Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.05.2025 16:22
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzdə “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib

Seysmoloji Mərkəzdə “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib

Mayın 27-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 28 May – Müstəqillik Günü və Azərbaycan Milli Elmlər Akademiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və AMEA-nın 80 illiyinə həsr edilmiş institutlararası mini futbol turnirinin nəticələrinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

28 May tarixinin Azərbaycan xalqının həyatında müstəsna yeri olduğunu bildirən AMEA nəzdində RSXM-nin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli xalqımızın müstəqilliyi əldə etməsi yolunda keçdiyi tarixi yoldan danışıb. Professor Qurban Yetirmişli bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan dövlətçiliyinə qarşı çoxsaylı təhdidlər olsa da, Ulu Öndər Heydər Əliyevin apardığı müdrik və uzaqgörən siyasət nəticəsində  müstəqil Azərbaycan dövləti quruldu və bu günkü Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevdir. Professor Qurban Yetirmişli bildirib ki, Ulu Öndərin siyasi kursu bu gün möhtərəm cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan nəinki regionda, bütün dünyada öz nüfuzu və çəkisi olan ölkələrdən birinə çevrilib.

RSXM-nin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı isə Azərbaycanın müstəqillik tarixi və 28 Mayın xalqımızın və dövlətimizin tarixindəki və taleyindəki yerindən danışıb. 1918-ci il Mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətinin Milli Şurasının İstiqlal Bəyannəməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdiyini qeyd edən Vüsalə Rafiqqızı bildirib ki, qısa müddət ərzində Azərbaycanın ilk parlamenti, hökuməti, dövlət atributları təsis edildi, dövlət sərhədləri müəyyən edildi və dövlət quruculuğu sahəsində bir sıra vacib qərarlar qəbul edildi. İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Demokratik Cumhuriyyəti yaradıldı. Şöbə müdiri deyib ki, dünyada yaşayan hər xalqa, hər millətə müstəqil dövlət qurmaq nəsib olmur. Müstəqilliyimizə gedən yolda bizim xalqımızın başına çox fəlakətlər gəlib, itkilərimiz olub. Amma xalqımız bütün bunlara qarşı hər zaman mətin dayanıb və iradə nümayiş etdirib. 1920-ci ildə keçmiş “qırmızı imperiya” xalqlar dostluğu və birliyi adı altında bir çox ölkələr kimi Azərbaycanı da işğal edib 70 il əsarətdə saxlasa da, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. Konstitusiya Aktında 1918-ci il 28 May tarixli İstiqlal Bəyannaməsinə və Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad edilmiş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cumhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Şöbə müdiri çıxışında müstəqilliyimizin ilk illərində dövlətçiliyimizə qarşı olan təhdidlərdən də danışıb. Bildirib ki, həmin dövrdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızı və dövlətimizi bütün təhlükələrdən və bəlalardan qorudu. Ulu Öndərin memarı olduğu müasir Azərbaycan dövləti quruldu: “Bu gün biz öz ərazi bütövlüyünü və suverliyini təmin etmiş, oğullarımızın qanı, canı bahasına Qarabağa qayıtmış, orada yenidən kəndlər, şəhərlər salan, öz gələcəyinə doğru inamla gedən bir ölkənin qürurlu vətəndaşlarıyıq. Biz bu uğurlara görə öz Ali Baş Komandanımıza, şəhidlərimizə, qazilərimizə, əsgər və zabitlərimizə ömür boyu minnətdarıq. Müstəqilliyimiz əbədi olsun!”. 

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və AMEA-nın 80 illiyinə həsr edilmiş institutlararası mini futbol turnirinin qalibi və Elm və Təhsil nazirliyinin tabeliyində olan elmi müəssisələrin qalibi ilə keçirilən oyunda super kuboku qazanan RSXM-nin futbol komandasının üzvlərinin mükafatlandırılması mərasimi olub.

Qeyd edək ki, artıq bir neçə ildir ki, RSXM-nin futbol komandası AMEA-da Ulu Öndər Heydər Əliyevin anadan olmasına həsr olunmuş futbol çempionatının qalibi olur və bu il isə Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisələrin qalibini də məğlub edərək elmi təşkilatlar arasında keçirilən futbol yarışlarında super kuboku qazanıb. Bu münasibətlə kollektivi və komanda üzvlərini təbrik edən RSXM-nin baş direktoru Qurban Yetirmişli mərkəz əməkdaşlarının bütün sahələrdə aktiv olduqlarını bildirib. 28 May – Müstəqillik Gününün tariximizdə və taleyimizdə müstəsna yeri olduğunu qeyd edən baş direktor RSXM-nin futbol komandasının üzvlərinin qələbəsini yüksək qiymətləndirib: “Bizim əməkdaşlar artıq bir neçə dəfədir ki, AMEA-nın elmi təşkilatları arasında Ulu Öndərimizin doğum gününə həsr olunmuş  futbol çempionatlarında qalib olurlar. Bu il isə həm də super kubok uğrunda yarışdılar və qələbə qazandılar. Bu qələbə kollektivimiz üçün böyük uğurdur”.

Daha sonra komanda heyətinin üzvlərinə medallar təqdim olunub və onlar RSXM-nin baş direktoru tərəfindən “Fəxri Fərman”la təltif olunublar.

Sonda xatirə şəkili çəkilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: