Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.03.2024 17:26
  • A-
  • A
  • A+

Türk Dil Qurumu tərəfindən Dilçilik İnstitutuna 200-ə yaxın kitab hədiyyə olunub

Türk Dil Qurumu tərəfindən Dilçilik İnstitutuna 200-ə yaxın kitab hədiyyə olunub

Martın 14-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Türk Dil Qurumunun təşkilatçılığı ilə kitab sərgisi keçirilib.

Sərgidə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkər, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri professor Dərya Örs, Türk Dil Qurumunun rəhbəri professor Osman Mert, Türk Tarix Qurumunun rəhbəri professor Yüksel Özgen, Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli və başqaları iştirak ediblər.

Sərgidə Türk Dil Qurumu tərəfindən Dilçilik İnstitutuna hədiyyə olunmuş, dilçiliyin müxtəlif sahələrini əks etdirən 200-ə yaxın kitab nümayiş olunub.

Daha sonra institutda türkiyəli qonaqların iştirakı ilə tədbir keçirilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbirdə çıxış edərək qonaqları salamlayıb. O, Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsinin elm sahəsində əməkdaşlığa da geniş meydan açdığını söyləyib.

Azərbaycan-Türkiyə qardaşlığının dünyaya nümunə olduğunu deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün, dövlət suverenliyinin təmin olunması ilə başa çatan 44 günlük Vətən müharibəsi ölkələrimiz arasındakı münasibətlərdə yeni bir tarixi salnaməyə çevrildi, qardaş Türkiyə haqq savaşımızın hər anında Azərbaycanın yanında oldu. 

AMEA rəhbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki çıxışı zamanı səsləndirdiyi "Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır", - sözlərini xatırladıb. O, Türk Tarix Qurumunun işğaldan azad edilmiş ərazilərə səfər edən Türkiyənin elmi qurumları arasında ilk müəssisə olduğunu bildirib.

Ölkələr arasında beynəlxalq kitab mübadiləsinin əhəmiyyətindən danışan AMEA rəhbəri Türk Dil Qurumu tərəfindən AMEA-ya hədiyyə olunmuş çoxsaylı kitabların miras qalacağını, gələcək nəsillərin bu kitablardan bəhrələnəcəyini vurğulayıb. Qeyd edib ki, bugünkü kitab təqdimatı Türkiyənin elmi qurumları ilə əlaqələrin bundan sonrakı mərhələdə daha da sürətlə inkişafına təkan verəcək.

Akademik İsa Həbibbəyli, həmçinin Türk Dil Qurumunun rəhbəri professor Osman Mertin Azərbaycan-Türkiyə elmi əlaqələrinin inkişafındakı xidmətlərinə görə Dilçilik İnstitutunun "Fəxri professor"u seçildiyini diqqətə çatdırıb, bu münasibətlə türkiyəli alimi təbrik edib.

Daha sonra çıxış edən Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Osman Mertin müasir türkologiyanın əsas simalarından biri olduğunu vurğulayıb. Qeyd edib ki, o, Azərbaycan dilinə, dilçilik elminə sevgisi olan ziyalılardandır. Son illərdə Osman Mertlə Dilçilik İnstitutu arasında dostluq münasibətinin formalaşdığını deyən professor Nadir Məmmədli bildirib ki, bu, Türkiyənin dilçilik mühiti ilə əlaqə deməkdir.

Professor Nadir Məmmədli "Fəxri professor" diplomunu qonağa təqdim edib. 

Osman Mert ona göstərilən diqqətə görə AMEA prezidentinə və Dilçilik İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirib. O, bundan sonra da Türkiyə ilə Azərbaycan arasında elmi əlaqələrin gücləndirilməsinə çalışacağını deyib. 

Sonda qonaqlar AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yerləşən Mehmet Akif Ərsoy adına Türkiyə Ədəbiyyatı Mərkəzini ziyarət ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: