AR ETN Botanika İnstitutunda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun baş direktoru b.e.d., professor Səyyarə İbadullayeva Müstəqillik Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.
Günün əhəmiyyətindən danışan S.İbadullayeva qeyd edib ki, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edilib və bununla da müsəlman dünyasında ilk parlament demokratiyası - Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyulub. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Milli Şurasının ilk sədri Məhəmməd Əmin Rəsulzadə olub. AXC dövründə ilk dəfə qadınlara seçki hüququ verilib və qadın-kişi bərabərliyi təmin olunub, milli ordu yaradılıb, milli valyutanın dövriyyəyə buraxılıb, milli bank təsis edilib.
23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib. Sovet dövründə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları və onların fəaliyyəti qadağan olunmuşdur. Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bütün qadağalara son qoyulub. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri və himni bərpa edilib.
Professor Cümhuriyyətin adının özünə qaytarılmasının Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Qeyd edib ki, müstəqillik dövründə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı arxiv materialları açılıb, elmi işlər reallaşıb, həqiqətlər ortaya çıxıb. Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Heydər Əliyev öz çıxışlarından birində qeyd edib: “Bu gün – bu bayram günü biz Azərbaycanda ilk Demokratik Respublikanın qurulmasında və fəaliyyət göstərdiyi xidmətlərə görə M.Ə.Rəsulzadəyə, Ə.Topçubaşova, F.Xoyskiyə, onların silahdaşlarına bir daha öz minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Onların gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaq. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaq”.
Ulu Öndərin bu siyasətini hazırda Prezident İlham Əliyev davam etdirir. Azərbaycan dövlətinin başçısının tarixi keçmişimizə, varisi olduğumuz Xalq Cümhuriyyətinə bu qədər önəm verməsi xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Respublika Günü 1991-cı ildən - dövlət müstəqilliyinin bərpasından sonra - dövlət bayramı kimi qeyd olunur. 15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü olmuşdur.
Tədbirdə institutun icraçı direktoru b.e.d., professor Şakir Qasımov, elmi katib b.ü.f.d. Nigar Mürsəl qızı və b.e.d., professor Eldar Novruzov çıxış edərək Müstəqillik Gününün əhəmiyyətindən danışıblar.
Sonda Müstəqillik Gününə həsr olunan videoçarx nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.