Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.09.2023 17:45
  • A-
  • A
  • A+

“Uluslararası Oğuz Türkcəsi Konfransı”nın iştirakçıları Qobustan Qoruğunu və palçıq vulkanlarını ziyarət ediblər

“Uluslararası Oğuz Türkcəsi Konfransı”nın iştirakçıları Qobustan Qoruğunu və palçıq vulkanlarını ziyarət ediblər

Azərbaycan Milli Elmlər Akademiyasının və Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumunun təşkilatçılığı ilə keçirilən “Uluslararası Oğuz Türkcəsi Konfransı”nın iştirakçıları Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət ediblər.

Burada Qoruğun əməkdaşları tərəfindən məlumat verilib ki, bəşər mədəniyyətinin nadir tarixi yadigarlarından olan Qobustan qaya təsvirləri 1947-ci ildən öyrənilir və ərazidə qaya üzərində insan, heyvan təsvirləri, müxtəlif işarələr, alətlər və s. aşkar edilib. Diqqətə çatdırılıb ki, burada 6 mindən artıq qayaüstü rəsm və müxtəlif fondlarda 100 mindən artıq arxeoloji material saxlanılır və arxeoloqlar tərəfindən ərazidə 20 sığınacaq aşkar edilib, 40-a yaxın kurqan qeydə alınıb.

Həmçinin bildirilib ki, dünya əhəmiyyətli “Qobustan” Dövlət Tarix-Bədii Qoruğu 2007-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

Sonra konfrans iştirakçıları Qoruğun ərazisi ilə tanış olub, e.ə. XII-VIII minillikdə yaşamış Mezolit dövrü əhalisinin yaratdığı qayaüstü rəsm əsərlərinə baxış keçiriblər.

Beynəlxalq konfransın iştirakçıları, həmçinin Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun ərazisində də olublar. Bildirilib ki, dünyada mövcud olan palçıq vulkanlarının yarısı Azərbaycanın payına düşür və palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılıb və Qoruq əməkdaşları tərəfindən onların mühafizəsi həyata keçirilir.

Beynəlxalq konfransın iştirakçıları olan Türk dünyasının elmi ictimaiyyəti ziyarətdən məmnunluqlarını dilə gətiriblər.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının və Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumunun təşkilatçılığı ilə keçirilən “Uluslararası Oğuz Türkcəsi Konfransı” Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: