AMEA prezidenti akademik İsa Həbibbəylinin başçılıq etdiyi nümayəndə heyətinin Özbəkistan Respublikasına səfəri
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 11-13-də Özbəkistanın paytaxtı Daşkənd şəhərinə səfər edib.
Nümayəndə heyətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Fuad Axundov, Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva və AMEA Rəyasət Heyəti aparatının şöbə müdiri Ağahüseyn Şükürov təmsil olunublar.
Türk xalqlarının müstəqilliyinə hədəflənmiş hərəkatın əks-sədası
Azərbaycan nümayəndə heyəti dekabrın 11-12-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində "Cədidlik: milli kimlik, müstəqillik və dövlətçilik ideyaları" mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak edib.
Daşkənd şəhər Konqres Mərkəzində keçirilən tədbirin təntənəli açılış mərasimində əvvəlcə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin konfrans iştirakçılarına müraciəti səslənib. Sonra Özbəkistan Respublikası Prezidentinin köməkçisi Saida Mirziyoyeva çıxış edib.
Özbəkistanda cədidçilik hərəkatına həsr olunmuş videorolik nümayiş olunduqdan sonra Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanışbek Omualiyev və Miçiqan Dövlət Universitetinin fəxri doktoru, cavidşünas alim Temur Xocaoğlu çıxış ediblər.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli üzərində Azərbaycanın xəritəsi və “Dəmir yumruq”un təsviri əks olunan xatirə hədiyyəsini Özbəkistan Respublikası Prezidentinin köməkçisi Saida Mirziyoyevaya təqdim edib.
Ölkəmizin nümayəndə heyəti adından tədbir iştirakçılarını salamlayan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli "Cədidlik və cədidlər: maarifçilikdən milli istiqlala" mövzusunda məruzə ilə çıxış edib. Qardaş Özbəkistanda keçirilən beynəlxalq elmi konfransın yeniləşmə proseslərinin tarixi gedişatını, şanlı ənənələrini daha dərindən öyrənməklə bərabər, həm də dünya təcrübəsini də araşdırıb təhlil etməyə imkan yaratdığını qeyd edən akademik İsa Həbibbəyli müstəqil dövlətçilik ideallarının, milli dövlətçilik ideologiyasının formalaşması və inkişaf etdirilməsi baxımından cədidlik mövzusunun zəngin material verdiyini diqqətə çatdırıb.
Azərbaycanda cədidlik - yeniləşmə hərəkatının XIX əsrin ortalarından başlandığını bildirən AMEA rəhbəri vurğulayıb ki, XIX əsrin sonlarında İsmayıl bəy Qaspralının "Dildə, fikirdə və işdə birlik" ideyası Cədidçilik hərəkatının epiqrafı kimi səslənmiş, Türküstanda isə Cədidçilik hərəkatının inkişafında özbək maarifçilərinin böyük xidmətləri olmuşdur ki, cədidçilik zaman-zaman Özbəkistanda vətənpərvərlik və milli azadlıq hərəkatı səviyyəsinə yüksəlmişdir. Beləliklə, müstəqil Özbəkistan Respublikası son yüz il ərzində çətin şəraitdə mövcudluğunu qoruyaraq inkişaf edən cədidçilik: maarifçilik və milli istiqlalçılıq idealları əsasında qurulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin nümayiş etdirdikləri böyük dostluq və əməkdaşlığın ölkələrimiz arasında çoxəsrlik əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasına meydan açdığını xüsusi vurğulayan akademik İsa Həbibbəyli qardaş Özbəkistanın Vətən müharibəsindən sonra Füzuli şəhərində nümunəvi məktəb kompleksi inşa etməsini liderlərimiz və xalqlarımız arasındakı həmrəyliyin və birliyin əhəmiyyətli hadisələri kimi yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Açılış mərasimindən sonra konfrans öz işini bölmələrdə davam etdirib.
Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirələrdə yaxından iştirak ediblər. Həmçinin AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərovun "İsmayıl bəy Qasplralının cədidçilik və "dildə, fikirdə və əməldə birlik" fəlsəfəsi" mövzusunda məruzəsi də maraqla qarşılanıb.
"Cədidlər: milli kimlik, müstəqilik və dövlətçilik ideyaları" mövzusunda keçirilən beynəlxalq elmi konfransda ümumilikdə 60-dan çox məruzə dinlənilib.
Tədbirdə özbək araşdırmaçıları ilə yanaşı Azərbaycan, Türkiyə, Qazaxıstan, Yaponiya, ABŞ-dan gəlmiş nüfuzlu alim və tədqiqatçılar iştirak ediblər.
Qeyd edək ki, akademik İsa Həbibbəyli Özbəkistan televiziya kanallarına müsahibə verib. Beynəlxalq tədbirdə Azərbaycan nümayəndələrinin iştirakı qardaş ölkə mediası tərəfindən geniş işıqlandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.