AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və institutun YAP Təşkilatının birgə təşkilatçılığı ilə elmi-tədqiqat müəssisəsinin akt zalında “28 May – Müstəqillik Günü” münasibətilə tədbir keçirilib.
Tədbiri giriş nitqi ilə açan institut direktoru akademik Teymur Kərimli çıxışında tariximizə qızıl hərflərlə yazılmış bu günün təkcə xalqımız üçün deyil, həm də hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs və qürurverici bir gün olduğunu qeyd edib. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdiyini diqqətə çatdıran alim yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunların milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynadığını vurğulayıb. Bildirib ki, Ümummilli lider Heydər Əliyevin qurub yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan Respublikası indi Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, ümumbəşəri dəyərlərə əsaslanaraq demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır.
Açılış nitqindən sonra çıxış üçün söz məruzəçilərə verilib.
Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix e.d., dosent Tahirə Həsənzadə “Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan dili”, elmi katib tarix ü.f.d., dosent Aynur Hacıqədirli “Paris sülh konfransı – Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin tanınması istiqamətində atılan addımlar”, Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi Aytən İmanova “Azərbaycan Cümhuriyyətinin parlamentçilik tarixi”, Biblioqrafiya şöbəsinin böyük laborantı Nəsibə Murtuzayeva isə ““28 May – Respublika Günü” Azərbaycan tarixinin şanlı zəfəri” mövzularında məruzə edib, çıxışlarında çox mürəkkəb şəraitdə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətindən, görkəmli dövlət xadimi, Cümhuriyyətin qurucusu, milli məfkurəmizin formalaşmasında mühüm rol oynayan M.Ə.Rəsulzadənin əməli irsi və mühacir həyatından, Ə.M.Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin Paris sülh konfransına qatılması və konfransın gedişində qarşılaşdığı problemlərdən, Vilsonun “14 prinsipinə” əsaslanaraq hazırlanmış memorandumdan, iri dövlətlərin Azərbaycana münasibətindən, Azərbaycan Demokratik Respublikasının Paris sülh konfransının Ali Şurası tərəfindən de-fakto tanınmasından, nümayəndə heyətimizin əldə etdiyi digər uğurlardan bəhs ediblər. Bildiriblər ki, müstəqil və demokratik Azərbaycan 1920-ci ildə itirdiyi müstəqilliyini məhz xalqın müdrik oğlu, Ümummilli lider Heydər Əliyevin milli iradəsi və siyasi uzaqgörənliyi sayəsində bərpa edib.
Tədbir çərçivəsində iştirakçılar institutun Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin və institut kitabxanasının mövzuya uyğun hazırladıqları, ölkəmizin müstəqillik tarixini özündə əks etdirən nəşrlər, elmi-publisistik materiallar, poster və kitab sərgisi ilə tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.