Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.06.2024 14:48
  • A-
  • A
  • A+

Tarix və Etnologiya İnstitutunda Ağalı kənd məktəbi ilə canlı bağlantı yaradılıb

Tarix və Etnologiya İnstitutunda Ağalı kənd məktəbi ilə canlı bağlantı yaradılıb

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi yad edilib, daha sonra 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx izlənilib.

Tədbirdə İkinci Qarabağ müharibəsinin iştirakçıları, Bakı Biznes Universitetinin tələbələri, universitetin “Vətən” klubunun üzvləri Murad Məmmədov və İlkin Quliyev, Bakı Biznes Universiteti və Azərbaycan Universitetinin tələbələri də iştirak edib. Vətən müharibəsi iştirakçıları M.Məmmədov və İ.Quliyev 44 günlük Vətən müharibəsi, döyüşlər barədə danışıblar.

İnstitutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev bildirib ki, Milli Qurtuluş Günü Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış böyük siyasi və tarixi əhəmiyyətə malik gündür: “İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynamış, daim xalqına arxalanan və xalqa arxa duran bir insan - Ümummili Lider Heydər Əliyev olub. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda yaranmış hərc-mərcliyin qarşısının alınmasında Ulu Öndərin xıdmətləri böyükdür. Xalqın tələbi və təkidi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev böyük çətinliklər hesabına ölkə daxilində sabitliyə nail olub. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilib, bununla da Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi yazılıb”.

Azərbaycan Respublikasının tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, professor Mais Əmrahov “Tarix yaradan şəxsiyyət” adlı məruzəsində bildirib ki, Azərbaycan xalqının xoşbəxtliyi və gələcəyi uğrunda mübarizə aparan görkəmli dövlət xadimi, tarixə qurucu və xilaskar kimi daxil olmuş Heydər Əliyev Azərbaycan xalqının taleyində, onun mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərən dahi bir şəxsiyyətdir: “Heydər Əliyev 1923-cü ildə anadan olub, 1939-1941-ci illərdə Azərbaycan Sənaye İnstitutunda oxuyub, 1941-ci ildən Xalq Daxili İşlər Komissarlığında işə başlayıb, Naxçıvan Muxtar Respublikası Xalq Komissarları Sovetində şöbə müdiri işləyib, 1944-cü ildə Naxçıvan Vilayət Komitəsi tərəfindən dövlət təhlükəsizlik orqanlarına işə göndərilib. 1950-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında dövlət təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə işləyib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsində sədr müavini, 1967-ci ildən isə həmin komitənin sədri vəzifəsində müvəfəqiyyətlə çalışıb. Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi və büro üzvü, 1982-ci ilin noyabrından 1989-cu ilə kimi SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyib. 1971-ci ildən Sov. İKP MK üzvü, 1976-cı ildən Sov.İKP MK Siyasi Büro üzvlüyünə namizəd, 1982-ci ildən Sov. İKP MK Siyasi Büro üzvü olub. SSRİ Ali Sovetinin 7-11-ci çağırış deputatı olan Heydər Əliyev 1979 və 1983-cü illərdə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə öz zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə dərindən bələd olması sayəsində milli dövlətçilik siyasəti işləyib hazırlayıb və bütün çətinliklərə sinə gərərək onu dönmədən həyata keçirib. Bu gün qətiyyətlə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin siyasi varisi İlham Əliyev təkcə ata vəsiyyətini yerinə yetirməklə kifayətlənmədi, Ulu Öndərin inşa etdiyi Azərbaycanı ən nüfuzlu dövlətlərdən birinə çevirdi, dövlətin ərazi bütövlüyünü təmin edən dünya liderlərindən biri oldu”.

Tədbirdə iştirak edən Bakı şəhər 225 № li məktəbinin şagirdi Aylin Rüstəmli  “Öz xalqının oğlu” adlı şeiri səsləndirib.

Azərbaycan Respublikasının tarixi şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Alı Balayev “Qurtuluşdan intibaha (2003-2023-cü illər)”, Azərbaycan Universitetinin IV kurs tələbəsi Elçin Məmmədli “Heydər Əliyev və Azərbaycan gəncliyi”, Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının dosenti, sosiologiya üzrə fəlsəfə doktoru Yaqut Əliyeva və doktorant Zaur Mikayılov “Qarabağda “ağıllı şəhər” və “ağıllı kənd” layihələrin həyata keçirilməsinin üstünlükləri” adlı məruzələrlə çıxış ediblər.

Tədbirdə Zəngilan rayonunun Ağalı kənd məktəbi haqqında videoçarx izlənilib. Sonra Ağalı kənd məktəbində məzun günü münasibəti ilə keçirilən toplantı ilə canlı bağlantı yaradılıb. Məktəbin şagirdləri Fatimə, Xədicə, Nuray şeirlər səsləndiriblər. Tədbir iştirakçıları canlı bağlantıda Ağalı kənd məktəbi ilə tanış olublar.

Yekunda tarix üzrə fəlsəfə doktoru Nigar Axundova və tələbələr öz təəssüratlarını bölüşüblər.

Sonda tədbir iştirakçılarına təşəkkürnamələr verilib və xatirə şəkilləri çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: