Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.04.2026 13:34
  • A-
  • A
  • A+

MEK-in direktoru 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş konfransda çıxış edib

MEK-in direktoru 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş konfransda çıxış edib

Bakı Dövlət Universitetində İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə 26 aprel – Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş “Mədəni irsin qorunması və rəqəmsallaşdırılması: arxiv, muzey və kitabxana resurslarının inteqrasiyası” mövzusunda respublika elmi konfransı keçirilib.

Konfransın açılışnda AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev və digər qonaqlar iştirak ediblər.

Plenar iclasda çıxış edən Hüseyn Hüseynov mədəni irsin qorunması və rəqəmsallaşdırılması istiqamətində Mərkəzi Elmi Kitabxanada həyata keçirilən layihələrdən bəhs edib. H.Hüseynov bildirib ki, MEK-in daim genişlənən elektron bazasında müxtəlif elm sahələri ilə yanaşı, mədəniyyət, incəsənət və bədii ədəbiyyat üzrə dəyərli nəşrlər toplanıb.

Direktor çıxışında mədəni irsin qorunmasında mühüm rol oynayan sosial təsisatların və elmi-mədəni qurumların əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıb. Bu məqsədlə vahid rəqəmsal platformanın yaradılmasını təklif edib. Onun sözlərinə görə, belə bir platforma kitabxana resurslarının inteqrasiyasını təmin etməklə mədəni irsin daha effektiv qorunmasına xidmət edə bilər.

H.Hüseynov onu da əlavə edib ki, AMEA-nın tabeliyində olan müəssisələrin kitabxanaları arasında Korporativ Elektron Kitabxana Sisteminin qurulmasına başlanılıb. Direktor bu sistemin yerli kitabxanalarda qorunan bütün sənədlərə əlçatanlığın təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, onun ölkə üzrə tətbiqini də tövsiyə edib.

Tədbirdə çıxış edən digər natiqlər milli-mənəvi dəyərlərin qorunması və inkişafı istiqamətində göstərilən dövlət qayğısını qeyd ediblər, elmi-mədəni qurumlar arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışıblar.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: