Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Naxçıvan Bölməsinin Elektron xidmətlər şöbəsi tərəfindən Vikipediyada yenilənən məlumatlar mədəni irsimizin qorunmasına və tanıdılmasına xidmət edir
22.05.2024 14:36
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin Elektron xidmətlər şöbəsi tərəfindən Vikipediyada yenilənən məlumatlar mədəni irsimizin qorunmasına və tanıdılmasına xidmət edir

Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamı muxtar respublikanın tarixinin, memarlığının, mədəniyyətinin və müasir inkişafının daha dərindən öyrənilməsinə şərait yaratmışdır.

AMEA-nın Naxçıvan Bölməsi də bu fəaliyyətdə uğurla təmsil olunur. Həmin fəaliyyətin davamı olaraq AMEA Naxçıvan Bölməsi tərəfindən Vikipediya azad ensiklopediyasında muxtar respublika ilə bağlı məlumatların zənginləşdirilməsi və redaktə işlərinin həyata keçirilməsi məsələsi diqqətdə saxlanılır.

Bölmənin Aparatının Elektron xidmətlər şöbəsinin aparıcı mütəxəssisi Səadət Məmmədova tərəfindən ötən 6 ay ərzində Vikipediaya yeni materialların yüklənməsi və redaktəsi işi həyata keçirilmiş, Naxçıvan Muxtar Respublikası ilə bağlı “100 illik yubiley” başlığı yaradılmışdır.

Muxtar respublikanın 100 illiyi çərçivəsində Naxçıvanla bağlı Vikipediyada yer alan təxminən 30-a yaxın məqalədə redaktə və genişləndirmə işləri aparılmış, “Naxçıvan Muxtar Respublikası mövzularda” şablonu tərtib edilərək bir xüsusi bölmədə toplanmışdır. Bu, Naxçıvanın zəngin tarixi və mədəniyyətini daha geniş şəkildə əks etdirmək və onun dünya miqyasında tanıdılmasına töhfə vermək məqsədi daşıyır. Bölmə əməkdaşlarının da işə cəlb olunması ilə Naxçıvanla bağlı məlumatlar alimlərin elmi məsləhətləri əsasında yenilənmiş, mövcud məqalələrə yeni əlavələr və dəyişikliklər edilmişdir. Kompleks fəaliyyətin nəticəsi olaraq Naxçıvanda aparılan arxeoloji tədqiqatlar, bölgənin tarixi, memarlığı, mədəniyyəti, ədəbiyyatı, musiqisi, teatrın inkişafı, təbiəti, müasir dövrü və başqa mövzuları əhatə edən 19 başlıqda 38,744 simvoldan ibarət əlavələr olunub və redaktə işi həyata keçirilib. “Naxçıvanda sənətkarlıq” məqaləsi daxilində “Qalayçılıq” mövzusunda başlıq yaradılıb. Naxçıvan sənətkarlıq mühiti ilə bağlı ümumi olaraq 2872 simvoldan ibarət əlavə olunub. Bundan əlavə Naxçıvan şəhərinin tarixi və bəzi yeni məhəllələri, Naxçıvan mətbəxinin də daxil olduğu 4 mövzuda redaktələr olunub.

Əməkdaşımız Orta əsr Azərbaycan memarlığının görkəmli nümayəndəsi Əcəmi Naxçıvaninin UNESCO çərçivəsində qeyd olunan yubileyi ilə əlaqədar olaraq “Əcəmi Naxçıvaninin 900 illik yubileyi” adlı başlıq əlavə edib. Azərbaycan realist rəssamlıq məktəbinin banisi Bəhruz Kəngərlinin həyatı, yaradıcılığı, ayrı-ayrı əsərləri və rəssamın ev muzeyi haqqında məqalələrə redaktə və əlavələr edib. Rəssamın 30-a yaxın əsərinin fotoşəklini Vikimediaya yükləyib. Naxçıvanın elmi və ictimai mühitinin seçilən nümayəndəsi, akademik İsmayıl Hacıyevlə bağlı məlumatlar yenilənmiş, alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti, əsərləri və s. ilə bağlı məlumatlar üzərində 127,214 simvoldan ibarət redaktə işləri aparılmışdır.

Səadət Məmmədova, həmçinin 20-ə yaxın Vətən müharibəsi şəhidi haqqında məqaləni genişləndirmiş, informasiya texnologiyaları ilə bağlı 30, informasiya-kommunikasiya texnologiyalarının inkişafında böyük xidmətləri olmuş 50-ə yaxın alim və ixtiraçı haqqında məqalə yaratmışdır. Vikipediya ilə yanaşı, Vikidataya 1746, Vikiresursa 23, Vikikitaba 17 və Vikimediaya 237 yeni material əlavə etmişdir.

Görülən işlər çərçivəsində fotojurnalist Zülfüqar Qurbanlı ilə birgə “Wiki Loves Folklore” beynəlxalq foto müsabiqəsinə 50-yə yaxın foto və video təqdim olunmuşdur. Bu fəaliyyət müsabiqədə iştirakla yanaşı, həm də 100 yaşını qeyd edən muxtar respublikanın mədəni dəyərlərinin, folklorunun təbliğinə xidmət edir.

Qeyd edək ki, Səadət Məmmədova ötən ilin dekabrında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “Azərbaycan Vikimediaçıları” istifadəçi qrupunun təşkilatçılığı ilə Göygöl şəhərində təşkil olunan “Gənc vikipediyaçıların qış düşərgəsi”ndə iştirak edib. 3 gün davam edən düşərgədə iştirakçılara təcrübəli və peşəkar vikipediyaçılar tərəfindən "Vikianbar", "Vikiverilənlər", "Vikimedia", "Vikipediyada maraqlı alətlər" mövzularında təlim və seminarlar keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: