Mayın 24-də açılışı olan və AMEA-nın Əsas binasının önündəki parkda keçirilən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında (IV LitBookFest) “Elm” nəşriyyatı da öz stendi ilə təmsil olunur.
“Elm” nəşriyyatının stendi həm xüsusi dizaynı, həm də zəngin resursları ilə ziyarətçilərin marağına böyük səbəb olub. Burada “Elm” nəşriyyatında çap olunan müxtəlif kitab və monoqrafiyalar, Azərbaycan elminin inkişafında xidmətləri olan alimlərin biblioqrafik göstəriciləri, konfrans materialları və digər əyani vəsaitlər nümayiş olunur.
Bu gün AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində nümayiş etdirilən “Elm” nəşriyyatının stendi ilə tanış olub.
“Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov AMEA rəhbərinə stend haqqında ətraflı məlumat verərək bildirib ki, burada Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən nəşrlər, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi və yaranma tarixi, elmin inkişaf mərhələləri və əldə olunmuş nailiyyətlərdən bəhs edən kitablar, eləcə də ömrünü elmi yaradıcılığa sərf etmiş, AMEA-nın yaradılmasında və inkişafında əvəzsiz xidmətləri olmuş alimlərin həyat və fəaliyyətləri haqqında ədəbiyyatlar, o cümlədən görkəmli elm xadimləri haqqında biblioqrafiyalar, Məhəmməd Füzulinin 530 illiyi ilə əlaqədar çap olunmuş monoqrafiyalar və Türk dünyası ilə bağlı ümumilikdə 100-ə yaxın kitab sərgilənir.
Qeyd edək ki, Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycanın və Türk dünyasının bir sıra qurumlarının dəstəyi ilə keçirilən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı mayın 31-dək davam edəcək. Festivalın hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.