Tədqiqatlardan əldə edilən iqtisadi və sosial faydaları və dövlət elmi-tədqiqat və inkişaf investisiyalarından əldə olunan gəliri optimallaşdırmaq üçün akademiya və sənaye arasında effektiv əlaqələr lazımdır. Elmi-tədqiqat institutları və sənaye arasında bilik axınları birgə tədqiqat layihələri, təlim, məsləhətləşmə və müqavilələr, elmi tədqiqat məhsullarının kommersiyalaşdırılması, iş yerləri arasında kadr mobilliyi və tədqiqatçılar tərəfindən qeyri-rəsmi əməkdaşlıq vasitəsilə həyata keçirilir. Bu bilik axınları innovasiya yaranmasını sürətləndirən və nəticədə innovativ iqtisadiyyatın formalaşmasına təkan verən mühüm faktor kimi çıxış edir. Bu mənada texnologiyaların kommersiyalaşdırılması yeni iqtisadi dəyər yaradan bir innovasiya prosesi kimi xarakterizə oluna bilər.
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin müdiri Bünyamin Seyidov bildirib. O qeyd edib ki, Koreya-Azərbaycan ekspertlər qrupunun araşdırmaları nəticəsində texnologiyaların transferi və kommersiyalaşdırılma ilə bağlı əsas problemlər müəyyən edilib. “Bu problemlər texnologiya transferi və kommersiyalaşdırılma ilə əlaqəli hüquq sistemi, elm və texnologiyanın kommersiyalaşdırılmasının qeyri-aktiv sistemi, bu əməliyyatlar üçün bazarın kiçik olması, modernləşmə və innovasiyaya marağın az olmasıdır”, - deyə alim bildirib.