Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.11.2015 11:27
  • A-
  • A
  • A+

İmzalanmış müqavilə mədəniyyət və ədəbiyyat sahələri üzrə birgə əməkdaşlığa imkan verəcək

İmzalanmış müqavilə mədəniyyət və ədəbiyyat sahələri üzrə birgə əməkdaşlığa imkan verəcək

AMEA Ədəbiyyat İnstitutu ilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

İmzalanma mərasimində AMEA-nin vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycanda humanitar siyasət sahəsində aparılan məqsədyönlü işlərdən danışıb, ölkə rəhbərliyi tərəfindən bütün sahələrdə olduğu kimi mədəniyyət və ədəbiyyat sahələrinə də xüsusi diqqət yetirildiyini vurğulayıb. Ədəbiyyat İnstitutunun apardığı elmi araşdırmaların inkişaf istiqamətlərindən bəhs edən akademik İsa Həbibbəyli ədəbi sferada bir çox sahələrlə yanaşı, multikulturalizm istiqamətində də uğurlu elmi tədqiqatların aparılmasının vacibliyini önə çəkib. Elmi-tədqiqat müəssisəsinin rəhbəri göstərilən istiqamətlərdə Mədəniyyətşünaslıq Mərkəzi ilə də əməkdaşlıq əlaqələrinin yaradılmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib. Akademik İsa Həbibbəyli birgə əməkdaşlıq çərçivəsində müəyyən kitab və jurnalların, elmi məqalələrin nəşr edilməsinin, birgə elmi-kütləvi tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb,  prioritet elmi və mədəni sahələr üzrə institutla mərkəzin birgə fəaliyyət göstərməsini əhəmiyyətindən söz açıb.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev əməkdaşlıq çərçivəsində mühüm nəticələrin əldə olunacağına inamını ifadə edib.

Sonda iki qurum arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi akademik İsa Həbibbəyli və Asif Usubəliyev imzalayıblar.

Memorandumda YUNESKO-nun maddi və qeyri-maddi irs üzrə Reprezentativ siyahısına daxil edilmiş Azərbaycan mədəni irs nümunələrinin qorunması, tədqiqi və təbliği, respublikamızın uğurlu mədəni inkişafı və xalqımızın tarixi ənənəsinin dünyaya daha da yaxından tanıdılması istiqamətində aparılan davamlı dövlət siyasətinə birgə təşəbbüslərlə dəstək verilməsi, milli mətbuatımızın nadir nümunələrinin xarici ölkə arxivlərindən aşkar edilməsi və elektron variantının gətirilməsi, “Azərbaycan milli mətbuatının salnaməsi” ensiklopediyasının hazırlanması və elektron versiyasının yaradılması və bir sıra digər istiqamətlər nəzərdə tutulub. Tərəflər arasındakı razılaşmaların icrası üzrə ekspertlərdən ibarət işçi qrupunun yaradılması planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: