Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.05.2025 10:18
  • A-
  • A
  • A+

Xalq şairi Rəsul Rzanın 115 illik yubileyinə həsr olunan ədəbi-bədii tədbir keçirilib

Xalq şairi Rəsul Rzanın 115 illik yubileyinə həsr olunan ədəbi-bədii tədbir keçirilib

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Rəsul Rzanın 115 illik yubileyinə həsr olunan ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə ədəbiyyatsevərlər, müəllim və şagirdlər, rayon ictimaiyyəti bir araya gəliblər.

Tədbiri giriş sözü ilə filialın müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq Rəsul Rzanın Azərbaycan ədəbiyyatında tutduğu mövqedən, poeziyamıza gətirdiyi yeniliklərdən danışıb, şairin şəxsiyyəti və yaradıcılığı barədə maraqlı məqamlara toxunub.

Sonra muzeyin elmi işçisi Ülviyyə Yusifova Rəsul Rzanın ədəbi mühiti və sənət dostluqları barədə geniş məruzə ilə çıxış edib. O, şairin ədəbi əlaqələrinin yalnız yaradıcılıqla deyil, həm də mənəvi dostluqlarla zəngin olduğunu vurğulayıb. Məruzəçi çıxışında Rəsul Rza ilə Abdulla Faruq arasındakı yaxın münasibəti xüsusi qeyd edib. Bildirib ki, Rəsul Rzanı məhz Abdulla Faruq ədəbiyyata təşviq etmiş, onun istedadına inam göstərmişdir. Onların bu dostluğu uzun illər davam etmiş, hər iki sənətkarı birləşdirən ortaq dəyərlər – maarifçilik, milli oyanış və yeni əlifba uğrunda mübarizə kimi ideyalar olmuşdur. Hər iki ədibin İkinci Dünya Müharibəsində iştirakı və bu dövrün onların yaradıcılığına təsiri haqqında söylənən fikirlər tədbir iştirakçılarının marağına səbəb olub.

Proqram çərçivəsində Rəsul Rzanın həyat və ədəbi irsini əks etdirən videoçarxlar nümayiş etdirilib. Videoçarxlarda akademik Rafael Hüseynovun Rəsul Rza haqqında söylədiyi fikirlər, şairin yaşayıb-yaratdığı mühit, şəxsi arxivindən görüntülər və ailə üzvlərinin xatirələri diqqətə çatdırılıb.

Tədbirdə məktəblilər tərəfindən Rəsul Rzanın müxtəlif səpkidə şeirləri səsləndirilib, ədibin sözlərinə bəstələnmiş mahnılar təqdim edilib.

Gənclərin poetik duyğuları tədbirə xüsusi emosional aura bəxş edib.

Xalq şairinin şeirlərindən nümunələri Kürdəmir rayon Mədəniyyət mərkəzinin bədii rəhbəri Sahilə Museyibova, Kürdəmir şəhər Məhəmməd Əmin Rəsulzadə adına 2 saylı tam orta məktəb-liseyin şagirdi Mehri Ağazadə, Qacar Sadıqov adına Mollakən kənd tam orta məktəbin şagirdi Behbud Alıyev, Famil Həşimov adına şəhər 3 saylı məktəbin şagirdləri Aylin Kərimli, Afət Qasımzadə yüksək bədii səviyyədə səsləndiriblər.

Sonda qeyd olunub ki, Azərbaycan ədəbiyyatında novator şair kimi şöhrət qazanmış, sərbəst şeirin böyük ustadı Rəsul Rza təkcə poeziyada yenilikçi kimi tanınmayıb, Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparıb, şifahi xalq ədəbiyyatı nümunələrinin toplanılıb nəşr edilməsinə çalışıb, onlardan ustalıqla bəhrələnib. Rəsul Rza poeziyasının nur saçan işığı bu gün də yolumuzu aydınlatmağa davam edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: