Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.05.2024 17:55
  • A-
  • A
  • A+

Elmi seminarda Azərbaycanın müasir sosial-iqtisadi inkişaf strategiyası müzakirə edilib

Elmi seminarda Azərbaycanın müasir sosial-iqtisadi inkişaf strategiyası müzakirə edilib

AMEA-nın İctimai Elmlər Bölməsinin “Azərbaycanın müasir sosial-iqtisadi inkişaf strategiyası və onun reallaşması şərtləri” adlı məruzənin müzakirəsinə həsr olunmuş elmi seminarı keçirilib.

Tədbirdə AMEA-nın Şərqşünaslıq İnstitutu, Fəlsəfə və Sosiologiya İnstitutu, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu, elcə də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının alim və mütəxəssisləri iştirak ediblər.

Seminarı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva məruzənin həsr olunduğu problem, eyni zamanda məqsədi və əhəmiyyəti barədə fikrilərini bildirib.

Elmi məruzənin müəllifi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Regional İqtisadi və Sosial Araşdırmalar İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Əli Nuriyev ölkədə sosial-iqtisadi vəziyyətə təsir edən amillərdən bəhs edib. Alim yeni sosial-iqtisadi inkişaf modelinin reallaşdırılması üçün ölkədə zəruri iqtisadi resurslar və müasir infrastruktur bazasının inkafının zəruriliyini vurğulayıb.

Ə.Nuriyev Ümummilli Lider Heydər Əliyevin iqtisadi quruculuq istiqamətində müxtəlif tarixi dövrlərdə həyata keçirdiyi strateji islahatların əhəmiyyətinə toxunub. Alim hazırda milli iqtisadiyyatımızın sürətli inkişafında Prezident İlham Əliyevin çoxsaylı fərman və sərəncamlarının, dövlət proqramlarının böyük rolunu qeyd edib.

Azərbaycanda sosial-iqtisadi inkişafın göstəricisi kimi üç əsas strategiyanın dövlətin iqtisadi imkanlarının genişlənməsində təsirindən danışıb. İqtisadçı alim Azərbaycanda çoxsahəli inkişafın yeni keyfiyyət səviyyəsini müəyyən edəcək bir sıra tədbirlərin həyata keçirilməsinin vacibliyinə diqqət çəkib. Bildirib ki, ilk növbədə inzibati ərazi bölgüsü və ərazi idarəetmə sistemi təkmilləşdirilməli, iqtisadi-coğrafi rayonlara bölgü şəbəkəsinə münasibətdə mövqe fərqləri aradan qaldırılmalı və respublikanın regional siyasəti təkmilləşdirilməlidir. O, həmçinin qeyd edib ki, regional siyasətdə ədalətlilik və səmərəlilik, yaxud sosial və iqtisadi yönümlülük düzgün əlaqələndirilməlidir.

Alim məruzəsində müxtəlif illər aralığında əhalinin şəhərdən-şəhərə, yaxud rayonlardan şəhərə iqtisadi fəaliyyətlə bağlı miqrasiyasının müqayisəli təhlilini də təqdim edib.

Sonra məruzə ətrafında müzakirələr aparılıb. Məruzəçi Əli Nuriyev AMEA-nın müxbir üzvü Qorxmaz İmanov, Şərqşünaslıq İnstitutunun elmi işçisi Orxan Nəcəfov, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Adil Əsədov, İqtisadiyyat İnstitutunun baş elmi işçisi Sevda Mikayılova və başqalarının suallarını cavablandırıb. 

Sonda çıxış edən iclasın sədri, akademik Nərgiz Axundova məruzənin mövzusunun aktuallığını qeyd edib və məruzəçiyə minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: