Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.12.2023 14:37
  • A-
  • A
  • A+

AMEA prezidenti Özbəkistan Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirak edib

AMEA prezidenti Özbəkistan Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirak edib

Daşkənd şəhərində Özbəkistan Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yubiley tədbirləri keçirilib.

Yubiley tədbirlərinin təntənəli açılış mərasimində əvvəlcə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təbrik məktubu oxunub.

Sonra Özbəkistan Elmlər Akademiyasının prezidenti akademik Behzod Yuldaşev giriş sözü ilə çıxış edib.

Açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycan və Özbəkistan arasında bütün sahələrdə olduğu kimi elm sahəsində də əlaqələrin daim inkişaf etdiyini bildirib. Ölkələrimizin Elmlər akademiyalarının qarşılıqlı elmi əlaqələrindən danışan akademik İsa Həbibbəyli son illərdə elmi-mədəni əməkdaşlığın bütün istiqamətlərdə yüksək templə inkişaf etdirildiyini qeyd edib. Təkcə Azərbaycanla Özbəkistan deyil, ümumiyyətlə Türk dünyasının bütün ölkələrinin elmi qurumları arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu xüsusi vurğulayıb və özbəkistanlı həmkarlarını təbrik edib.

Açılış mərasimində, həmçinin Türkiyə, Qazaxıstan, Monqolustan, Çin, Qırğızıstan, Tacikistan, Rusiya, Belarus, Tatarıstan Elmlər akademiyalarının prezidentləri və vitse-prezidentləri çıxış ediblər.

Tədbirdə Özbəkistan EA-nın 80 illik tarixi yolundan bəhs edən sənədli film nümayiş etdirilib.

Açılış mərasimindən sonra Özbəkistan incəsənət ustalarının konserti olub.

Yubiley tədbirləri bölmə iclasları ilə davam etdirilib.

***

Beynəlxalq konfransın ikinci günü AMEA-nın prezidenti İsa Həbibbəyli “Azərbaycan-Özbəkistan əlaqələri: ənənə və müasirlik” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə Azərbaycan-Özbəkistan elmi əlaqələrinin tarixinə nəzər salınıb, müasir mərhələdə inkişaf perspektivləri diqqətə çatdırılıb.

Akademik İsa Həbibbəyli tərəfindən AMEA adından Özbəkistan Elmlər Akademiyasının prezidenti akademik Behzod Yuldaşevə xatirə hədiyyələri verilib.

Özbəkistan EA-nın prezidenti akademik Behzod Yuldaşev akademik İsa Həbibbəyliyə, o cümlədən tədbirdə iştirak edən ölkələrin Elmlər Akademiyalarının prezidentlərinə Özbəkistan Elmlər Akademiyasının yubiley medalını təqdim edib.

Dekabrın 14-dək davam edən yubiley tədbirlərində iştirak edən Elmlər akademiyalarının rəhbərləri və nümayəndələrinin çıxışları və məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: