Elm və Təhsil Nazirliyi və AMEA-nın Gəncə Bölməsi tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir təşkil olunub.
Əvvəlcə iştirakçılar Ümummilli lider Heydər Əliyevin AMEA-nın Gəncə Bölməsindəki büstünü ziyarət edərək, müasir dövlətçiliyimizin memarı və qurucusunun xatirəsini ehtiramla yad edib, abidənin qarşısına güllər düzüblər.
Dəyirmi masa Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Tədbiri açarkən AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir dövlətçilik strategiyasının onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib və qeyd edib ki, Müzəffər Ali Baş Komandanın qüdrətli dövlət və ordu quruculuğunun təntənəsi kimi, onun rəhbərliyi altında, millətimizin həmrəyliyi və Azərbaycan əsgərinin misilsiz igidliyi sayəsində vətən torpaqlarımızın bütövlüyü bərqərar olunub. O, həmçinin ölkə başçısının Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin dövlətçiliyimizin daha da möhkəmlənməsi üçün böyük əhəmiyyət daşıdığını bildirib.
Sonra dəyirmi masanın məruzələri dinlənilib.
AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini fil.ü.f.d., dos. Əlimuxtar Muxtarov “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi dövründə Ata vəsiyyətindən Suverenliyə!”, AR ETN Nəbatat Bağının şöbə müdiri b.e.d., prof. Aynur Bayramova “Suverenlik ilində xüsusi mühafizə olunan təbiət ərazilərinin rolu - Milli parklar”, AR ETN Bioresurslar İnstitutunun direktoru k.ü.f.d., dos. İmran Qasımov Dövlət suverenliyimiz xalqımızın tarixi mübarizə salnaməsidir”, AR ETN Aqrar Problemlər İnstitutunun direktoru Sədaqət Adıgözəlova “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası “Suverenlik İli”nin hədəfi kimi”, AMEA-nın Gəncə Bölməsinin YAP Gəncə şəhər 2 saylı Ərazi Partiya Təşkilatının sədri Vüsal Eminbəyli “Suverenliyin təməlində diplomatiya: İlham Əliyevin xarici siyasət strategiyası”, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin elmi işçisi Leyla Kərimova Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin siyasi varisidir” və Bölmənin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı “Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında üçtərəfli tarixi zirvə görüşü” mövzularında çıxış ediblər.
Məruzələrdə səslənən fikirlər ətrafında müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.