Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.04.2024 15:26
  • A-
  • A
  • A+

İctimai Elmlər Bölməsinin Elmi şurasının iclasında “Qafqaz Albaniyası və müasir dövrdə albanşünaslığın problemləri”nə həsr olunmuş məruzə dinlənilib

İctimai Elmlər Bölməsinin Elmi şurasının iclasında “Qafqaz Albaniyası və müasir dövrdə albanşünaslığın problemləri”nə həsr olunmuş məruzə dinlənilib

Aprelin 9-da AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.

İclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb.

Akademik Gövhər Baxşəliyeva qarşıdan gələn 11 ayın sultanı Ramazan bayramı münasibətilə bütün əməkdaşları təbrik edib, onlara uzun ömür, möhkəm cansağlığı və elmi fəaliyyətlərində uğurlar arzulayıb.

O bildirib ki, iclasda “Qafqaz Albaniyası və müasir dövrdə albanşünaslığın problemləri” möv­zusunda məruzə dinləniləcək.

Daha sonra AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Etnoarxeologiya şöbəsinin aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva “Qafqaz Albaniyası və müasir dövrdə albanşünaslığın problem­lə­ri” mövzusunda məruzə edib.

Ülviyyə Hacıyeva bildirib ki, tədqiqatçılar Cənubi Qafqazın ən qədim dövlətlərindən biri olan Albaniyanın min ildən artıq tarixini iki dövrə ayırırlar. Qeyd edib ki, birinci qədim dövr ellinizmdən antik dövrün sonlarına qədərki xronoloji mərhələni (e.ə. IV əsr – b.e. III əsrin əvvəli), ikinci dövr – erkən orta əsrlər dövrü isə Sasanilər dövlətinin yaranmasından Qafqazda Alban dövlətinin müstəqilliyinə son qoymuş ərəb işğalına qədərki mərhələni (III əsr – VIII əsrin əvvəlləri) əhatə edir. Onun sözlərinə görə “Albaniyanın tarixinin ikinci dövrü çoxsaylı Sasani, Bizans, Suriya, ərəb, erməni və gürcü mənbələrində yetərincə yaxşı işıqlandırılsa da, erkən qədim dövrü üzrə geniş mənbəşünaslıq bazası mövcud deyil və bu səbəbdən Albaniyanın tarixi keçmişinin öyrənilməsində arxeoloji tədqiqatlar mühüm əhəmiyyət kəsb etmişdir. Albanlara aid olan məlumatlara bir sıra yunan və Roma müəlliflərinin – Strabonun “Coğrafiya”, Plutarxın “Müqayisəli tərcümeyi-hallar”, Dion Kassinin “Roma tarixi” və s. əsərlərində rast gəlinir.

Alim XIX əsr boyunca Azərbaycanda rus və əcnəbi arxeoloqların, elmi qazıntılar üzrə metodikası olmayan yerli məmurların ara-sıra arxeoloji tədqiqatlar apardığını qeyd edib. Bildirib ki, Tunc dövrünə aid qəbir abidələr qazılaraq aşkarlanan materiallar Azərbaycandan kənara aparılırdı: “Monpere (1834), A.Bernye (1862), XIX əsrin sonunda V.Belk və  J.de Morqan XIX əsrin sonu – XX əsrin əvvəllərində Rusiya İmperator Arxeologiya Komitəsinin tapşırığına əsasən, E.Resler, Q.Rozendorf, A.İvanovskiy, V.A.Skinder, İ.Qummel, Y.A.Lalayan Qarabağda, Gəncəçay vadisində və Azərbaycanın digər rayonlarında çox sayda qədim məzarlıqlarda qazıntılar aparmışlar. Bu qazıntılar zamanı aşkarlanan materiallar Sankt-Peterburqa, Moskvaya aparılmış, elmi hesabatlar isə “İmperator Arxeologiya Komitəsinin Hesabatlarında”, “Arxeologiya Komitəsinin Xəbərlər toplusu”nda və “Qafqaz Arxeologiyası üzrə Materiallar”da dərc olunmuşdur”.

O bildirib ki, 1835-ci ildə Fridrix Kruzenin məqaləsində İberiyanın, Albaniyanın, Kolxidanın və Ermənistanın qədim tarixinin öyrənilməsinin, xüsusən Xəzər dənizi və Qara dəniz arasındakı qədim ticarət yolunun bərpa olunması baxımından əhəmiyyəti qeyd olunub. 1846-cı ildə Aleksandr Yanovskinin “Qədim Qafqaz Albaniyası haqqında” ilk elmi məqalə dərc olunub. Amma Albaniyanın cənub sərhədi – Kür çayı qeyd olunub. XIX – XX əsrin birinci yarısında Albaniyanın tarixi ilə əlaqədar bir sıra məsələlərə rus alimləri İ.Şopen, B.A.Dorn, V.V.Bartold, V.F.Minorski, Y.A.Krımski, S.V.Yuşkovun, avropalı tədqiqatçılar H.Hipert, V.Tomaşek, İ.Markvart və Q.Hyubşmanın və s. əsərlərində rast gəlinir. Albaniya mövzusuna toxunan ilk azərbaycanlı tədqiqatçı A.A.Bakıxanov olmuşdur. O “Gülüstani-İrəm” əsərində Azərbaycan tarixini qədim dövrlərdən Gülüstan müqaviləsinə qədər (1813) araşdırmağa çalışıb.

Ülviyyə Hacıyeva Azərbaycanda arxeologiya elminin XX əsrin birinci yarısında, albanşünaslıq elmi istiqamətinin isə XX əsrin ikinci yarısında formalaşdığını vurğulayıb.

Bildirib ki,  Mingəçevir  ərazisinə arxeoloji tədqiqatlar aparmaq üçün 2 ekspedisiya təşkil olunub.

Ülviyə Haciyeva 1959-cu ildə Qəbələ arxeoloji ekspedisiyasının yaradıldığını və ekspedisiyanın bu günədək öz tədqiqatlarını davam etdirdiyi bildirib. 1959–1971-ci illər ərzində ekspedisiyaya S.M.Qazıyev, sonrakı illərdə isə Q.M.Əhmədov və İ.A.Babayev rəhbərlik etmişlər. Müxtəlif illərdə ekspedisiyasının tərkibində R.B.Göyüşov, F.L.Osmanov, O.İsmizadə, T.Qolubkina və A.Qarahmədova və b. iştirak ediblər.  1965-ci ildə Ziya Bünyadovun “Azərbaycan VII–IX  əsrlərdə” monumental əsəri albanşünaslığın əsasını qoymuşdur. XX əsrin 60-70-ci illərində Moskva və Leninqradın (indiki Sankt-Peterburq) aparıcı elmi mərkəzlərində hazırlıq keçmiş mühüm sayda tarixçi və arxeoloqların olması bir çox antik abidələr, ilk növbədə Albaniyanın şəhərləri üzrə irihəcmli tədqiqatlara başlamağa imkan verdi. Tarix, arxeologiya, memarlıq, sənətşünaslıq, antropologiya və s. sahələrdə tədqiqatları özündə ehtiva edən çoxsahəli “Albanşünaslıq” formalaşdı. Alimlərin sırasında Zelik Yampolski, Q.Voroşil, Fəridə Məmmədova, Tofiq Məmmədov, Kamal Əliyev, Fərda Əsədov, Rauf Məlikov, Yunis Nəsibov, Vaqif Piriyev, Əli Rəcəbli və b. idi.

“Onların hamısı öz əsərləri ilə Azərbaycanın tarixi torpaqları ilə bağlı erməni konsepsiyalarının qeyri-qanuni və elmə zidd olduğunu sübut ediblər. Albaniyanın tarixi və mədəniyyəti üzrə ümumiləşdirici əsərlər yazılırdı. Bu əsərlərdə tarixi problemlərin geniş spektrinin əsaslandırılması üçün arxeoloji materiallardan istifadə olunmağa başlanıldı. Qafqaz Albaniyasının tarixinin müxtəlif sahələrinə aid C.Xəlilovun “Qafqaz Albaniyasının maddi mədəniyyəti”, İ.Babayevin “Qafqaz Albaniyasının şəhərləri”, Fəridə Məmmədovanın “Musa Kalankatlının “Alban tarixi” əsəri Qafqaz Albaniyasının ictimai quruluşu üzrə bir mənbə kimi”, “Qafqaz Albaniyasının siyası tarixi və tarixi coğrafiyası”, “Qafqaz Albaniyası və albanlar”, K.Əliyevin “Antik Qafqaz Albaniyası”, Q.Qoşqarlının “Azərbaycan ərazisində antik dövrə aid qəbir abidələrinin tipologiyası”, Q.Cəbiyevin “Girdiman: tarixi və tarixi coğrafiyası” adlı əsərlərini, həmçinin Albaniyanın numizmatikaya aid olan Əli Rəcəblinin, memarlıq tarixinə aid olan Davud Axundovun, Gülçöhrə Məmmədovanın, Səbinə Hacıyevanın və s. alimlərin əsərlərinin adlarını çəkmək olar”, - deyə məruzəçi vurğulayıb.

Onun sözlərinə görə, 2000-2003-cü illərdə prof. Fəridə Məmmədovanın rəhbərliyi altında Qafqaz Albaniyasının Tədqiqat Mərkəzi yaradılıb və Bakıda iki beynəlxalq konfrans və bir elmi seminar təşkil edilib. Tədbirlərin materialları iki jurnalda nəşr edilib (The History of the Caucasus. The scientific-public almanac. The Caucasus Albanian research center. Issue №1, 2001; №2, 2002).

O, 2000-2003-cü illərdə Ümummilli Lider Heydər Əliyevin birgə Azərbaycan–Norveç “Kiş” layihəsinin həyata keçirilməsinə dəstək verdiyini vurğulayıb. Bu layihədə prof. Gülçöhrə Məmmədovanın (S.Hacıyeva və başqaları) rəhbərliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarları, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun arxeoloqları (V.Kərimov, A.Qarəhmədova və başqaları), Norveç Krallığı və Norveç Humanitar Yardım Cəmiyyətinin dəstəyi ilə Norveç alimləri B.Sturfiel, S.Sturfiel, Tur Heyerdalın iştirak etdiyini bildirib.

2009-cu ildən isə SEBA (Seul–Bakı) Azərbaycan–Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının tam dəstəyi ilə Azərbaycan–Koreya birgə ekspedisiya qrupu Səlbir yaşayış yerində (Qafqaz Albaniyasının paytaxtı olan Qəbələ şəhərinin ərazilərindən birində) qazıntı işləri aparır. Arxeoloji qazıntılarda Azərbaycan Milli Elmlər Akademiyasının arxeoloqları və Koreyalı arxeoloqları iştirak ediblər. Məruzəçi 2019-cu ilədək ümumilikdə 10 mövsüm çöl-tədqiqat işinin aparıldığını, 2023-cü ildə isə qazıntı işlərinin yenidən davam etdirildiyini qeyd edib.

2016-cı ildən isə akademik Kamal Abdullayevin rəhbərliyi ilə “Qafqaz Albaniyasını öyrənirik” layihəsi həyata keçirilib. Tarix elmləri doktoru Həcər Verdiyevanın rəhbərliyi altında alimlərin və tələbələrin iştirakı ilə müxtəlif görüşlər, seminarlar keçirilmiş, Salesian Pontifik Universiteti ilə birlikdə 2015-ci ildə Romada “Azərbaycan multikulturalizmi və Qafqaz Albaniyası (udilər)” mövzusunda beynəlxalq konfransı təşkil edilmişdir.

Onun sözlərinə görə 2019-cu ildən Rəvan Həsənov Bakı Beynəlxalq Multikulturalizm  Mərkəzinin  icraçı direktoru təyin edildi və albanşünaslıq üzrə elmi tədqiqatlar yeni stimul aldı. Beynəlxalq konfranslar, seminarlar keçirildi, 2019-ci ildən 2023-cü ilə qədər üç dildə (Azərbaycan, rus, ingilis) “Qafqaz Albaniyası etno-mədəni irsi” məqalələr toplusunun 4 nömrəsi nəşr olunub. 2021-ci ildə AMEA-nın müxbir üzvü Fəridə Məmmədovanın “Qafqaz Albaniyası və albanları” monoqrafiyası ingilis dilinə tərcümə edilib, 2023-cü ildə prof. Kərim Şükürovun “Azərbaycan albanşünaslığının (Qafqaz) tarixinə dair” adlı monoqrafiyası dərc edilib və bir sıra vacib kitablar nəşr olunub: “Qafqaz Albaniyası etno-mədəni irsi” toplusunun 2019 ildə (№1) və 2021-ci ildə isə (№2) elmi redaktoru AMEA müxbir üzvü Fəridə Məmmədova və mən olmuşuq, 2022–2023-cü illərdə isə – prof. Kərim Şükürov, prof. Nəcəf Müseyibli və mən toplunun elmi redaktorlarıyıq”.

Alim onu da vurğulayıb ki, topluda tarix elmləri doktoru Nəcəf Müseyibli arxeologiya bölməsində yeni bir istiqamət yaradıb – Alban  dövtətçiliyin yaranmasının tarixi kökləri və bu istiqamətdə aparılan tədqiqatlar Azərbaycanın ərazisində əsrlər boyu yaranmış qədim mədəniyyətləri Albaniya dövlətinin yaranmasının bünövrəsi kimi göstərməyə imkan verir. Toplunun redaksiya heyətinə Gürcüstan, Rusiya, İngiltərə, Koreya Respublikası, Litva alimləri, professorları daxildir. Bu, ölkəmizdə albanşünaslığın ayrı-ayrı istiqamətlərində tədqiqat aparan xarici və Azərbaycan alimlərinin birgə nəşr edildiyi yeganə elmi topludur. 2023-2024-cü illərdə Avropada, Ermənistanda Albaniyanın ayrı-ayrı problemlərinə aid olan monoqrafiyalar nəşr olunub. Bu kitablarda və toplularda alban etno-mədəni irsinin, Kür-Araz ərazisinin erməni tarixinə aid olması kimi saxta iddialar irəli sürülür. “Qafqaz Albaniyası etno-mədəni irsi” toplusu bu tədqiqatlara layiqli cavab verir: “Problemlərdən biri də albanşünaslıqla məşğul olan alimlərin azlığıdır. Bu sahə ilə məşğul olan arxeoloqlara, memarlara, epiqraflara, numizmatlara, qədim dilləri bilən tarixçilərə və dilçilərə böyük ehtiyac var”.

Ülviyyə Hacıyeva çıxışında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (Rəvan Həsənov) və A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu (Kərim Şükürov) tərəfindən 4-aylıq onlayn qafqazşünaslıq kursunun təşkil olunduğunu qeyd edib: “Bu kursu Tbilisi Dövlət Universisetenin professoru, tanınmış dilçi Roman Lolua aparır. Kursa 3 sillabusun proqramı – alban dilinin və mədəniyyətinin  öyrənilməsi və Qafqaz paleoqrafiya (Qazqaz dillərin tarixi) daxildir. Professor Kərim Şükürov institutda bu işlər üçün bütün şəraiti yaradıb. İnstitutun 2 əməkdaşı – Elçin Məhəmmədli və Orxan Zeynalov dərslərin texniki təşkilatçılığını idarə edirlər”. Həftədə 3 dəfə (1, 2, 4 günlərdə) saat 15:00-18:00 qədər konfrans zalında Zoom vasitəsi ilə onlayn dərsləri keçirilir. 31 iştirakçı üçün whatsapp qrupu yaradılıb və orada bütün lazım olan ədəbiyyat, dərslərin videoyazıları daxil olunur, “Alban palimpsestin” qrammatikası ilə bağlı Z.Aleksidzenin nəşr etdiyi üçcildliyin böyük həcmdə olan 2-cildi pdf formatında hazırlanıb”.

Alim aprel ayın 19-20-də AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan–Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası (SEBA), Alban-Udi Xristian Dini İcması tərəfindən təşkil edilən “Qafqaz Albaniyası: etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfransı keçiriləcəyini vurğulayıb.

O, çıxışının sonunda mövzu istiqamətində gəldiyi nəticələrin konkret təkliflərini irəli sürüb.

Sədr və Elmi şura üzvləri məruzənin “Elm” qəzetində dərc olunmasını tövsiyə ediblər.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.

Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov və Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev çıxış edərək günümüz üçün mövzunun çox aktual olduğunu nəzərə alaraq bu sahədə birgə tədqiqatların aparılmasına və bu sahədə ciddi mütəxəssislərin yetişdirilməsinə böyük ehtiyac olduğunu vurğulayıblar.

Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi tarix elmləri doktoru Solmaz Məhərrəmli, Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Anar ağalarzadə işğal dövründə ermənilərin maddi-mədəniyyət abidələrimizin restavrasiyası adı ilə vurduğu ziyandan, abidələrimizi erməniləşdirməsindən söz açıblar. Solmaz Məhərrəmova ermənilər tərəfindən işğal dövründə Laçın rayonundakı küp qəbrlərdə çoxsaylı qazıntı işləri aparıldığını bildirib.

AMEA-nın müxbir üzvü Şahbaz Muradovda çıxışında bu məsələnin ciddiliyinə toxunaraq  Laçında qazıntı işlərinin həyata keçirilməsini tövsiyə edib.

İclasda, o cümlədən bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub.

Akademik Gövhər Baxşəliyeva ölkə Prezidentinin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planına uyğun olaraq görülmüş və görüləcək işlər haqqında müzakirə aparıb.

Daha sonra AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi və siyasəti (XX-XXI əsrlər) şöbəsinin adının dəyişdirilərək Qafqaz ölkələrinin beynəlxalq əlaqələri şöbəsi, Qafqaz tarixi (qədim dövrdən XX əsrədək) şöbəsinin adının dəyişdirilərək Qafqaz tarixi şöbəsi adlandırılması məsələləri müzakirə edilib, AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

İclasda tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovun AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilməsi məsələsinə də baxılıb və AMEA Rəyasət Heyəti qarşısında vəsatətət qaldırılıb.

Sonra filologiya üzrə fəlsəfə doktorları Lalə Qasımlı, Aygün Yusibovanın, tarix üzrə fəlsəfə doktoru Həsən Səfərinin, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları filologiya üzrə fəlsəfə doktorları Gülşən Həmidlinin, Nigar Ağayevanın böyük elmi işçi vəzifələrinə təsdiq edilməsi məsələrinə baxılıb.

Sonra Şərqşünaslıq İnstitutu­nun elmi işçisi Pərvinə Əfəndinin Türkiyə Respublikasına  ezam olunması haqqında məsələyə baxılıb.

İclasda AMEA-nın müxbir üzvü Əli Nuriyevin 85 illik yubileyi, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin 50 illik yubileyi haqqında məsələlərə baxılıb.

Sonda Elmi şuranın iclasında 27 Mart - Elm günü münasibətilə ictimai yönümlü elmi müəssisələrdə fəaliyyət göstərən bir qrup əməkdaşa İctimai Elmlər Bölməsinin Fəxri fərmanı və Təşəkkürnaməsi təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: