərkəzi Asiya dövlətlərində yığışanda rus dilində danışırıq. Orta Asiya nümayəndələri etiraz etmirlər ki, öz dilimizdə danışım? Bəli, bu təşkilatın əsas məqsədi birinci növbədə bizim tarixi keçmişimizi, köklərimizi, mədəniyyətimizi və bunların hamısının müştərək olduğunu yenidən araşdırmaq və bugünkü nəsillərə çatdırmaqdan ibarətdir. Çünki 70 illik sovet hakimiyyəti dövründə, bundan da öncə, təəssüflər olsun ki, türkdilli ölkələrin bir-biri ilə əlaqələri ya zəif olubdur, ya da olmayıbdır. ... Biz, məsələn, Mərkəzi Asiyada olan qardaşlarımızla daim əlaqədə idik, bir ölkənin tərkibində idik. Biz həmişə bir-birimizlə rusca danışırdıq və tarixi keçmişimizi, mədəniyyətimizi, onların dərin köklərini heç vaxt araşdırmırdıq. Amma indi biz müstəqillik əldə edəndən sonra və Türkiyə Cümhuriyyəti də bu sahədə çox dəyərli təşəbbüslərlə çıxış edəndən sonra türkdilli dövlətlər birliyi yaranıbdır. Bu birliyin də, yenə də deyirəm, ən əsas özəklərindən biri TÜRKSOY təşkilatıdır. Mən sizin gördüyünüz işləri yüksək qiymətləndirirəm”.

TÜRKSOY ilə əsası 1990-cı illərdə qoyulmuş əməkdaşlıq ildən-ilə daha da genişlənərək yeni məzmun kəsb etməyə başlayıb. 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi əlaqələrin yüksək səviyyəsinin bariz nümunələrindən biridir.

2001-ci il yanvarın 17-də Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü oldu. Yanvarın 19-da Prezident Heydər Əliyev Milli Məclisin Strasburqa gedəcək nümayəndə heyəti ilə görüşdü. O, respublikamızın Avropa Şurasına üzv qəbul edilməsi yolunda dəf edilmiş çətinlikləri xatırladaraq, dövlətimizin müstəqil xarici siyasət yürütdüyünü, öz yolundan bir addım belə geri çəkilməyəcəyini vurğuladı.

Sitat: Təəssüflər olsun ki, həm Azərbaycanın xaricində olan müxtəlif qüvvələr, hətta, bəlkə deyirəm, dövlətlər bizə maneçilik törədirdilər, həm də Azərbaycanın daxilindəki bəzi qüvvələr öz şəxsi mənafeləri naminə, şəxsi ambisiyalarını həyata keçirmək üçün müxtəlif şayiələr yayır, ayrı-ayrı nümayəndələrin beynini ölkəmizin vəziyyəti haqqında müxtəlif böhtan fikirlərlə dolduraraq Azərbaycanın Avropa Şurasına qəbul olunmasına əngəl törədirdilər. Yəqin ki, Azərbaycana gələn nümayəndələr ilə mənim danışıqlarımı mətbuatda, yaxud televiziyadan izləyə bilmisiniz. Mən hər dəfə onlara bildirmişəm ki, Azərbaycan xalqının mənliyi – milli mənlik, milli qürur – hər şeydən üstündür. Heç kəsə yalvarmayacağıq ki, bizi Avropa Şurasına qəbul etsinlər. Biz öz işimizi görürük ona görə yox ki, Azərbaycanı Avropa Şurasına qəbul etsinlər. Ona görə ki, biz tutduğumuz demokratik inkişaf yolu ilə qəbul etdiyimiz Konstitusiya əsasında gedirik və gedəcəyik.

Ulu Öndər nümayəndə heyəti ilə görüşündəki çıxışında dünyada mövcud olan ikili standartlardan da danışdı və ölkəmizin bundan çox əziyyət çəkdiyini vurğulayaraq dedi ki, Avropa Şurası Azərbaycana nə qədər lazımdırsa, o qədər də Azərbaycan Avropa Şurasına lazımdır.

Prezident Heydər Əliyev 2001-ci il yanvarın 25-də Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi İlə əlaqədar Strasburqda keçirilən mərasimdə, Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxışlar etdi. Ulu Öndər sessiyada çıxışında da beynəlxalq aləmdə ikili standartların yolverilməz olduğunu bəyan etdi və bunun acınacaqlı nəticələrini diqqətə çatdırdı.

Sitat: Bu gün qanunun və insan hüquqlarının aliliyi prinsipləri ilə yaşayan vahid Avropada münaqişələr baş verir, suveren dövlətlərin əraziləri işğal olunur, etnik təmizləmə aparılır, dinc əhali doğma yurd-yuvalarından qovulur. Təcavüzlə razılaşmaq, hüquqazidd hərəkətlərin nəticələrini tanımaq, beynəlxalq birliyin vaxtında lazımi tədbirlər görməməsi faciələrə gətirib çıxarır, suveren dövlətlərin dayaqlarını sarsıdır, humanitar fəlakətlərə səbəb olur.

Vahid Avropada ikili standartlara yol verilməməlidir. Bizim məkanımız bölünməzdir və bütün münaqişələrə eyni dərəcədə ciddi və prinsipial münasibət göstərilməlidir.

Azərbaycan Respublikası qonşu Ermənistanın genişmiqyaslı hərbi təcavüzünün qurbanı olmuşdur. Ermənistan ərazimizin 20 faizini işğal edibdir və orada özünün hərbi gücünü artırmaqdadır. Ermənistan silahlı qüvvələri tərəfindən yurd-yuvasından qovulmuş bir milyon azərbaycanlı 8 ildən çoxdur ki, dözülməz şəraitdə, çadırlarda əzab-əziyyət içində yaşayır. Dünyanın heç bir yerində belə dəhşətli vəziyyət yoxdur. Amma təəssüflər olsun ki, dünya birliyi bu faciəyə biganədir.

Azərbaycan Prezidenti Heydər Əliyev Fransaya rəsmi səfəri çərçivəsində, həmçinin Prezident Jak Şirakla görüşdü. Ulu Öndər Ermənistan–Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün Fransanın da həmsədr olduğu ATƏT-in Minsk qrupundan gözləntilərini diqqətə çatdırdı, eyni zamanda, Fransa parlamentində “erməni soyqırımı” barədə qəbul edilən sənədlər barədə tənqidi fikirlərini söylədi.

Təəssüf ki, Fransa bu gün də Türk dünyasına, o cümlədən Azərbaycana qərəzli münasibəti davam etdirir. Prezident İlham Əliyev iyulun 5-də Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə çıxışı zamanı vurğuladı ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır.

  • Paylaş: