Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.04.2024 16:45
  • A-
  • A
  • A+

Coğrafiyaçı alimlər Qazaxıstanda keçirilən beynəlxalq tədbirlərdə iştirak ediblər

Coğrafiyaçı alimlər Qazaxıstanda keçirilən beynəlxalq tədbirlərdə iştirak ediblər

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov və icraçı direktoru dosent Zaur İmrani Qazaxıstanın Pertopavlovsk şəhərində Şimal Qazaxıstan Universitetinin təşkilatçılığı ilə keçirilən “Təbiət elmlərinin aktual problemləri” XII beynəlxalq elmi-praktiki konfransında iştirak ediblər.

Zakir Eminov “Azərbaycanın Aran ərazisində su ehtiyatlarından səmərəli istifadə”, Zaur İmrani isə “İstehsal sahələrinə innovativ modern yanaşmanın ekoloji-coğrafi aspektləri” mövzularında məruzə ediblər.

Səfər zamanı coğrafiyaçı alimlər, həmçinin “Ekoloji-coğrafi tədqiqatlar” beynəlxalq elmi-praktiki seminarında “Azərbaycan Respublikası regionlarında əhali məskunlaşmasının tənzimlənməsi yolları” (Z.Eminov) və “Dayanıqlı inkişafın regional iqtisadi-coğrafi modeli” (Z.İmrani) adlı mövzularda çıxışlar ediblər.

Bununla yanaşı, coğrafiyaçı alimlər Azərbaycan, Qazaxıstan, Özbəkistan və Rusiya alim və mütəxəssislərindən ibarət işçi qrupun tərkibində dəyirmi masada elmi əməkdaşlıq, dissertasiya işlərinin müdafiəsində xarici alimlərin cəlb olunması, elmi-tədqiqatların mübadiləsi, beynəlxalq konfransların birgə təşkili və məqalələrin çapı, kadr hazırlığı siyasəti və digər məsələləri müzakirə edib, fikir mübadiləsi aparıblar.

Daha sonra Coğrafiya İnstitutunun əməkdaşları Coğrafiya və ekologiya kafedrasının elmi və pedaqoji fəaliyyəti ilə yaxından tanış olub, şəhərin Botanika bağında, “Batır xan” muzeyində, İşim çayının səviyyəsinin qalxması ilə əlaqədar yerli mütəxəssislərlə bərabər subasma zonasında yarana biləcək problemlərlə yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: